Naxçıvan
Özəl Universitetində "Müasir informasiya
texnologiyalarının təhsil sistemində tətbiqi", "Davamlı
inkişaf və ətraf mühit" mövzularında beynəlxalq
kursların başlanmasına həsr olunmuş tədbir
keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin
tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim
Kazımbəyli açaraq universitetin rektoru, professor
İsmayıl Əliyev adından Şimali Kipr Doğu Akdeniz
Universitetindən gələn qonaqları salamlamış, tədbir
iştirakçılarına universitet haqqında ətraflı məlumat
vermişdir. Bildirilmişdir ki, Naxçıvan Özəl Universiteti
fəaliyyətə başladığı ilk gündən qarşısına qoyduğu
məqsədlə günü-gündən yenilikləri və öz təhsil
potensialının fərqliliyi ilə seçilən ali təhsil
ocağıdır. İ.Kazımbəyli universitetdə son iki ildə 22
xarici ölkə universiteti ilə əlaqələrin qurulmasından da
ətraflı bəhs etmişdir.
Tədbirdə Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə
rəsmi təmsilçisi Orxan Ənnağızadə "Doğu Akdeniz
Universitetinin tanıtımı" mövzusunda çıxış etmişdir.
Vurğulanmışdır ki, Doğu Akdeniz və Naxçıvan Özəl
universitetlərinin tələbə və müəllimləri üçün təşkil
edilən kurslar universitetlərin gələcək inkişaf
perspektivləri baxımından böyük əhəmiyyət daşıyır.
Sonra Doğu Akdeniz Universitetinin əməkdaşları Dəniz
İşçioğlu və Ərsun İşçioğlu "Davamlı inkişaf və ətraf
mühit", "Müasir informasiya texnologiyalarının təhsil
sistemində tətbiqi" mövzusunda keçiriləcək kurslarla
bağlı iştirakçılara məlumat vermişlər.
Məlumat üçün qeyd edək ki, Doğu Akdeniz Universiteti və
Naxçıvan Özəl Universiteti arasında müxtəlif sahələrdə
əməkdaşlıq əlaqələrini nəzərdə tutan müqavilə
imzalanmışdır. Həmin müqaviləyə əsasən, universitetlər
arasında müəllim və tələbələr üçün beynəlxalq sertifikat
verən xüsusi kursların təşkili və elm-təhsil sahəsində
qarşılıqlı mübadilələrin aparılması nəzərdə tutulmuşdur.
Sonda Naxçıvan Özəl Universitetinin tanıtımını əks
etdirən film nümayiş etdirilmişdir.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı |