Ağdaş rayonunda yeniyetmələrin "Xəmsə" milli
intellektual oyunu üzrə II Azərbaycan çempionatının
zona mərhələsi keçirilib. Tədbir Habil Əliyev adına
Ağdaş Musiqi Məktəbində baş tutub. Mərasimdə "Xəmsə"
milli intellektual oyununun əsas məqsədi açıqlanıb. Qeyd
olunub ki, oyun yeniyetmələrin dünyagörüşlərinin
artmasına, zehni inkişaflarının stimullaşdırılmasına
xidmət edir. Azərbaycanın zəngin milli mədəniyyətinin və
tarixinin təbliği, eləcə də yeniyetmə və gənclərin
asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu
tədbir təqdirəlayiqdir.
Sonra yarışlara start verilib. Məktəblilərin zona
yarışında Ağdaş, İsmayıllı, Göyçay, Ağsu, Şamaxı,
Kürdəmir, Qobustan, Ucar və Zərdabdan olan 16 komanda
öz bilik və bacarığını sınayıb. Yarışda İsmayıllı, Ucar
və Ağdaş komandaları müvafiq olaraq I, II, III yerləri
bölüşüb. İsmayıllı komandası isə Bakıda keçiriləcək
yeniyetmələrin "Xəmsə" milli intellektual oyunu üzrə
II Azərbaycan çempionatının finalında iştirak etmək
hüququ qazanıb. Qeyd edək ki, tədbir Gənclər və İdman
Nazirliyinin təşkilatçılığı ilə keçirilib. |