Müasir təhsilimizin sürətlə inkişafı
və dünya təhsil sisteminə inteqrasiya yolunda ali təhsil
müəssisələrinin Boloniya prosesinə qoşulması zəruri
məsələlərdən birinə çevrilmişdir. Azərbaycan Boloniya
Bəyannaməsini imzaladıqdan sonra qarşıda duran əsas
məsələ bu vacib sənəd çərçivəsində təhsil sistemini
Avropa standartlarına uyğunlaşdırmaqdır. Bununla
əlaqədar olaraq, artıq bir neçə ildir ki, Boloniya
Bəyannaməsinin tələblərinə cavab verən standartların
tətbiqinə dair sistemli iş aparılır. Respublikamızın ali
təhsil müəssisələri arasında böyük nüfuza malik olan
Bakı Dövlət Universiteti də 2006-cı ildə Boloniya
prosesinə qoşulmuş və universitetdə bu istiqamətdə bir
çox işlər görülmüşdür. Təhsil təşkilatçıları arasında öz
novatorluğu və təşəbbüskarlığı ilə seçilən BDU-nun
rektoru, akademik Abel Məhərrəmovun ciddi səyi
nəticəsində bakalavriat (əyani, qiyabi) və magistratura
pillələrində Boloniya prosesinin prinsiplərinin həyata
keçirilməsinə, kredit sisteminin və gələcəkdə distant
təhsilin tətbiqinə, həmçinin tədrisin keyfiyyətinin
yüksəldilməsinə daha ciddi nəzarət məqsədilə 2010-cu
ilin dekabr ayında BDU-nun Böyük Elmi Şurasının qərarı
və rektorun müvafiq əmrinə əsasən universitetdə Tədris
Elektron Mərkəzi (TEM) yaradılmışdır.
Mərkəzin strukturu
Tədris
Elektron Mərkəzinin yaradılmasında başlıca məqsəd
tədrisin keyfiyyətinin yüksəldilərək beynəlxalq
tələblərə cavab verən müstəviyə çıxarılmasıdır. Tədris
Elektron Mərkəzinin fəaliyyətinin bir sahəsini kameralar
vasitəsi ilə tədris prosesinə nəzarət təşkil edir. Bu
məqsədlə "BEST Telecom" MMC şirkəti ilə müqavilə
bağlanmış, hər bir fakültə daxil olmaqla 96 auditoriyada
idarəetmə kameraları quraşdırılıb istifadəyə
verilmişdir.
Alınan vizual informasiyalar həm Tədris Elektron
Mərkəzində, həm də fakültə dekanlığında paralel olaraq
baxılır və yaddaş qurğularına yazılır. Hazırda
şəbəkənin genişləndirilərək 256-ya çatdırılması üçün
akademik Abel Məhərrəmovun təşəbbüsü ilə layihə
hazırlanıb və yaxın gələcəkdə istifadəyə verilməsi
nəzərdə tutulur.
Tədris Elektron Mərkəzinə kimya elmləri doktoru,
professor Məlahət Qurbanova rəhbərlik edir. TEM-də
M.Qurbanovanın rəhbərliyi altında 17 nəfərdən ibarət
işçi qrupu çalışır. Professor Məlahət Qurbanovanın işə
məsuliyyətlə və obyektiv yanaşması sayəsində TEM-də
güclü nizam-intizama nail olunmuşdur.
Mərkəzdə tədris prosesinə, dərs yükünün bölgüsü və
yerinə yetirilməsinə nəzarət, imtahan sessiyasının
keçirilməsinin təşkili və ona nəzarət, testlərin
sistemləşdirilməsi və ekspertizası, tyutorların işinin
əlaqələndirilməsi və ona nəzarət, proqram təminatı və
texnoloji xidmət, statistik məlumatlar adlı qruplar
fəaliyyət göstərir.
Tədris
prosesinə nəzarət
Tədris
Elektron Mərkəzinin strukturuna daxil olan qruplardan
biri tədris prosesinə nəzarət qrupudur. Bu qrup
tərəfindən dərslərə 2 növbədə nəzarət olunur,
gecikmələr, boş keçən, əvəz olunan, vaxtından əvvəl
qurtaran dərslər qeydə alınır. Nəticədə fakültəyə
göndərilən bildirişlər əsasında komissiya tərəfindən
yekun aylıq iclas keçirilir və Azəbaycan Respublikasının
Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən rektorun
əmrilə müvafiq intizam tənbehləri verilir. Qrup bundan
başqa, dərslərin keyfiyyətinə də nəzarət edir.
