Naxçıvanın
Sədərək rayonunun Sədərək kəndində aparılan
quruculuq-abadlıq işləri çərçivəsində uşaq bağçası üçün
yeni bina inşa edilmişdir.
Noyabrın 30-da bina istifadəyə verilmişdir.
Bu münasibətlə təşkil olunmuş yığıncaqda çıxış edən
valideyn Nazəndə Vəliyeva yaradılan şəraitə görə
sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov uşaq bağçasının yeni binasının istifadəyə
verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik
edərək demişdir: "Bu gün ölkəmizdə uşaqların sağlamlığı
və intellektual inkişafı diqqət mərkəzində saxlanılır,
onların hərtərəfli və sağlam böyüməsinə xüsusi diqqət
göstərilir. İstifadəyə verilən yeni məktəb binaları,
məktəbdənkənar tərbiyə müəssisələri və uşaq bağçaları
məhz gələcəyimiz olan uşaqların ölkəmizin qurucuları
kimi yetişməsinə xidmət edir. Sədərək kənd uşaq
bağçasında da uşaqların hərtərəfli inkişafı üçün hər cür
şərait yaradılmışdır".
Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə
olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə
yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə
uğurlar arzulamışdır.
Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. Bağçada
4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə
8 müəllim-tərbiyəçi məşğul olur. Uşaq bağçasında lazımi
şərait yaradılmış, müxtəlif yaş qruplarından olan
uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı
oyun zalları istifadəyə verilmişdir.
AzərTAc |