Dekabrın
6-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Psixoloq" qəzetinin
50-ci nömrəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə
psixologiya elminin, təhsil ictimaiyyətinin görkəmli
nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov tədbiri
açaraq Azərbaycanda söz və mətbuat azadlığının
qorunması, kütləvi informasiya vasitələrinin inkişafı
istiqamətində yaradılmış münbit şəraitdən danışmış,
vətəndaş cəmiyyəti quruculuğunu qarşıya məqsəd qoyan və
demokratik inkişaf yolu seçən hər bir dövlət üçün bu
amillərin xüsusi rolunu qeyd etmişdir.
Natiq ümummilli lider Heydər Əliyevin müstəqil
Azərbaycanda mətbuatın inkişafına daim xüsusi diqqət
ayırdığını və bu siyasətin hazırda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğuladı, mətbuatın yaranma
tarixi, min illərlə bundan əvvəl mövcud olmuş
informasiya daşıyıcıları barədə məlumat verdi. Sonra
institutun, həmçinin "Psixoloq" qəzetinin fəaliyyətinin
bəzi məqamlarına toxunaraq qonaqlara institut üçün
əhəmiyyətli olan bu tədbirdə iştiraklarına görə
təşəkkürünü bildirdi və qəzetin redaksiya heyətini
təbrik etdi. Hazırda psixoloji xidmətin cəmiyyətin
inkişafında xüsusi əhəmiyyət daşıdığını və məhz bu
məqsədlə institut tərəfindən "Psixoloq" qəzetinin təsis
edildiyini diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
"Azərbaycan mətbuatının inkişafına dövlət qayğısı",
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor
Bəxtiyar Əliyev "Psixoloji maarifləndirmənin müasir
dövrdə əhəmiyyəti", "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə "Müstəqil Azərbaycan Respublikası və
mətbuatın inkişafı", baş redaktor Tahir Heydərov
"Psixoloq" qəzeti 5 ildə" mövzularında məruzələrlə çıxış
edərək institutun professor-müəllim heyətini, həmçinin
qəzetin əməkdaşlarını təbrik etdilər. Professor Əbdül
Əlizadə, Azərbaycan Dillər Universitetinin "Poliqlot"
qəzetinin baş redaktoru Zeynəb Kazımova, ADPU-nun
mətbuat katibi Mənsur İbrahimov, BPKİYİ-nin psixologiya
kafedrasının müdiri Hökumə Əliyeva, Azərbaycan dili və
ədəbiyyatı kafedrasının müdiri, professor Aydın Paşayev,
təbiət elmləri kafedrasının müdiri, fəlsəfə doktoru
Yusif Alıyev, BPKİYİ-nin kitabxana müdiri Güldanə
Mehdiyeva və digərləri çıxış edərək qəzetin fəaliyyətinə
uğurlar arzuladılar.
Ədalət DAŞDƏMİRLİ |