Oğuz rayonunda təhsilin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində tədbirlər davam
etdirilir.
Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki,
hazırda kəndlərdə dövlət vəsaiti hesabına 5 yeni məktəb
binasının, habelə Oğuz şəhərində 115 yerlik yeni uşaq
bağçasının tikintisi davam etdirilir. Filfili kənd tam
orta məktəbi üçün inşa edilən 180 şagird yerlik yeni
binanın tikintisi artıq başa çatmışdır. Bina yaxın
günlərdə şagirdlərin istifadəsinə veriləcəkdir.
Dəymədərə və Sincan kənd məktəbləri üçün inşa edilən 180
və 220 şagird yerlik yeni binaların tikintisində hazırda
tamamlama işləri görülür. Bundan əlavə, 360 şagird
yerlik Qumlaq və 180 yerlik Ərmənət kənd məktəblərinin
tikintisinin isə 2013-cü ildə başa çatdırılması nəzərdə
tutulur.
Ümumiyyətlə, son illərdə Heydər Əliyev Fondunun
təşəbbüsü və dövlət vəsaiti hesabına rayonda şagird
yerlərinin ümumi sayı 2300-ə çatan 10 yeni məktəb binası
istifadəyə verilmiş, iki məktəb binası əsaslı təmir
olunmuş, bir məktəb üçün 10 əlavə sinif otağı
tikilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində
rayonda tədrisi iki növbədə aparılan məktəblərin sayı
xeyli azalmışdır. |