Bu
günlərdə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Xurşidbanu Natəvanın anadan
olmasının 180 illik yubileyi ilə əlaqədar Bakıdakı 129
nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbir sanki
Natəvanın Qarabağda təşkil etdiyi "Məclisi-üns" ədəbi
məclisini xatırlatdı. Bir çox əlamətdar tədbirlərin
şahidi olduğu akt zalının pərdəsi ölməz "Qarabağ
şikəstəsi"nin sədaları altında açıldı və gözlərimiz
önündə səfalı yurdumuz Qarabağ, onun torpağında gəzmiş,
suyundan içmiş, havasından udmuş, mənəvi qida almış,
incə ruhlu qəzəlləri ilə ədəbiyyatımızı rövnəqləndirən
Natəvanın şəkilləri canlandı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Samir
Mehdizadə açaraq bu işdə əməyi olan müəllimlərə -
Səfurə Hüseynova, Sevda Alıyeva və Gülnar Mikayılovaya
pedaqoji kollektiv adından minnətdarlığını bildirdi. O,
Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı barədə
iştirakçıları məlumatlandırdı. Söz şagirdlərə verildi.
Onların səhnədə ifaları bir-birini əvəz etdikcə
Xurşidbanu Natəvanın sənətkarlığı, mövzuların həyatla
bağlılığı, elinə, obasına məhəbbəti, qayğısı,
fədakarlığı bizə bir insanın sevincli və kədərli həyat
tarixcəsini xatırlatdı. Məktəbin X "c" sinif
şagirdi-şeir müsabiqəsinin qalibi Məryəm Mahmudovanın
yaratdığı obraz ilə, IX "d" sinif şagirdi Səltənət
Məmmədlinin çəkdiyi rəsm əsəri şairənin mənəvi aləmini,
iç dünyasını çox canlı vəhdətdə nümayiş etdirdi. Hər bir
şagird öz ifasında Xan qızının sənət aləmi, xalqına olan
sevgisi, şəxsi həyatındakı nisgilli, Qarabağ
torpaqlarının əzəməti haqqında məlumat verdi.
Ədəbi-bədii gecə VIII "c" sinif şagirdi Fərid Abışovun
ifasında "Qarabağ" mahnısı ilə tamamlandı. Şagirdlər bu
tədbirdə həm görkəmli şairəmizi yad etdilər, həm də
qəlbində Qarabağ dərdi olan xalqımıza çatdırmaq
istədilər ki, belə övladları olan Vətən heç vaxt düşmən
tapdağı altında qala bilməz.
Rəşad ZİYADOV |