Naxçıvan
Dövlət Universitetində "Elektron universitet"
layihəsinin yaradılması və həyata keçirilməsi ilə bağlı
müşavirə keçirildi. NDU-nun rektoru, akademik İsa
Həbibbəyli Azərbaycanda elektron cəmiyyət və elektron
hökumət yaradılması istiqamətində görülən mühüm
işlərdən, universitetdə elektron təhsilin
reallaşdırılması ilə bağlı əhəmiyyətli addımlar
atılmasından danışdı. Qeyd olundu ki, muxtar respublika
rəhbərliyinin qayğısı ilə bu ali məktəb ən müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
olunmuş, 108 hektarlıq ərazini əhatə edən Wi-Fi İnternet
şəbəkə sistemi istifadəyə verilmiş, virtual əlaqələr
genişlənmişdir. Universitetin həyata keçirdiyi ənənəvi
"Elektron Naxçıvan" proqramı, buradakı Media mərkəzi və
İnformasiya texnologiyaları şöbəsinın fəaliyyətləri,
universitetin müasir standartlara cavab verən rəsmi
İnternet səhifəsinin yaradılması, yeni "Elektron təhsil"
layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan
uğurlardandır. Rektor "Elektron universitet" layihəsi,
onun elektron idarəçilik, elektron təhsil, "Elektron
Naxçıvan", elektron elm, elektron media kimi aparıcı
istiqamətlər, layihənin icrası ilə bağlı qarşıda duran
vəzifələr barədə məlumat verdi.
Müşavirədə "Elektron təhsil" şöbəsinin müdiri Hüseyn
Qasımov şöbənin "Elektron təhsil" layihəsinin həyata
keçirilməsi istiqamətində gördüyü işlər, elektron
imtahanla əlaqədar proqram təminatı, İnformasiya
texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev Koreya
Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
(KOİCA) ilə birgə həyata keçiriləcək "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" layihəsi,
layihənin həyata keçirilməsi istiqamətində qarşıda duran
vəzifələr, tədris şöbəsinin əməkdaşı Kamran Vəlizadə
universitetin beynəlxalq reytinq cədvəlində iştirakını
təmin etmək məqsədilə görülən işlər barədə məlumat
verdilər.
Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat
üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək KOİCA
ilə birgə reallaşdırılacaq layihənin həyata keçirilməsi
üçün akademik idarəetmə sistemi, texniki təminat,
portal, multimedia, elektron sənədləşmə üzrə yaradılan
işçi qruplarından, onların fəaliyyətlərindən bəhs etdi.
Müşavirədə "Elektron universitet" layihəsi ilə bağlı
müzakirələr aparıldı, təkliflər irəli sürüldü.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |