Məlum olduğu kimi, Təhsil Nazirliyinin 25 may 2012-ci il
tarixli əmrinə uyğun olaraq bu il respublikanın dövlət
ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək
müəllimlər üçün iyun-sentyabr ayları ərzində 60 saatlıq
təlim kursları keçirilmişdir.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin
"Pedaqoji kadrların ixtisasartırma təhsilinin
müasirləşdirilməsi" 2-ci komponentinin icra planına
əsasən təşkil olunmuş kurslarda məqsəd müəllimlərin
yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək idi. İxtisasartırma
təhsilinin 2-ci modulu üzrə keçirilən və "Ümumi orta
təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi
və fəal təlim" adlanan kurslarda mən də təlimçi kimi
iştirak edirdim. 4 ay ərzində müxtəlif vaxtlarda Bakının
Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonlarının,
eləcə də Abşeron rayonunun Qobu, Saray və Hökməli
qəsəbələrinin, İsmayıllı rayonunun şəhər və kənd
məktəblərinin müəllimləri üçün təşkil olunan kurslarda
mən musiqi fənni üzrə məşğələləri aparırdım.
Öncə onu deyim ki, bu kurslar müəllimlər üçün çox
faydalı oldu. 10 günlük kurs müddətində müəllimlər fənn
kurikulumlarının strukturu, məzmunu, müasir kurikulumlar
və yeni təlim strategiyaları, ümumtəhsil sistemində yeni
qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni
dərsliklərlə və əlavə resurslarla işin xüsusiyyətləri,
dərsin planlaşdırılması və təşkili, qiymətləndirmə
vasitələrinin hazırlanması üzrə nəzəri məlumatlar
aldılar, praktik bacarıqlara yiyələndilər. Onlara məlum
oldu ki, yeni kurikulumun təlim-tərbiyə prosesində böyük
faydası var. Kurikulumun şəxsiyyətyönümlülük,
şagirdyönümlülük, nəticəyönümlülük xarakteri,
prinsipləri şagirdlərin təlimin mərkəzində olmasını
tələb edir. Fəal, interaktiv təlim üsulları şagirdin
idrakı fəallığını təmin edir.
Belə ümumi məsələlərlə yanaşı musiqi müəllimləri öz
fənləri üzrə yeni kurikulumların konkret məqsəd və
vəzifələri, prinsipləri, musiqi dərslərinin fərqli
xüsusiyyətləri ilə də yaxından tanış oldular. Bu qənaətə
gəldilər ki, musiqi fənn kurikulumu əvvəlki
proqramlardan bir sıra üstünlüyə malikdir. Kurikulumda
ümumi orta təhsil pilləsində musiqi təliminin məqsəd və
vəzifələri aydın qeyd olunaraq göstərilmişdir ki,
kurikulum şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk
etmələrini, onların bədii zövqünü, musiqi üzrə bacarıq
və vərdişlərinin inkişafını, fəal dinləyici kimi
yetişmələrini, mənəvi aləminin zənginləşdirilməsini
nəzərdə tutur.
Ümumi orta təhsil pilləsində şagirdlərin ibtidai
məktəbdə musiqi növlərinin forma, janr, üslub və ifadə
vasitələri, xalqımızın musiqi tarixi haqqında aldıqları
məlumatlar, mahnı oxumaq, rəqs etmək və s. kimi
musiqi-estetik fəaliyyətlə bağlı yiyələndikləri ən sadə
və ilkin bacarıqlar daha da dərinləşdirilir və inkişaf
etdirilir, onlarda bədii zövq, estetik mədəniyyət, milli
və ümumbəşəri musiqi nümunələrinə maraq, yaradıcılığa
meyl, mücərrəd və obrazlı təfəkkür, əməksevərlik kimi
keyfiyyətlər formalaşdırılır, onlar milli musiqi
tariximizin ən vacib məqamları, görkəmli musiqiçilər,
aşıq musiqisi, muğamlarımız, dünya musiqi mədəniyyətinin
geniş yayılmış nümunələri ilə tanış edilirlər. Şagirdlər
imkanları, arzu və istəkləri nəzərə alınmaqla ifaçılığa
cəlb olunurlar.
Kurikulumda bütün siniflər üzrə musiqi təliminin məzmun
xətləri musiqi aləmi, emosional dəyərləndirmə, musiqi
fəaliyyəti olmaqla müəyyənləşdirilib. Məzmun xətləri
standartlara əsasən həyata keçirilir. Standartlar əsas
standartlar və alt-standartlar olaraq iki hissəyə
bölünür. Əsas standartların funksiyaları məzmun xətləri
üzrə təlim nəticələrini ümumi göstərir və summativ
qiymətləndirmənin aparılmasını təmin edir.
Alt-standartlar təlim məqsədlərinin dəqiqliyini, təlim
strategiyalarının düzgün seçilməsini, inteqrativliyi və
təlimin məzmununun konsentrik əsasda inkişafını təmin
edir.
Musiqi aləmi məzmun xətti bilavasitə ifası və
dinlənilməsi zəruri sayılan musiqi nümunələrinin, musiqi
savadı, bəstəkar yaradıcılıqları, geniş yayılmış milli
və bəşəri musiqi əsərləri, müxtəlif musiqi alətləri və
musiqi kollektivləri, görkəmli musiqiçilər haqqında
bilikləri və bunlarla bağlı bacarıqları əhatə edir.
Emosional dəyərləndirmə musiqi əsərlərinin mahiyyətcə
qavranılmasında, şagirdlərin mənəvi aləminin
zənginləşdirilməsində, onlarda incə hiss və duyğuların
yaranmasında mühüm rol oynayır. Emosional bacarıqlar,
habelə şagirdlərdə təhlil, müqayisə, qiymətləndirmə
keyfiyyətlərinin yaranmasına kömək edir.
Musiqi fəaliyyəti məzmun xətti isə tədris prosesində
mənimsənilmiş biliklərin tətbiq vasitəsi ilə fəal
bacarıqlara çevrilməsini, şagirdlərdə yaradıcılıq
qabiliyyətlərinin üzə çıxarılmasını təmin edir. Mahnı
oxumaq, musiqi dinləmə, musiqi alətlərində çalmaq və s.
bu məzmun xəttinin əsası hesab olunur.
Məhz kurslarda bu istiqamətlərdə alınmış biliklər, əldə
olunmuş bacarıqlar musiqi müəllimlərinə kurikulumun
tətbiqində böyük kömək göstərir. Onlar hər üç məzmun
xətti üzrə təlim nəticələrinə nail olmaq üçün dərslərini
yaradıcı qurur, fəal təlim metodlarından geniş istifadə
edirlər.
Kəmalə HƏŞİMOVA,
Bakıdakı 249 nömrəli tam orta məktəbin musiqi
müəllimi |