Bakı
Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının
müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin
jurnalistikası tarixi" dərsliyi 40 çap vərəqi (640
səhifə) həcmində nəfis şəkildə çapdan çıxmışdır. Həmin
kurs jurnalistika təhsili sistemində ixtisas fənlərinin
tərkibində xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də
universitetlərin jurnalistika fakültələrində, filologiya
fakültələrinin və ya digər humanitar fakültələrin
jurnalistika şöbələrində bu fənn bakalavr pilləsində
tədris olunur. Kursun vəzifəsi dünyanın müxtəlif
ölkələrində keçmişin mədəni irsində mətbuatın
əhəmiyyətini, ideya-siyasi və ədəbi mübarizədə onun
rolunu, inkişaf etdirilməsi sahəsində qazanılmış
nailiyyətləri aşkara çıxarmaqdır. Kurs mətbuatın
yaranması və inkişafı tarixini lap qədimdən XX əsrin
axırlarınadək izləmək, inkişafın qanunauyğunluqlarını
göstərmək, qədim Yunanıstan və Romadan tutmuş
Almaniyanın, İngiltərənin, Fransanın, İtaliyanın,
İspaniyanın, Portuqaliyanın, Amerika Birləşmiş
Ştatlarının, Rusiyanın, Türkiyənin ən mühüm dövri
nəşrlərinin istiqamət və məzmununu işıqlandırmaq yolu
ilə tələbələri qəzet-jurnalların inkişaf dinamikası,
dünya mətbuatının ən görkəmli publisistləri və
jurnalistlərinin əsərləri, onların sənətkarlıq
xüsusiyyətləri ilə tanış edir. Mühazirələrdə Asiyanın və
Afrikanın ərəb ölkələrinin, Hindistanın, Çinin və
Yaponiyanın mətbuat tarixi də əks etdirilir.
Sovet dövründə imperiyanıın bütün universitetlərində
olduğu kimi, Azərbaycan Dövlət Universitetinin əvvəllər
filologiya fakültəsinin jurnalistika şöbəsində, şöbə
fakültəyə çevrildikdən sonra isə jurnalistika
fakültəsində yalnız xarici ölkələrin kommunist və fəhlə
partiyalarının mətbuatı öyrənilir, inkişaf etmiş
ölkələrin əsas mətbuatı isə burjua mətbuatı adı altında
kənarda qalırdı. Kommunist ideologiyasının təbliği ilə
məşğul olan "Humanite" və "Unita" qəzetlərinin "kasıb"
tarixinin öyrənilməsi okeandan götürülmüş bir damla kimi
Fransa və İtaliya mətbuatının öyrənilməsinə "xidmət"
xüsusiyyəti daşıyırdı. Marksist, bolşevik, partiya -
sovet mətbuatı tarixinin öyrənilməsi əsl mətbuat
tarixinin öyrənilməsinə xidmət etmirdi. Azərbaycan
jurnalistikası tarixi də marksizm-leninizm
metodologiyası əsasında öyrənildiyindən tələbələrin
biliyinin səthiliyi, məhdudluğu ilə nəticələnirdi.
Ölkəmizin müstəqilliyini bərpa etməsi, dünyada baş verən
qlobal dəyişikliklər bu cür məsələlərə yeni münasibət
bəslənilməsini tələb etmişdir. İndi Azərbaycanda
fəaliyyət göstərmiş bütün siyasi partiyaların mətbuat
tarixinin obyektiv öyrənilməsi və tədqiqi diqqət
mərkəzindədir. Bu, xarici ölkələrin jurnalistikası
tarixinin öyrənilməsinə də bütünlüklə şamil edilir.
Həmin kursla bağlı materiallar xeyli genişlənmiş,
vaxtilə "müəmmalı" görünən, daha doğrusu, açıqlanması
"xatalı" hesab edilən məqamlara aydınlıq gətirilmiş, XIX
əsr Türkiyə jurnalistikasını mətbuatın karikaturası
adlandıran rus tədqiqatçıları indi həmin nəşrlərin
ölkənin ictimai-siyasi həyatında böyük rolundan
danışırlar.
"Xarici ölkələrin jurnalistikası tarixi" kursu ali
məktəblərimizdə çoxdan tədris edilsə də, indiyədək
Azərbaycan dilində fənnin dərsliyinin və ya dərs
vəsaitinin olmaması təəssüf doğurur. Doğrudur,
alim-jurnalist Cahangir Məmmədli bir neçə il əvvəl
bir-birinin ardınca çap etdirdiyi yazıyla üç fundamental
kitabında yeri gəldikcə xarici mətbuat məsələlərinə də
toxunmuş, təcrübəli pedaqoq Akif Rüstəmli
"Jurnalistika" kitabında xarici mətbuat tarixinin bəzi
məqamlarından qısaca da olsa bəhs etmişdir. Nəsiman
Yaqublunun və Akif Rüstəmlinin 2007-ci ildə beynəlxalq
təşkilatlardan birinin maliyyə dəstəyi ilə işıq üzü
görmüş "Xarici ölkələrin jurnalistikası" kitabı əsasən
Qərb mətbuatı haqqında ensiklopedik bilik verir. 1997-ci
ildə nəşr olunmuş "Xarici ölkələrin kütləvi informasiya
vasitələri" kitabı ondan on bir il əvvəl, yəni 1986-cı
ildə Moskvada çıxmış məlumat kitabının - "Xarici
mətbuat"ın tərcüməsidir.
Yeni dərslik müəllifinin haqlı olaraq yazdığı kimi,
"bütün bunlar dünya mətbuatını öyrənən tələbələr,
dissertantlar, doktorantlar, müəllimlər, elmi işçilər
üçün əhəmiyyətlidir, lakin xarici ölkələrin
jurnalistikası, xüsusilə də mətbuat tarixi haqqında
sistemli və elmi şəkildə məlumat çatdırmaq iqtidarında
deyildir və çox yaxşı məlumdur ki, gələcəkdə
jurnalistikamızın inkişafında böyük rol oynayacaq
tələbələrimizin yüksək səviyyəli mütəxəssislər kimi
yetişmələri üçün xarici ölkələrin jurnalistikası
tarixini bilmələri və yeri gəldikcə beynəlxalq
təcrübədən istifadə etmələri vacibdir".
"Xarici ölkələrin jurnalistikası tarixi"ni yazmaq o
qədər də asan deyildir. Belə bir faktı nəzərə çatdırmaq
yerinə düşərdi ki, xarici ölkələrin mətbuat tarixi ilə
bağlı çoxlu əsərlər və kitablar çap edilsə də, nə
Rusiyada, nə Türkiyədə, nə də Azərbaycanda bütün
dövrləri əhatə edən dərslik yaradılmışdır.
Professor Həmid Vəliyev ağır yükün altına girməyə
cəsarət tapmağa çalışmış, bu kursun bir çox
proqramlarına baxmış, Moskva Dövlət Universiteti
jurnalistika fakültəsinin "Xarici ölkələrin mətbuat və
ədəbiyyat tarixi" kafedrasının və Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu beynəlxalq
jurnalistika kafedrasının hazırladığı "Xarici ölkələrin
jurnalistikası tarixi" kursunun proqramları üzərində
dayanmağı məsləhət bilmişdir.Yenicə işıq üzü görmüş
"Xarici ölkələrin jurnalistikası tarixi" dərsliyi məhz
həmin iki məşhur ali məktəbin sahə ilə bağlı hazırladığı
proqramların mənimsənilməsi və onların sintezi əsasında
hazırlanmışdır. Proqramın tərtibində və dərsliyin
hazırlanmasında xarici ölkələrin mətbuatı ilə bağlı
Türkiyədə nəşr olunmuş kitabların bəzi məqamlarından da
istifadə edilmişdir. Dərslik Təhsil Nazirliyinin 2009-cu
il 9 yanvar tarixli 08 saylı əmri ilə fənn proqramı kimi
çap olunmuş sənədin bütün tələbləri nəzərə alınmaqla 14
fəsildə işlənmişdir.
Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək olan
müddətdə dünya jurnalistikası tarixindən xronoloji
ardıcıllıqla bəhs edilir, kütləvi informasiya
vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən
keçirilir, müxtəlif ölkələrin və xalqların sosial və
qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri və ümumi
inkişaf meylləri göstərilir.
Dərslik universitetlərin jurnalistika fakültələrinin,
filologiya fakültələrinin və humanitar fakültələrin
jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant
və doktorantlar, xarici ölkələrin jurnalistikası
tarixini tədris edən müəllimlər, habelə dünya
jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə
tutulmuşdur.
Bütün bunları deməkdə məqsədimiz müəllifin təsadüfi
olmadığını nəzərə çatdırmaqdır. Axı, hamıya yaxşı
məlumdur ki, dərslik yazmaq asan iş deyildir.
H.Vəliyevin bu dərsliyi son 20 illik zəhmətinin,
pedaqoji fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə
bilər.
Dərslikdə jurnalistika tarixinin ən mühüm məqamlarına
yeni, müasir dövrün tələblərinə uyğun gələn münasibət
mövcuddur.
İndiyədək belə bir fikir vardı ki, ilk çap dəzgahını
çinlilər yaratmışlar və bu fikirlə, demək olar, bütün
tədqiqatçılar razılaşırdılar. Keçmiş SSRİ məkanında hamı
bu fikri bölüşür, çinliləri çap işinin baniləri hesab
edirdilər.Lakin sonrakı tədqiqatlar göstərdi ki, ilk çap
dəzgahını türkdilli xalqlardan olan uyğurlar icad
etmişlər. Buna baxmayaraq, avropalılar İohann
Qutenberqin kəşf etdiyi çap maşını sayəsində ön sıraya
çıxmış və informasiya məkanının fəthində mühüm rol
oynamışlar. Dərslik müəllifi qeyd edir ki, Qutenberqin
yaratdığı çap sənəti müxtəlif ölkələrə səfər edən alman
ustaları vasitəsilə XV əsrin ikinci yarısında İtaliyada,
Fransada və İspaniyada yayılmış, 1458-ci ildə
Strasburqda, 1464-cü ildə Romada, bundan beş il sonra
isə Venediqtdə mətbəələr qurulmuş və fəaliyyətə
başlamışdır. Müəllif yeni bir faktı nəzərə çadıraraq
göstərir ki, alman arxeoloqu Helmut Bossert tarix
məsələlərinə həsr edilmiş konqresdə demişdir ki, Pi-Şenq
adlı çinli dəmirçi Çin hərflərini metaldan
hazırlamışdır. Beləliklə,ilk mətbəənin kəşfinin
almanlara deyil, çinlilərə məxsus olduğu fikri meydana
çıxmışdır. Pi-Şenqin mətbəə hərflərini metaldan
hazırlaması sadəcə olaraq çap sənətinin inkişafını
göstərməkdədir.Tarixdən bizə məlumdur ki, metal
hərflərdən istifadə edilməsindən əvvəl taxtadan hərflər
hazırlanmış və bunlardan çap işində istifadə edilmişdir.
Dərslik müəllifi bu fikri söylədikdən sonra ortaya belə
bir sual çıxdığını qeyd etmişdir: "Bəs taxta hərflərdən
istifadə edilməsi ilə kimlər məşğul olmuşlar?". Müəllif
dünyada bu sahədə aparılan tədqiqatlara əsaslanaraq
yazır: "Bu cür adamların Çin ölkəsində və ya Çinə qonşu
olan bir ölkədə yaşaması barəsində fikir söyləmək
məntiqə tamamilə uyğundur. Araşdırmalar göstərir ki,
belə bir xalq uyğurlar olmuşlar. O da məlumdur ki,
uyğurlar VIII-IX əsrlərdə Türküstanda hegemon olmuşlar.
Müəllif fikrini təsdiq etmək üçün sonralar uyğur
dövlətinin qırğızlar və monqollar tərəfindən aradan
qaldırıldığını göstərir, monqolların uyğurların daha
yüksək mədəniyyətlərinə yiyələndiklərini və bunu digər
ölkələrin uzaq guşələrinə yaydıqlarını qeyd edir. Çinin
qərb əyaləti olan Kan-Suda yüz il əvvəl üstü divarla
örtülü bir mağara tapılmışdır. Helmut Bossertə görə, bu
mağarada taxtadan hazırlanmış bir neçə uyğur mətbəə
hərfinin aşkar edilməsi böyük əhəmiyyətə malikdir.
1209-cu ildə Çingiz xanın istilası ilə əlaqədar bu
mağara xəzinəsinə divar çəkildiyi ehtimal olunur. Əgər
belə isə, burada tapılan mətbəə hərflərinin 1209-cu
ildən daha əvvələ aid olduğu müəyyənləşdirilir.
Dərslikdə oxuyuruq: " Bəs çap sənəti Almaniyaya necə
daxil olmuşdur?". Bu sualın cavabını da dərslikdə
tapırıq: "Monqollar 1241-ci ildə Almaniyanı istila
etdikdə özləri ilə birlikdə çap olunmuş kitablar, eyni
zamanda çap sənətinin sirlərini gətirmiş, taxta
qəliblərlə çap üsulunu almanlara öyrətmişlər. Beləliklə,
cəsarətlə demək olar ki, Qutenberq çap maşınını ixtira
edənə qədər 200 il keçmiş və bu dövr ərzində çap
sənətinin daha da təkmilləşdirilməsi tələbi meydana
çıxmışdır. İ.Qutenberq məhz belə bir təkmilləşdirməyə
nail olmuşdur.
Dərslik 14 fəsildən və çoxlu yarımfəsillərdən ibarətdir.
I fəsil "Kütləvi informasiyanın tarixi təşəkkülündə əsas
anlayışlar və kateqoriyalar" adlanır. Bu fəsildə
"informasiya", "kommunikasiya", "publisistika",
"jurnalistika", "təbliğat" anlayışlarının məzmununda
idarəetmə funksiyaları, onların yaranması və məzmununun
tədrici inkişafı, kökləri və müasir əhəmiyyəti
məsələlərindən bəhs edilir, "Şifahi publisistika"
yarımfəslində ritorika haqqında söhbət aşılır,
ritorikanın natiqlik sənəti, daha geniş mənada isə bədii
nəsr haqqında elm olduğu gostərilir. Müəllif antik
dövrdə şifahi nitqin necə böyük rol oynadığını qeyd
edir, məşhur natiqlərin, o cümlədən Ərəstunun, Lisinin,
İsokratın, Demosfenin, Siseronun həyat və
fəaliyyətlərinə nəzər yetirir, İsokratın
"mədhiyyə"sindən geniş söhbət açır. Burada qoyulan
məsələ təkcə həmin dövr üçün deyil, müasir dövr üçün də
son dərəcə aktualdır, çünki İsokrat burada Elladanın
parçalanmasına qarşı çıxır, qarşılıqlı ədavətə son
qoymağı məsləhət görür, ölkəsini böyük bəlalara düçar
edən müharibələri vətənindən uzaqlaşdırmağı tövsiyə
edir: "Bizi boğub məhv edən müharibəni Avropadan Asiyaya
keçirsək, Asiyanın xəzinəsini isə mənimsəsək, bizi nə
qədər böyük xoşbəxtliyin gözlədiyini özümüz görərik".
II fəsil Almaniyada mətbuatın yaranması və inkişafı
məsələlərinə həsr edilmişdir. Burada İohann Qutenberqin
çap maşınını ixtira etməsindən sonra ölkədə informasiya
yayılmasının ən mühüm vasitəsi olan qəzetlərin meydana
çıxması tarixi tutarlı faktlar əsasında verilmiş, ilk
mətbuat orqanlarından ətraflı bəhs edilmişdir. Bu
fəsildə XIX əsr mətbatına da xüsusi diqqət yetirilmiş,
ölkədə partiya mətbuatının meydana çıxmasından bəhs
edilmişdir.
Müəllif haqlı olaraq qeyd edir ki, mart inqilabı
ərəfəsində Almaniyada mətbuatın inkişaf zirvəsi 1845-ci
il olmuşdur. Həmin il ölkədə 454 qəzet və jurnal nəşr
edilirdi ki, bunun da 42-si siyasi istiqamətli idi.
XIX əsr Almaniya mətbuatı haqqında danışarkən ölkənin
ilk imperatoru Otto fon Bismarkı xatırlamamaq mümkün
deyildir. Yüksək təhsilli insan və mahir natiq olan
Bismark mətbuatın necə qüvvə olduğunu yaxşı bilir,
dövlətin problemlərinin həllində qarşısına qoyduğu
vəzifələrin icrasında, irəli sürdüyü ideyaların
reallaşdırılmasında bu qüvvədən bacarıqla istifadə
edirdi. Almaniyanın və Türkiyənin mətbuat tarixində bu
dövrlə, Bismarkın jurnalistika ilə, türk qəzeti
"Bəsirət"lə bağlı çox maraqlı faktın mövcudluğunu nəzərə
çatdıran dərslik müəllifi yazır ki, 1869-cu il yanvarın
22-dən İstanbulda işıq üzü görən fikir qəzeti
"Bəsirət"in redaksiyasında 1870-ci ildə fransız-alman
müharibəsinin başlanması ilə əlaqədar müşavirə keçirildi
və jurnalistlərdən Mustafa Cəlaləddin paşa çap olunan
yazılarda almanları dəstəkləməyi təklif etdi. Təklif
bəyənildi və qəzet yazılarında almanların haqq işini
müdafiə etdi, müharibənin gedişi ilə bağlı xəbərləri
vaxtlı-vaxtında xalqa çatdırdı. Bu səbəbdən nəşrin
tirajı artdı, həcmi böyüdü və daha baha qiymətə
satılmağa başladı. 1871-ci ildə "Bəsirət"in tirajı
11.000 nüsxəyə yüksəlmişdi ki, bu da həmin dövrə görə
çox böyük tiraj hesab edilirdi. Fransız-alman müharibəsi
Prussiyanın qələbəsi ilə başa çatdıqdan sonra
"Bəsirəti"in baş redaktoru Əli bəy Bismarkdan məktub
aldı. Alman kansleri müharibədə Prussiyanın tərəfində
olduğuna görə onu Berlinə dəvət edirdi. Alman səfiri Əli
bəyi qəbul etmiş, ona 500 qızıl funt 10.000 franklıq çek
vermişdi. Avropaya gedən Əli bəy Berlində 29 gün qalmış,
Bismarkla görüşüb söhbət etmiş, kansler ona əlavə olaraq
1.000 marka yardım göstərmiş, bir də çap maşını
bağışlamışdır. Maraqlıdır ki, dövlət başçısının hansısa
qəzetin rəhbərinə çap maşını, özü də 1871-ci il
Avropasının yaratdığı ən son çap maşınını hədiyyə
verməsi ilk hadisə idi.
XIX əsr alman jurnalistikası barəsində araşdırmalarına
yekun vuran dərslik müəllifi bu dövrdə alman
jurnalistikasının özündə inqilab baş verdiyini,
mətbuatın ziyalı mətbuatından kütlələrin malına
çevrildiyini, fikir qəzetlərinin, əyləncə mətbuatının və
iqtisadi məsələləri işıqlandıran nəşrlərin yarandığını
qeyd edir.
II fəslin 5-ci yarımfəsli XX əsr jurnalistikasının
tədqiqinə həsr edilmişdir. Məhz burada təkcə Almaniyada
deyil, həm də bütün dünyada böyük nüfuz sahibi olan "Der
Spiegel" jurnalının tarixinə xeyli yer ayrılmışdır.
Müəllif III fəsildə Böyük Britaniya, IV fəsildə Fransa,
V fəsildə İtaliya, İspaniya və Portuqaliya kimi
ölkələrdə mətbuatın yaranması tarixini araşdırmış, yeri
gəldikcə bu ölkələrin kütləvi informasiya vasitələrində
türk dünyası, o cümlədən Azərbaycanla bağlı faktlardan
istifadə etmişdir.
VI fəsil Amerika Birləşmiş Ştatlarında mətbuatın
yaranması və inkişafından bəhs edir, burada XIX əsr
mətbuatı tarixinə xüsusi diqqət yetirilir, Mark Tvenin
jurnalistlik fəaliyyəti barəsində ətraflı söhbət açılır.
Dərslik müəllifinin qeyd etdiyi kimi, Mark Tven
jurnalistikada peşəkarlığı yüksək qiymətləndirir,
mətbuatda qeyri-peşəkarların işləməsini görmək istəmir,
fikirlərini əsərlərində əks etdirirdi. Kitabda Mark
Tvenin "Mətbuatın azğınlığı", "Tennessisidə
jurnalistika" kimi pamfletləri geniş təhlil edilir,
birinci əsərdə qəzetlərin mətbat azadlığından
sui-istifadə etmələri, ikincidə isə qəzetlər arasında
rəqabətin kobud şəkildə aparılması tənqid atəşinə
tutulur. Mark Tvenin jurnalistikaya həsr olunmuş
əsərlərinin mövzusu geniş və rəngarəngdir. Burada
qəzetin texniki tərtibatı da, jurnalistin vəzifəsi və
hüququ da, cəmiyyətin həyatında baş verən müsbət və
mənfi meyllərin əksi də, jurnalist sənətkarlığı,
jurnalist axtarışları da, jurnalistikda
qeyri-peşəkarların fəaliyyətinin yolverilməzliyi də öz
əksini tapmışdır.
Müəllif XX əsr ABŞ jurnalistikası tarixini geniş
işıqlandırmış, əsrin birinci onilliyində Amerika
jurnalistikasında mühüm hadisə olan "makreykerlər"
hərəkatının tarixini, əsas xüsusiyyətlərini və bu sahədə
çalışan görkəmli jurnalistlərin fəaliyyətini tədqiq
etmişdir.
Müəllif XX əsrdə ABŞ-da ixtisaslaşmış nəşrlərin inkişafı
ilə bağlı maraqlı faktlardan istifadə etmiş, ölkədə
hərbi mətbuat şəbəkəsinin durmadan genişləndiyini
göstərmişdir. Milli azlıqların mətbuatı barəsində çoxlu
faktlardan istifadə edən H.Vəliyev zəncilər üçün
mətbuatın tarixinə və bu gününə xüsusi diqqət yetirmiş
və qeyd etmişdir ki, ilk zənci qəzetlərinin yaranması
tarixi 1884-cü ilə təsadüf edir.
Milli azlıqların mətbuatından söhbət açan müəllif ölkədə
Azərbaycan dilində çoxlu materiallar çap edən,
Azərbaycan həyatını müəyyən qədər işıqlandıran, ölkəmiz
barəsində obyektiv informasiyanı oxuculara çatdırmağa
çalışan "İnternational Azerbaijan" jurnalının ölkəmizin
informasiya blokadasında olduğu dövründə- ötən əsrin
90-cı illərində çox böyük rol oynadığını qeyd etmişdir.
Jurnal Azərbaycan haqqında həqiqətləri Amerikada və
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza
çatdırmaqla yanaşı, ingilis dilində verilən
materiallarla Azərbaycanı qeyri-azərbaycanlılar arasında
təbliğ edən mühüm kütləvi mətbuat orqanı kimi
dəyərləndirilə bilər.
Müəllif XX əsrdə ABŞ jurnalları barəsində danışarkən
onların KİV strukturunda öz yerini qoruyub saxlaya
bildiyini göstərmiş, əsrin axırlarında ABŞ-da
tirajlarının yüksəkliyinə görə mühüm yer tutan 25 qəzet
və jurnalın adlarını sadalamışdır. Bu yarımfəslin
təqdirəlayiq cəhətlərindən biri ABŞ mətbuatının
beynəlxalq həyat məsələlərinin işıqlandırılmasına
diqqəti artırmasıdır. Elə buradaca qeyd edilir ki,
müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycan
Respublikasının daxili və xarici vəziyyəti barəsində
materiallara müəyyən yer ayrılırdı. Bu materiallar
arasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair yazılar diqqəti xüsusilə cəlb edirdi.
Qəzetlərin böyük əksəriyyəti Dağlıq Qarabağda baş verən
hadisələri müntəzəm işıqlandırır, Azərbaycanın
beynəlxalq miqyasda tanınmış ərazisinin bölünməzliyini
göstərirdi.
Kitabın VII fəsli Rusiyada mətbuatın yaranması və
inkişafı məsələlərinə həsr edilmiş, ilk rus qəzetləri və
jurnalları barəsində söhbət açılmış, XIX əsr rus
mətbuatına geniş yer ayrılmış, XX əsr jurnalistikasının
xüsusiyyətlərinə aydınlıq gətirilmişdir.
Kitabın Türkiyədə mətbuatın yaranması və inkişafı
tarixinə həsr olunmuş VIII fəsli xüsusilə böyük maraq
doğurur. Belə ki, burada türk dilində ilk mətbuat
orqanlarının yaranması, bu qəzet və jurnalların
yaradılmasında əməyi olan jurnalistlərin fəaliyyətinə
xüsusi diqqət yetirilir, türk mühacir mətbuatı tarixi, o
cümlədən "Müxbir" və "Hürriyyət" qəzetlərinin fəaliyyəti
inandırıcı faktlarla araşdırılır.
Müəllif XX əsr türk jurnalistikası tarixinə də xeyli yer
ayırmış, ölkədə nəşr olunan qəzet və jurnalların
xüsusiyyətlərini göstərməyə çalışmışdır.
Kitabda diqqəti cəlb edən xüsusiyyətlərdən biri də ərəb
ölkələrinin kütləvi informasiya vasitələri haqqında
ayrıca fəslin işlənməsidir. Burada həm Asiyanın, həm də
Afrikanın, ərəb ölkələrinin böyük əksəriyyətinin kütləvi
informasiya vasitələrinin tarixi barəsində geniş məlumat
verilir, Misirin, Suriyanın, Səudiyyə Ərəbistanının,
Əlcəzairin, İordaniyanın, İraqın, Yəmənin, Tunisin,
Liviyanın qəzet və jurnallarının tarixi, XX əsrin
axırlarına qədər olan dövrdə inkişafı göstərilmiş,
həmçinin Ərəb ölkələrində peyk televiziyasının yaranması
tarixindən söz açmışdır.
Kitabda X fəsil Hindistan, XI fəsil Çin, XII fəsil isə
Yaponiya jurnalistikasının yaranması və inkişafı
tarixinə həsr edilmişdir.
Dərsliyin sonuncu fəsillərindən biri "Beynəlxalq
jurnalist hərəkatı" və "Beynəlxalq informasiya
təşkilatları" adlanır. Bu fəsillərdə beynəlxalq
jurnalist təşkilatlarının fəaliyyətinin xüsusiyyətləri
əks etdirilmiş, Beynəlxalq Jurnalistlər Federasiyası,
Beynəlxalq Jurnalistlər Təşkilatı, Beynəlxalq Mətbuat
İnstitutu kimi iri jurnalist təşkilatlarının yaranması,
inkişafı və fəaliyyəti, onların beynəlxalq qurumlarla
əlaqələri əks etdirilmişdir.
Hər bir ölkənin jurnalistikası tarixi haqqında
danışarkən həmin ölkənin radio və televiziyasının,
informasiya agentliklərinin yaranması tarixinə də
müəyyən yer ayrılması kitabın mühüm məziyyətlərindən
sayılmalıdır.
Dərslik müəllifinin məqsədi İslam aləmi, Türk dünyası və
vətənimiz Azərbaycan barəsində xarici ölkələrin
jurnalistikası tarixində mövcud olan bir sıra faktlardan
müqəddəs dinimizə sədaqət ruhu, soykökümüzlə iftixar
hissi aşılamaq və tələbələrimizdə, doktorantlarımızda və
dissertantlarımızda, habelə dünya jurnalistikası tarixi
ilə maraqlananlarda bizim üçün indi çox gərəkli olan
vətəndaşlıq mövqeyi tərbiyə etməkdir.
Beləliklə, bu, "Xarici ölkələrin jurnalistikası tarixi"
kursunun proqramları əsasında yazılmış ilk dərslikdir.
Şamil VƏLİYEV,
filologiya elmləri doktoru, professor |