Xəzər Universitetində "TEMPUS Məlumat Günü"
keçirilmişdir. Universitetin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa İttifaqının
(Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir
Roland Kobia, Almaniyanın ölkəmizdəki səfirliyinin,
Təhsil Nazirliyinin və ayrı-ayrı universitetlərin
əməkdaşları iştirak etmişlər.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar
Şurasının sədri, professor Hamlet İsaxanlı tədbirin
əhəmiyyətindən danışmışdır. Sonra Azərbaycan Milli
TEMPUS ofisinin rəhbəri Pərviz Bağırov, Aİ-nin təhsil və
mədəniyyət üzrə agentliyinin proqram əlaqələndiricisi
Cek Kemp, Xəzər Universitetinin akademik işlər üzrə
prorektoru, professor Məhəmməd Nuriyev və başqalarının
təqdimatları dinlənilmişdir.
Tədbirdə TEMPUS proqramı vasitəsilə universitetlərarası
beynəlxalq əməkdaşlıq, xaricdə təhsil imkanları və digər
məsələlər müzakirə olunmuşdur. |