Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Azərbaycan Avropa təhsil məkanına gedən yolda

 

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. 

Heydər ƏLİYEV 

Dünyanın inkişafının bugünkü mərhələsində cəmiyyətin formalaşma dərəcəsini xarakterizə edən ən mühüm amil onun insan kapitalıdır. Bu kapitalın əsas parametri isə təhsildir. Ona görə də cəmiyyətin qiymətləndirilmə kriteriyası olan insan kapitalının təhsili daim inkişafda və yeniləşmədə olmalıdır.  Kapital səviyyəsində olan nəcib vətəndaşın yetişdirilməsi həmişə müəllimin birbaşa şərəfli vəzifəsi olmuşdur. Bu gün də həmin işin davamı olaraq Azərbaycan müəllimi əsl vətəndaşın hazırlanmasında yeganə yolu qloballaşan dünyada təhsilin Avropa məkanına inteqrasiyasında görür. Boloniya prosesinə qoşulma ölkə təhsilində islahatlar yolunun ən aparıcı istiqamətidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsindəki siyasətinin prioritet istiqamətlərindən birini məhz bu inteqrasiya təşkil edir. Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək üçün "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi  tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 31 yanvar 2008-ci il tarixli Sərəncam bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini istiqamətləndirən mühüm sənəddir. Ona görə də Boloniya prosesinə qoşulmuş respublikamızın təhsil müəssisələrində kredit sistemi üzrə simpoziumların keçirilməsi günün tələblərindən irəli gəlir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq Boloniya prosesinin kredit təhsil sisteminə kütləvi keçidlə əlaqədar "Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyillər: kredit sistemində qiymət, dəyər və keyfiyyət" mövzusunda simpozium Təhsil Nazirliyinin 11 aprel 2012-ci il tarixli 46-11-2153/17 №-li, Kənd Təsərrüfatı Nazirliyinin 21 yanvar 2012-ci il tarixli 07/07-08-67 №-li icazə məktublarına əsasən Azərbaycan Dövlət Aqrar Universitetində 2012-ci ilin noyabrın 23-24 tarixlərində keçirilmişdir. Simpoziumun keçirilməsində əsas məqsəd Boloniya prosesi çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi mexanizminin yaradılmasını təmin edə biləcək tövsiyələri hazırlamaq olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyət proqramının icrası üzrə keçirilən bu tədbirdə kifayət qədər işlər görülmüşdür.

Simpoziumda dünyanın 8 xarici dövlətindən və respublikamızdan 140 nəfərdən çox nümayəndə iştirak edirdi. Onlardan Türkiyənin Fırat Universitetindən  rektor Kutbeddin Demirdağ nümayəndə heyəti ilə, Agrı İbrahim Çeçen Universitetindən  rektor İrfan Aslan nümayəndə heyəti ilə, Norveçin Oslo Universitetindən doktor Vibeke Rogen, Norveçin Bergen Universitetindən  Christer Daatland, Avstriyanın Ətraf Mühit və Pedaqogikası Universitetindən Beate Kraliçek, Macarıstanın Kapoşvar Universitetindən Qabor Lehoç, Rusiyanın Sankt-Peterburq şəhərindən Mühəndis Elmləri Akademiyasının professoru Sergey Aleksandroviç Nemov, Rusiyanın Miçurinsk şəhərindən Dövlət Aqrar Akademiyasının rektoru Aleksandr Nikolayeviç Kvoçkin, Gürcüstanın Aqrar Universitetindən professor Levan Makaradze, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən nazir müavini Bəhram Əliyev,  Azərbaycan Respublikasının Təhsil Nazirliyindən baş məsləhətçi Natiq İbrahimov, Qafqaz Universitetindən professor A.A.Ağayev, Azərbaycan Texniki Universitetindən professor S.N.Namazov və başqalarını göstərmək olar.

Simpoziumda tədris prosesində yeni münasibətlərin qurulması geniş müzakirə olundu. Tezislərin bir qisminin əvvəlcədən çapı daha maraqlı çıxışların dinlənilməsinə şərait yaratdı. Simpozium müəyyən etdi ki, qarşıya qoyulan məqsədi reallaşdırmaq üçün tədris prosesinə yeni informasiya və innovativ texnologiyaların gətirilməsinə, elm-istehsalat-tədris modelinin reallaşdırılması əsasında elmin təcrübə ilə inteqrasiyasına, tədrisin elmi yükünün və rəqabət qabiliyyətinin artırılmasına, müəllim və tələbələrdə perspektiv yaradıcılıq bacarıqlarının formalaşdırılması ilə tədris prosesinin təkmilləşdirilməsinə nail olmaq lazımdır.

Nəticədə təmsil olunan ölkələrin alim, mütəxəssis və nümayəndələrinin məruzə, tezis və çıxışları öz coğrafi genişliyi, elmi əhəmiyyəti baxımından simpoziumun məqsədinin reallaşmasını, müvəffəqiyyətlə həyata  keçirilməsini təmin etmişdir.

Simpozium kredit sistemində çətinliklərin  aradan qaldırılmasına, konkret tədbirlərin həyata keçirilməsi istiqamətində xarici ölkələrdə və ölkə daxilində toplanmış təcrübənin geniş müzakirə edilməsinə və ümumiləşdirilməsinə şərait yaratmışdır.

Görülən işlərə yekun olaraq iştirakçılar tərəfindən Gəncə Bəyannaməsi qəbul edilmişdir.

Bəyannamə mütəxəssis hazırlığının, təhsilin keyfiyyətinin yeni qiymətləndirmə sistemində planlaşdırılmış nəticələrin və onların mənimsənilməsinə əsaslanmış tədris proqramlarının müvəffəqiyyətlə tətbiqi ilə əlaqədar olaraq  aşağıdakı tədbirlərin həyata keçirilməsini tövsiyə  edir:

* kredit sisteminin tətbiqində beynəlxalq təcrübəyə, ölkə təhsilinin mütərəqqi ənənələrinə, xarici dillərin dərindən öyrənilməsinə diqqətin gücləndirilməsi və təhsilin beynəlmiləlləşdirilməsinə əsaslanaraq "ömürboyu təhsil"in, keyfiyyətli mütəxəssis hazırlığı məqsədi ilə ali təhsil müəssisəsi və sonrakı təhsil üzrə birgə çərçivə Dövlət Təhsil Standartlarının layihəsinin işlənməsi;

* nomenklatura, struktur və məzmununa görə təhsil proqramlarının formalaşdırılmasında qabaqcıl ölkələrin zəngin təcrübələri nəzərə alınmaqla peşə fəaliyyətinin müxtəlif sahələri üzrə mütəxəssis hazırlığının yeni təsnifat layihəsinin işlənməsi;

* ali peşəkar təhsil üzrə Dövlət Təhsil Standartları çərçivəsində universitetlərə geniş akademik müstəqilliyin verilməsinə nail olunması;

* universitet məzununun diplomuna akademik mobilliyin artırılması məqsədi ilə Boloniya Bəyannaməsi tərəfindən tövsiyə olunan Avropa nümunəsinə ("Diploma Supplement"-ə) uyğun yeni əlavə formasının tətbiqi;

* professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətində tövsiyələrin işlənməsi;

* beynəlxalq təhsil təcrübəsinə uyğun ali təhsilin Vahid normativ-hüquqi sənəd bazasının yaradılması.

Bəyannamənin qəbulundan sonra Türkiyənin Fırat Universiteti ilə mövcud müqavilənin yeniləşdirilməsi və Rusiyanın Miçurinsk Dövlət Aqrar Akademiyası və Türkiyənin Ağrı İbrahim Çeçen Universiteti ilə yeni müqavilələrin bağlanması prosesləri həyata keçirilmişdir.

Bağlanmış müqavilələrdə əsasən müəllim-tələbə mübadiləsi, diplomların qarşılıqlı tanınması, tədris proqramlarının müştərək istifadəsi məsələləri nəzərdə tutulduğu üçün simpoziumdan gələcəkdə töhfələr gözləmək olar.  

Mirdaməd SADIQOV,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov