Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Şagirdlərin öz fikirlərini sərbəst ifadə etməsinə çalışıram

 

Məktəb bəşəriyyətin gələcəyini müəyyən edən, onu istiqamətləndirən bir məbəddir. Bu məbədə gələn hər bir müəllim, birinci növbədə, özü şəxsiyyət kimi dünyanı, insanı dərk etməli, gələcək insanların taleyində necə mühüm rol oynadığını anlamalı, yalnız ondan sonra qarşısındakı hər bir fərdin-şagirdin tərbiyəsi və təlimi ilə məşğul olmaq məsuliyyətini öz üzərinə götürməlidir.

Dərketmə şəxsiyyətin formalaşması üçün ən vacib amillərdən biridir. Həyatın, yaşamağın, qarşılıqlı münasibətin mənasını dərk etmək hələ lap uşaqlıqdan   öyrədilməli, şagirdə ətrafdakılara, baş verənlərə münasibətini ifadə etmək yollarını mənimsətmək lazımdır. Bu baxımdan  ingilis dili  fənni daha böyük imkanlara malikdir.

Mən  tədris etdiyim ingilis dili dərslərində şagirdlərin fərdi şəkildə öz fikirlərini ifadə etməsinə böyük əhəmiyyət verirəm. Bu ifadə forması həm yazılı, həm də şifahi ola bilər. Hər hansı məsələyə hər bir şagirdin bir cür yanaşması olur. Lakin buna baxmayaraq, bütün şagirdlərin bir ortaq nöqtədə birləşmələri olur. Hər bir şagirdin irəli sürdüyü fikirlərə hörmətlə yanaşılmalıdır. Fikirlərinə diqqətlə yanaşıldığını görən şagird istər-istəməz qarşısındakı insanların da fikirlərinə hörmətlə yanaşır. Müəllim şagirdə danışmaq mədəniyyətini deyil, həm də dinləmək mədəniyyətini aşılayır.

Dərs zamanı şagird öz fikirlərini qorxub-çəkinmədən ifadə edərkən özünü prosesin bərabərhüquqlu subyekti hesab edir. Bu təkcə şagirdin fikirlərinə humanistcəsinə və fərdi olaraq  yanaşmağa xidmət etmir, həm də onun dərsə, keçilən mövzuya, ümumiyyətlə, fənnin özünə marağını artırır.

Pedaqogikada "müəllim şəxsiyyəti gözəl nümunədir" deyən  müəlliflər yanılmamışlar. Təlim prosesinin aparıcı qüvvəsi olan müəllim hegemonluq prinsipi ilə dərsi qurarsa, bu müsbət nəticə verə bilməz. Məqsədi təkcə savadlı deyil, həm də kamil, mənəvi cəhətdən saf insan yetişdirmək olan təhsilimizdə humanizm prinsiplərinə hər zaman əməl etmək faydalı olar. Müəllimin pedaqoji ustalığından asılı olaraq bu prinsip müxtəlif yollarla aparıla bilər. Şagirdə fərdi şəkildə yanaşma humanistləşdirmənin tərkib hissəsi sayıla bilər. Mən təlim zamanı zəif oxuyan, təlim materialını tam yerinə yetirə bilməyən şagirdlərə yalnız özünün deyil, həm də şagird kollektivinin diqqətini yönəltməklə daha yüksək nəticələr əldə etməyin mümkünlüyünü öz təcrübəmdə sınamışam. Tapşırıqları yoxlamaq üçün şagirdləri üç dəstəyə bölüb hər birini ayrı-ayrılıqda dinləyirəm. Şagirdlər mövzunu daha yaxşı danışan dəstəni mənim köməyimlə müəyyənləşdirir, daha çox çaşan, səhv edən şagird çalışır ki, dərsi daha yaxşı öyrənsin. Bu da həmin sinifdə təlimin daha keyfiyyətli olmasına kömək edir. Qruplar halında soruşulan dərs, şagirdlərin bir-biri ilə olan əlaqələrini daha da möhkəmləndirir.

Bütün siniflərdə ingilis dilini tədris edərkən şagirdin müstəqil fikir yürütməsinə, başqa şagirdlərin onun fikrinə hörmətlə yanaşmasına əhəmiyyət verirəm. Şagirdlər yoldaşları dərsə cavab verdiyi müddətdə növbə ilə lövhədə nə isə yazmaq məqsədi ilə beyinlərində götür-qoy edirlər. Bu cür fəallıq və sərbəstlik şagirdin zehni inkişafına, onun dərs prosesində bərabərhüquqlu tərəf kimi inkişafına çox geniş imkanlar yaradır.

Fəal təlim prosesinin metodlarından biri də BİBÖ adlanır. Əvvəl lövhəyə BİBÖ cədvəlini çəkirəm. Sonra sinfi qruplara ayırıram.

Qruplara sualla müraciət edirəm: "Nə bilirsiniz?" Şagirdlərin fikirlərini qrupun lideri söyləyir və yazı lövhəsində qeydlərini aparır.

Yenə uşaqlara müraciət edərək soruşuram: "Mövzu ilə əlaqədar nələri bilmək istərdiniz?" Qruplar yenə də öz fikirlərini orta qrafaya  yazırlar. Sonra dərsin mövzusu elan olunur. Mətn paylanır. Sualla müraciət edirəm:

"Nəyi öyrəndiniz?" Yenə də qruplar müzakirə aparır və cədvəlin üçüncü qrafası doldurulur. Yenə sualla müraciət edirəm, cavabsız qalan sualları evə tapşırıq kimi verirəm. Mənə elə gəlir ki, təhsilin müasir yanaşmalar baxımından təşkili yalnız müəllimlərin deyil, həm də cəmiyyətin inkişafına təkan verən ən mühüm mənəvi tələblərdən biridir.

Yeni pedaqoji təfəkkür müəllimin təlimə daha yaradıcı yanaşmasını tələb edir. Bu təlim şagirdin tək elmi təfəkkürünü deyil, həm də estetik təfəkkürünü inkişaf etdirməyə xidmət etməlidir.  

Həyat MƏMMƏDOVA,
Bakıdakı 271 nömrəli tam orta
 məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov