Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Təlimin forma və metodlarının düzgün seçimi dərsin səmərəsini artırır

 

Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar bu sahənin getdikcə inkişaf edən, dövrün tələblərinə cavab verən bir sistemə çevrilməsinə səbəb olmuşdur. İslahatlardan əldə olunan səmərənin ən mühüm göstəricilərindən biri isə, mənim fikrimcə, təhsil sisteminin irəlicədən müəyyən olunmuş şəkildə deyil, daim lazım gələn eksperimentlər aparmaq, ortaya çıxan problemlər və yanlışlıqları araşdıraraq operativ aradan qaldırmaqla inkişaf etdirilməsidir.

Məhz bu xüsusiyyət təhsildə təzə qəbul olunan və tətbiq edilən hər şeyə yaradıcı şəkildə yanaşmağı, təcrübədə özünü doğrultmayan yeniliklərdən vaxtında sərf-nəzər etməyi, bir sözlə, daim innovativ düşüncə ilə yaşamağı tələb edir.

Bu tələb islahatların nəticələri olaraq təhsilin təşkilinin forma, metod və üsullarında özünü göstərən yeniliklərə də aiddir. Diqqətəlayiq haldır ki, son illər təhsilimizin məzmununda aparılan yeniləşmə tədbirləri təlim-tədris sahəsinə də xeyli yenilik gətirmiş, təlimin əsas təşkilat forması olan dərsə yanaşmalar dəyişmiş, dərsin öyrədicilik funksiyasını asanlaşdıran, dərsi maraqlı və dinamik edən, şagirdləri daha da fəallaşdıran, müəllimi daim yenilik axtarışına sövq edən fəal interaktiv təlim metod və üsulları geniş tətbiq olunmağa başlanmışdır.

Lakin son illər təcrübəli və yaradıcı müəllim kimi müşahidələrim, həmkarlarımla söhbətlər göstərir ki, bəzi hallarda istər müasir dərsin iş formalarının, istərsə də fəal interaktiv təlim metod və üsullarının tətbiqində bir sistemsizlik, müəllim özfəaliyyəti, bu forma və üsulların seçilməsinə verilən pedaqoji-metodik tələblərin gözlənilməməsi halları hiss olunur.

Mövcud metodik ədəbiyyatda, yeni kurikulumların tətbiqi ilə bağlı təşkil olunan təlim kurslarında qeyd olunur ki, müasir dərsdə iş forma və üsulları seçilərkən iki əsas cəhət - sinfin səviyyəsi  və dərsin məqsədi mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalı digər məsələlər də var. Məsələn, məktəbin maddi-tədris bazası, İKT imkanları, tədris resursları və s. Lakin xüsusi qeyd olunan iki amil bu baxımdan daha aparıcıdır. Çünki sinfin, şagirdlərin səviyyəsinə və dərsin mövzusuna uyğun seçilməyən iş forma və üsulları gözlənilən səmərəni vermir və verə də bilməz. Bəzən müəllimlər bunu nəzərə almır, fəal təlim üsullarından daha çox istifadə etməyə çalışırlar.

Hazırda təcrübədə fəal dərsin böyük və kiçik qruplarla, cütlərlə iş formalarından istifadə edilir. Bəzən bu formalar yerində tətbiq olunur, bəzən isə yerinə düşmür. Məsələn, riyaziyyat dərslərində ənənəvi sinif - dərs forması, yəni bütün siniflə iş daha məqbul olduğu halda, bir çox müəllimlər qruplarla işə üstünlük verirlər. Siniflə iş zamanı müəllim eyni zamanda bir neçə istiqamətdə iş qura bilir, bir neçə şagird yazı taxtasında verilmiş tapşırığı həll edir, yerlərində əyləşənlər müstəqil iş üzərində işləyir, müəllim növbə ilə bir neçə şagirdlə müsahibə aparır, şagirdlərə yazı taxtasında işləyən yoldaşlarını izləmək, səhvlərini müəyyənləşdirmək tapşırığı verilir və beləliklə, bütün şagirdlərin işə qoşulması təmin olunur. Qruplarla işdə isə bu səmərəni əldə etmək çətindir. Bu formanın  bir çox üstünlüyü ilə yanaşı, bir çatışmayan cəhəti də vardır ki, bu da qrupda verilən tapşırığın əsasən fəal şagirdlər tərəfindən yerinə yetirilməsi, nisbətən zəif şagirdlərin bu prosesdən kənarda qalmasıdır.     

Təcrübə onu da göstərir ki, qruplarla iş daha çox yuxarı siniflərdə səmərəli nəticə verir. Çünki yuxarı sinif şagirdləri verilən hər hansı bir məsələ üzərində kollektiv fikirləşə bilmək, onu müzakirə etmək, müzakirə zamanı hamının fikrini öyrənmək və onları ümumiləşdirib ifadə etmək qabiliyyətlərinə malik olurlar, ibtidai siniflərdə isə bu bir qədər çətindir. Təcrübə göstərir ki, ibtidai siniflərdə kiçik qruplarla və cütlərlə iş daha səmərəlidir.

Burada bir məsələni də qeyd edək ki, dərsin təşkilinin çoxlu qeyri-ənənəvi forması olsa da, nədənsə, onlara müəllimlərimizin təcrübəsində az rast gəlinir. Halbuki, dərs-dialoq, dərs-tapmaca, dərs-konfrans və s. kimi iş formaları yerində seçilib tətbiq olunanda daha səmərəli nəticə verir.

Elə interaktiv təlim üsulları var ki, onlardan bütün dərs boyu istifadə etmək mümkündür. Elələri də vardır ki, dərsin konkret bir mərhələsində istifadə etmək olar. Məsələn, əqli hücum, müsahibə kimi üsulların dərsin hər mərhələsində tətbiqi mümkündür. BİBÖ, krossvord, müstəqil iş və s. kimi üsullar isə dərsin tətbiq, biliklərin yoxlanılması mərhələlərində yaxşı səmərə verir.

İbtidai siniflərdə debat, mübahisə, dialoq kimi üsullar gözlənilən effekti vermir. Çünki şagirdlər mahiyyəti tuta bilmir, nəticədə debat, mübahisə düzgün cavabı, axtarılan həqiqətin  üzə çıxmasını təmin etmir. Yuxarı siniflərdə isə əksinə, bu üsulların tətbiqi səmərəli olmaqla şagirdlərdə məntiqi təfəkkürun, hər hansı məsələ barədə öz mövqeyini bildirməklə onu müdafiə etmək qabiliyyətini, mübahisə edə bilmək mədəniyyətini inkişaf etdirən vasitələrə çevrilir.

Əlbəttə, mən bütün bu deyilənləri özüm də dərslərimdə nəzərə almağa çalışır, buna görə də daim yaradıcı axtarışlar aparıram. Bu fikirdəyəm ki, təlimin forma və üsulları yalnız düzgün seçilib tətbiq olunduqda istənilən səmərəni verə bilir. 

Rəmziyyə BABAYEVA,
Bağça-Məktəb-Lisey  Kompleksinin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov