Noyabrın
30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük
sənətkar Hüseyn Cavidin 130 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi. ADPU-nun filologiya
fakültəsinin dekanı, filologiya elmləri doktoru,
professor Buludxan Xəlilov çıxış edərək tədbirin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
"Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi
haqqında" 2012-ci il 16 fevral tarixli sərəncamına
əsasən təşkil edildiyini diqqətə çatdırdı.
B.Xəlilov H.Cavidin Azərbaycan dramaturgiyası və realist
ədəbiyyatının inkişafındakı xidmətlərindən danışdı.
Bildirdi ki, cavidsevərlər, onun yaradıcılığına
yaxından bələd olanlar bilirlər ki, islami dəyərlərə
sadiq olan, öz qələmi, düşüncəsi və məfkurəsi ilə
türkçülüyə xidmət edən H.Cavid son ana qədər türkçülük
ideologiyası uğrunda mübarizə aparmışdır. O, türklərin
tarixini, bütövlükdə bəşəriyyəti düşünür, cəmiyyətin
nicat yolunu axtarırdı. Bu mənada H.Cavid yalnız
Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının
görkəmli nümayəndəsidir.
Sonra ADPU-nun elmi işlər üzrə prorektoru, professor
Vilayət Əliyev, Azərbaycan və dünya ədəbiyyatı tarixi
kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor Himalay Qasımov, həmin kafedranın müəllimi,
filologiya elmləri doktoru Ramin Əhmədov, şair Oqtay
Rza Hüseyn Cavidin yaradıcılığı və fəaliyyətindən söz
açdılar.
Tədbirdə filologiya fakültəsi tələbələrinin ifasında
H.Cavidin ədəbi irsindən nümunələr oxundu və
əsərlərindən müəyyən hissələr söylənildi.
Tədbir diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |