19-28 noyabr 2012-ci il tarixlərində Zərdab rayonunda
Azərbaycanın görkəmli ziyalısı, ilk universitet
təhsilli alim və müəllimi, Azərbaycan mətbuatının banisi
Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmiş ənənəvi
VIII Respublika şahmat turniri keçirilmişdir.
Turnirdə 18 şəhər və rayonun 100-dən çox şahmatçısı
mübarizə aparmışdır. Turnir İsveçrə sistemi üzrə
keçirilmiş və 9 tur oynanılmışdır. Beş yaş qrupu üzrə
oğlanlar və qızlar arasında qaliblər müəyyən edilmişdir.
Şamaxı şahmatçıları turnirdə uğurla çıxış etmişdir.
Ardıcıl 5 qələbə qazanan şəhər 2 nömrəli tam orta
məktəbin VIII sinif şagirdi Saleh Abdulrəhmanov tək
liderliyə yüksəlmişdir. Altıncı turda sinif yoldaşı,
daimi idman rəqibi Niyaz Məmmədova məğlub olaraq
liderliyi əldən vermişdir. N.Məmmədov turnirin sonuna
kimi liderliyini saxlamış və 9 turdan 8 xal (iki
heç-heçə, 7 qələbə) toplayaraq ümumi turnirin
qalibi olmuşdur. Niyaz həm də 14 yaşlılar arasında
birinci olmuşdur. Bu yaş qrupunda digər Şamaxı
şahmatçısı şəhər 1 nömrəli tam orta məktəbin VIII
sinif şagirdi Ülvi Xudiyev 7 xal ilə II-III
yerləri bölüşmüşdür. Həmin yaş qrupunda digər Şamaxı
şahmatçısı Saleh Abdulrəhmanov 6.5 xal ilə IV yeri
tutmuşdur.
10 yaşa qədər şahmatçılar arasında da Şamaxı
şahmatçısı, şəhər 9 nömrəli tam orta məktəbin IV
sinif şagirdi Mənsur Sərxanov rəqiblərini məğlub
edərək 6 xal toplayaraq birinci yeri tutmuşdur.
Şamaxı Avropa liseyinin V sinif şagirdi Asim Sərxanov da
uğurla yarışmış, yalnız son turda Şamaxı şahmatçısı
Ülvi Xudiyevə məğlub olaraq 6 xal ilə IV yeri
tutmuşdur.
Qaliblərə diplomlar və xüsusi mükafatlar təqdim
edilmişdir.
Bir qədər əvvəl Bakı şəhərində keçirilən şahmat
məktəbləri komandalarının Respublika birinciliyinin
finalında çıxış edən Şamaxının oğlanlardan ibarət
komandası da uğurla yarışmış və 66 şahmat məktəbi
arasında V yeri tutmuşdur.
Asif AĞAYEV,
Şamaxı Şahmat məktəbinin direktoru, əməkdar
müəllim |