Dekabrın 4-də Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecində tar ifaçılarının muğam müsabiqəsi
keçirilib. Kollec üzrə 1 dekabr 2012-ci il tarixli 30/9
saylı əmrlə istedadlı muğam ifaçılarını üzə çıxarmaq
məqsədi ilə keçirilən müsabiqə görkəmli tarzən,
Azərbaycan Respublikasının xalq artisti Əhmədxan
Bakıxanovun 120 illik yubileyinə həsr olunub. Sözügedən
əmrlə müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və
münsiflər heyətinin tərkibləri təsdiq olunub.
İki mərhələdən ibarət olan müsabiqənin ilk seçim
mərhələsində kollecin 109 nəfər tar ifaçısı, II-IV kurs
tələbələri iştirak edib. Onlardan 21-i növbəti mərhələyə
vəsiqə qazanıb. Dekabrın 4-də keçirilən ikinci
mərhələdə onların ifaları Musiqi Kollecinin direktoru,
əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun
sədrlik etdiyi münsiflər heyəti tərəfindən dinlənilərək
qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən kollecin IV kurs
tələbəsi Səxavət Məmmədov (müəllimi, əməkdar artist
Elçin Həşimov) I, III kurs tələbəsi Rüfət Mustafayev
(müəllimi, Mahmud Əliyev) və IV kurs tələbəsi Orxan
Rüstəmzadə (müəllimi, əməkdar artist Valeh Rəhimov) II,
IV kurs tələbələri Pərviz Musayev (müəllimi, Humay
Qədimova), Elgiz Baxşəliyev (müəllimi, əməkdar artist
Əliağa Sədiyev) və II kurs tələbəsi Cabbar Paşazadə
(müəllimi, əməkdar artist Valeh Rəhimov) III yerlərə
layiq görülüblər. Qaliblərə müvafiq olaraq I, II, III
dərəcəli diplomlar təqdim olunub. Daha 5 nəfər müsabiqə
iştirakçısı isə diplomlarla mükafatlandırılıb.
Yusif ƏLİYEV |