Dekabrın 6-da Bakı Slavyan Universitetində (BSU) İctimai-Siyasi
Elmlər (Virtual) İnstitutu və Azərbaycanşünaslıq Tədris-Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinski
raboçi" qəzetində dərc edilmiş "Şah İsmayıl Səfəvi ali
məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə
həsr olunmuş elmi seminar keçirilmişdir.
BSU-dan bildirmişlər ki, tədbirdə universitetin rektoru,
professor Kamal Abdullayev çıxış edərək akademik Ramiz
Mehdiyevin yazdığı məqaləni fundamental məsələləri
qaldıran, təkcə öz mövzusu ilə məhdudlaşmayan geniş
mənəvi məkanlara çıxış üçün imkan verən bir məqalə kimi
qiymətləndirmişdir.
Rektor bildirmişdir ki, məqalənin əhəmiyyətini yalnız
Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün olmazdı,
o, bizim XVI əsrdə mənəvi varlığımızın güzgüsü kimi
dəyərləndirilməlidir: "Ramiz Mehdiyev hər zaman olduğu
kimi, bu dəfə də son dərəcə dəqiq, uzaqgörən fikirləri
ilə bizi düşündürür. Məqalə təkcə tarixin, ədəbiyyatın
içindən deyil, eyni zamanda, həmin XVI əsrdən bugünkü
ictimai müstəviyə verilən ismarıcları ilə də
diqqətəlayiqdir".
Kamal Abdullayev qeyd etmişdir ki, Ramiz Mehdiyev
Heydər Əliyev ideyalarının və müasir azərbaycançılıq
ideologiyasının həyata keçirilməsində öndə gedən
alimlərdən, dövlət xadimlərindən biridir. Bu məqalənin
yazılışı həm nəzəri boşluğu, həm də Şah İsmayıl Xətai
kimi tarixi şəxsiyyətlərlə bağlı praktik boşluğu
doldurur. Xüsusilə, Şah İsmayılın və Heydər Əliyevin öz
dövrləri üçün etdiklərini paralel şəkildə müqayisə
edərkən məqalənin ideoloji qatı bir daha açılır. Mən çox
şadam ki, bizim dövlətimizin rəhbərliyində bu cür nəzəri
və praktik fikri birləşdirən, dünyagörüşü, elmi
intuisiyası, eyni zamanda, elmi üslub və dəqiqliyi ilə
seçilən şəxsiyyət vardır.
Tədbirdə çıxış edən professor E.Nəcəfov, tarix elmləri
namizədi Ə.Əhməd, tarix üzrə fəlsəfə doktoru S.Talıblı,
F.Həsənov və digərləri məqalənin elmi əhəmiyyəti ilə
yanaşı, siyasi əhəmiyyətinin vacibliyini də bir daha
vurğulamışlar. Bildirilmişdir ki, bu məqalə bizi öz
dəyərlərimizi bir vətənpərvər kimi yenidən əxz etməyə
çağırır.
Xatırladaq ki, akademik R.Mehdiyev Səfəvilər dövlətinin
yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi
meyarlarla təqdim edilmədiyini vurğulamışdır. Eyni
zamanda, bu problemi işıqlandırmaq məsuliyyətini öz
üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox
hallarda qərəzli və subyektiv xarakter daşıdığını
bildirmişdir. Məhz bu fikir ətrafında müzakirə aparan
iştirakçılar da xüsusi vurğulamışlar ki, "Azərbaycan
tarixinin şanlı səhifələri təhrif olunmamalıdır!".
Sonda Kamal Abdullayev mövzunun fakültə elmi
şuralarında müzakirə olunmasını tövsiyə etmişdir.
AzərTAc |