Azərbaycan Rəssamlıq Akademiyasında Daun sindromlu
uşaqların rəsm və əl işlərindən ibarət "Biz günəşin
şəfəqləriyik" mövzusunda sərgi açılıb. Sərgi BMT-nin
"Uşaq hüquqları haqqında" Konvensiyasının Azərbaycan
hökuməti tərəfindən ratifikasiya olunmasının 20 illiyinə
həsr olunub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova dövlət uşaq siyasətindən danışaraq xüsusi
qayğıya ehtiyacı olan uşaqların hər zaman diqqət
mərkəzində olduğunu diqqətə çatdırıb. Uşaqların rəsm və
əl işlərini yüksək qiymətləndirən H.Hüseynova sərginin
uşaqların daxili aləminin zənginliklərini təcəssüm
etdirdiyini vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin
rəhbəri Mark Herevard, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru Ömər Eldarov ölkədə uşaqlara
göstərilən dövlət qayğısından danışaraq Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın bu sahəyə diqqətini xüsusi
vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, ölkədə
uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsi,
təhsili, tərbiyəsi daim Fondun diqqət mərkəzindədir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası
daim prioritet məsələ kimi diqqətdə saxlanılır.
Sifai SƏFƏROVA |