Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

İdman ilinin uğurları

 

Biz idmanın inkişafına geniş prizmadan yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 

İqtisadi inkişaf  tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Bütün uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilən Azərbaycan dövləti bu nüfuza sahib çıxmaq üçün qısa bir zaman kəsiyində sürətli və şərəfli inkişaf yolu keçib.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkənin idman həyatında da məqsədyönlü, düşünülmüş addımlar atdı. Məhz bu sahədə yüksəlişin əsası idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməklə qoyuldu. "Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik". Ümummilli liderin tövsiyə və qarşıya qoyduğu tarixi vəzifələri özünün çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi kimi qəbul edən Prezident İlham Əliyev idmanın kütləviliyini təmin etmək, Azərbaycanın idman şöhrətini yüksəltmək istiqamətində ardıcıl və çevik siyasət yürüdür.

İdman infrastrukturunun yaradılmasını müasir dövrün tələbləri baxımından təxirəsalınmaz vəzifələrdən biri kimi müəyyənləşdirən dövlət başçımız tez bir zamanda ölkənin hər yerində istedadlı uşaqların, yeniyetmə və gənclərin yetişməsi üçün geniş imkanlar yaratdı. Prezident İlham Əliyev böyük uzaqgörənliklə və qürurla deyir: "Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir".

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan olunub. Başa çatmaqda olan 2012-ci il xalqımızın həyatında bir çox idman uğurları və hadisələri ilə mühüm iz buraxıb. Razılaşaq ki, qazanılan bütün bu uğurları bir-bir xronoloji ardıcıllıqla şərh etmək müəyyən çərçivəyə hesablanmış bir yazının imkanı xaricindədir. Təkcə XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri böyük tarixi qələbəni qeyd etmək yerinə düşər.

London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyətinin yolasalma mərasimində Prezident İlham Əliyev özünün xeyir-duasını verərək etimadını göstərdi: "İdmançılar bizim milli sərvətimizdir. Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır".

Həqiqətən də dövlət başçımızın xeyir-duasını alan və böyük dəstəyinə güvənən Azərbaycan idmançıları Londona əsl qələbə əhvali-ruhiyyəsi ilə yollandılar. Prezident İlham Əliyevin Böyük Britaniyanın Olimpiya stadionunda keçirilən XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etməsi idmançılarımızın mübarizə əzmini daha da artırdı. Ölkəmizin hesabına ilk medal məhz dövlət başçımızın da izlədiyi ağır atletika üzrə yarışda yazıldı. Prezident ilk bürünc medalın sahibi Valentin Xristovu və yığmamızın məşqçilərini elə yerindəcə təbrik etdi.

Olimpiyaçılarımızın sahib olduqları medalların sayı, dünya ölkələri arasında Azərbaycanın tutduğu yüksək mövqe Londondakı qələbəmizin möhtəşəmliyini göstərir. 200-dən çox ölkənin iştirak etdiyi Olimpiya Oyunlarında Azərbaycan 30-cu yerə sahib çıxdı. Medalların sayına görə 24-cü yerdə mövqeyini möhkəmlədən respublikamız müsəlman ölkələri arasında 3-cü, Avropa ölkələri arasında isə 15-ci oldu. İki qızıl, iki gümüş, altı bürünc aktivinə yazan idmançılarımız bütövlükdə 10 medal əldə etdilər. Bu tarixi qələbə ölkəmizdə əsl idman bayramına çevrildi. Böyük ümidlərlə və qələbə əzmi ilə Londona yola salınan olimpiyaçılarımızı xalqımız sevgi və gül-çiçəklə qalib kimi də qarşıladı.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Milli Olimpiya komandasının üzvləri orden, medal və fəxri diplomlarla təltif edildilər və onlara pul mükafatları verildi. Dövlət başçısı bu dəfə də ənənəsinə sadiq qalaraq olimpiyaçılarla görüşdü. İdmançıları və onların məşqçilərini təbrik edən Prezident bu qələbəni yüksək qiymətləndirdi: "Azərbaycan olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır... Hər dəfə milli bayrağımız qaldırılanda, Dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir. Olimpiya Oyunlarında idmançılarımız sevinclə dolu bu günləri bizə bəxş etdilər. Bizim bayrağımız 10 dəfə qaldırıldı, iki dəfə Dövlət himnimiz səsləndirildi. Bu, böyük və tarixi nailiyyətdir. Bu, böyük və tarixi qələbədir".

Londondakı möhtəşəm qalibiyyətdən sonra paralimpiyaçılarımız da Böyük Britaniyanın paytaxtına məhz bu tarixi uğura imza atmaq üçün yollandılar. London Paralimpiya Oyunlarında 21 idmançı  ilə təmsil olunan komandamız 12 medal qazandı. Paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci yeri öz adlarına yazdırmağı bacardılar. Prezident İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşərkən demişdir: "Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdılar... Mən sizinlə və olimpiyaçılarımızla Olimpiya Oyunlarının ərəfəsindəki görüşü xatırlayıram. Biz sizi yola salarkən böyük ümidlərlə gələcəyə baxırdıq. Mən şəxsən əmin idim ki, siz bizi sevindirəcəksiniz, Azərbaycan xalqını sevindirəcəksiniz. Belə də oldu".

Bu günlərdə daha bir sevindirici  xəbər Sofiyadan gəldi. Beynəlxalq Güləş Federasiyasının (FİLA) sərbəst güləş üzrə məşqçilər assosiasiyasının Bolqarıstanın paytaxtında keçirilən seminarında Toğrul Əsgərov və Şərif Şərifov dünya güləşinin nadir inciləri adlandırıldı. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudova isə 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi üçün hazırlanmış xüsusi kubok, qızıl medal və müvafiq sertifikat təqdim edildi.

Olimpiada başa çatdıqdan sonra Bakıda avqust ayında yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə keçirilən dünya çempionatı ilə növbəti olimpiya oyunlarına hazırlıq məqsədilə tədbirlərə start verildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. FİFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar dünya çempionatının açılış mərasimində iştirak edərək mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan Fransanın və Koreya Xalq Demokratik Respublikasının komandaları arasında final oyununu Prezident İlham Əliyev də izlədi.

"İdman ili"ndə qələbədən-qələbəyə medallarımızın sayı da durmadan artır. Belə ki, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirində idmançılarımız 3 qızıl, 2 gümüş  və 4 bürünc medal qazandılar.

Güləş üzrə gənclər arasında Taillandın Pattaya şəhərində keçirilən dünya çempionatı da Azərbaycan  pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qaldı. Çempionatın II və III yerlərini bölüşən Rusiya və Türkiyə millilərini geridə qoyan yığmamız 40 xalla komanda hesabında birinci oldu.

Bu günlərdə Bakıda keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında da gənclərimiz uğurla çıxış edərək 5 qızıl medalın sahibi oldular.

Qələbə seriyasında bu turnirlərin və uğurların siyahısını uzatmaq da olar. Lakin 2012-ci ilin təkcə 9 ayı ərzindəki  statistik rəqəmlərə diqqət çəkmək kifayət edər. Belə ki, ölkəmizdə  145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və yeniyetmələrimiz dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyinin də "İdman ili"nə təsadüf  etməsi ən əlamətdar hadisələrdən biridir. Azərbaycanda  idman və olimpiya hərəkatının inkişafına böyük töhfə verən MOK-un fəaliyyəti Beynəlxalq Olimpiya Komitəsi tərəfindən digər ölkələrin olimpiya komitələri üçün örnək kimi göstərilib.

Noyabrın 7-də "Buta" sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyev keçilən tarixi yola nəzər salaraq qurumun fəaliyyətini yüksək qiymətləndirdi: "Milli Olimpiya Komitəsinin  tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. Demək olar ki, 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycanda idman sahəsində, Olimpiya hərəkatı sahəsində çox böyük işlər görülmüşdür. Müstəqilliyimizin ilk illərində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qayıtdılar. Təlim-məşq prosesi üçün çox gözəl şərait yaradılmışdır. İdmanın müxtəlif növlərinin inkişafı üçün konkret addımlar atılmışdır, federasiyaların rəhbərliyi gücləndirilmişdir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə başlamış və beləliklə, idman uğurlarımızı şərtləndirmişdir".

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında idmanın rolu böyükdür. Doğrudan da, mübarizə meydanında idmançılarımızın erməni rəqiblərinə heç bir şans verməməklə güclü olduqlarını bütün dünyaya nümayiş etdirmələri əsl vətənpərvərlik nümunəsidir. Elə bu günlərdə belə bir qürurverici xəbəri Rusiyanın Anapa şəhərindən eşitdik. Anapada 25 ölkə üzrə 200-ə qədər idmançının mübarizə apardığı Avropa çempionatında gənclərimiz 5 medal əldə etdilər. Bakıdakı 143 nömrəli tam orta məktəbin X sinif şagirdi Ümid Rüstəmov 44.5 kiloqram çəki dərəcəsində Ermənistan təmsilçisini, finalda isə Gürcüstan bayrağı altında çıxış edən erməni əsilli idmançını məğlub edərək qızıl medala sahib çıxdı.

Qalib Azərbaycan gənclərinin məğlub erməni idmançılarının iradəsini sarsıtması şərəfinə beynəlxalq idman arenalarında yüksəklərə qaldırılan dövlət bayrağımız gün gələcək qələbə ünvanlı Şuşamızda, Qarabağımızda dalğalanacaqdır.            

Sarvan İBRAHİMOV

Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov