Dekabrın
1-də Zərdab Rayon Təhsil Şöbəsində "Müasir mərhələdə
fəal interaktiv ədəbiyyat dərslərinin təşkili:
reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik
konfrans keçirilib.
Konfransı giriş sözü ilə Zərdab Rayon Təhsil Şöbəsinin
müdiri, filologiya elmləri doktoru Baba Babayev açaraq
bildirib ki, müasir dərsi yaddaqalan edən faktlar
çoxdur. Təlimdə interaktivlik şagirdi öyrənməyə
istiqamətləndirən, onlarda tədqiqat bacarıqlarını,
əməkdaşlığı inkişaf etdirən bir vasitədir. Dərsin
əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması
ilə fərqlənir. Dərs o zaman fayda gətirir ki,
şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun,
onları diskussiyaya girməyə, mövzuya və materiala uyğun
hərəkətə sövq etsin. İnteraktiv təlim metodu digər
fənlərdə olduğu kimi, Azərbaycan dili və ədəbiyyatın
tədrisində də müəllimdən bir çox ənənəvi üsullara
yenidən baxılmasını tələb edir. Bizcə, müstəqil düşünən,
informasiya toplayan və fikirlərini əsaslandırmağı,
yaradıcılıqla tətbiq etməyi bacaran, təşəbbüskar,
bacarıqlı gənclərin tərbiyəsi hər bir fənn müəlliminin,
o cümlədən dil-ədəbiyyat müəlliminin amalı və
məqsədidir.
"Müasir mərhələdə fəal interaktiv ədəbiyyat dərslərinin
təşkili: reallıqlar və perspektivlər" mövzusunda məruzə
ilə AMİ-nin dosenti Bilal Həsənli çıxış edərək
interaktiv ədəbiyyat dərslərinin tədrisində mövcud
uğurlar, çətinliklər və onların aradan qaldırılması
yolları barədə 250 nəfər müəllimin iştirak etdiyi
konfransda çoxillik pedaqoji təcrübəsinə istinadən
mülahizələrini söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, BDU-nun
müəllimi, tənqidçi Arif Əmrahoğlu isə "Ədəbiyyat
dərslərində bədii mətn və interaktiv metod" mövzusunda
məruzəsində ədəbiyyatın tədrisində nəzəri məsələlərin
qoyuluşu, problemləri və həlli yolları istiqamətində
toplantı iştirakçılarına geniş məlumat verib.
Rayonun qabaqcıl Azərbaycan dili və ədəbiyyat
müəllimləri Cəvahir İsmayılova, Gülbağça Nəbiyeva, Qalib
Məhəmmədov, Seymur Tağıyev və Aliya Rüstəmova
çıxışlarında konfransda qaldırılan problemli məsələlərə
öz münasibətlərini bildiriblər.
B.Babayev konfransı yekunlaşdıraraq bildirib ki, Təhsil
Nazirliyinin məktəb rəhbərləri və pedaqoji kollektivlər
qarşısında qoyduğu ümdə vəzifələr günümüzün vacib və
aktual məsələləri kimi mütəmadi həllini tapmalıdır və
belə aktual mövzuların digər fənlər üzrə də keçirilməsi
məqsədə müvafiqdir.
Rəfi RƏFİYEV,
Zərdab RTŞ-ın aparıcı məsləhətçisi |