Keyfiyyətsiz dərslərin videomaterialları müzakirə üçün
fakültə metodiki şurasına təqdim edilir. Müzakirənin
nəticəsinə əsasən müvafiq tədbirlər görülür və Tədris
Elektron Mərkəzinə məlumat verilir.
Dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət
Tədris Elektron Mərkəzində dərs yükünün bölgüsü və
yerinə yetirilməsinə nəzarət qrupu da fəaliyyət
göstərir. Dərs yükünün bölgüsü Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215
saylı qərarına, Boloniya prosesinə keçidlə əlaqədar
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş müvafiq əmr, təlimat və
normativlərə, BDU Elmi Şurasının qərarlarına,
magistratura və doktorantura üzrə müəyyən edilmiş
minimum normalara əsasən aparılır.
İmtahan sessiyasının keçirilməsinin təşkili və ona
nəzarət
TEM-də
həmçinin imtahan prosesinin keçirilməsi və ona nəzarət
qrupu da fəaliyyət göstərir. Bu qrupun vəzifələrinə
Yekun Dövlət İmtahanının (YDİ), əyani və qiyabi şöbə
üzrə semestr imtahanlarının təşkili, keçirilməsi, yazı
işlərinin obyektiv yoxlanılmasının təmin edilməsi
daxildir. Əyani şöbədə semestr imtahanları yazılı
monitorinq formasında, qiyabi şöbədə isə test üsulu ilə
aparılır. İmtahanlar kompüter otaqlarında 2 növbədə
həyata keçirilir. Eyni vaxtda 400 tələbənin sistemdə
test üsulu ilə imtahan verməsi üçün şərait
yaradılmışdır. İmtahanın nəticələri bir saat müddətində
açıqlanır. Qeyd etmək lazımdır ki, TEM yaradıldıqdan
sonra imtahanlarda köçürmə halları aradan
qaldırılmışdır.
Testlərin sistemləşdirilməsi və ekspertizası
Tədris Elektron Mərkəzində fəaliyyət göstərən daha bir
qrup testlərin sistemləşdirilməsi və ekspertizası
qrupudur. Qeyd etdiyimiz kimi, qiyabi şöbədə təhsil alan
tələbələrin imtahanları test üsulu ilə aparılır və
fənlər üzrə testlər fənni tədris edən müəllimlər
tərəfindən tərtib olunur, kafedra müdiri və fakültə
metodik şurası tərəfindən təsdiqlənmiş formada TEM-ə
təhvil verilir. Testlərə müsbət rəy alındıqdan sonra
isə fakültə tyutorları tərəfindən sistemləşdirilərək
CLİX sisteminə vurulur. Hazırda CLİX sistemində 1500
fənn üzrə 495000-dən çox test var. Gələcəkdə qarşıya
qoyulan məqsəd testlərin sayını artırmaqla hər bir fənn
üzrə test bankı yaratmaqdır.
Tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət
Qrup
tələbələrin fərdi tədris planlarının fakültə tyutorları
tərəfindən düzgün həyata keçirilməsinə, fakültələrarası
və universitetlərarası kreditlərin götürülməsinə, kredit
borcu qalan tələbələrin aşağıdan kredit götürmələrinə,
yay semestrinin təşkilinə, fənlər üzrə mühazirələrin
elektron variantının CLİX-sə yüklənməsinə, tyutorların
fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi və
kateqoriyalara bölünməsinə nəzarət edir.
Qeyd edək ki, Bakı Dövlət Universitetində 2008-ci ildən
başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron
cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Boloniya
prosesinin prinsiplərinin və "Virtual Universitet"in
təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar
tyutor hazırlığı kursları başlanmış və nəticədə BDU və
digər ali təhsil ocaqları üçün 146 tyutor (akademik
məsləhətçi) hazırlanmışdır. Hazırda BDU-da 100-ə yaxın
tyutor çalışır.
Proqram təminatı və texnoloji xidmət
Bakı Dövlət Universitetində Boloniya sistemi ilə təhsil
alan tələbələrin vahid elektron bazasını yaratmaq
məqsədi ilə proqram təminatı hazırlanmışdır. Bu proqram
vasitəsi ilə təhsil alan bütün tələbələrin siyahısı və
onlar haqqında zəruri məlumatlar (qəbul əmrinin nömrəsi
və tarixi, təhsil ili, qrup, şöbə, qəbul balı və s.,
eyni zamanda təvəllüdü, doğulduğu yer, ünvanı, telefonu,
elektron ünvanı, şəxsiyyət vəsiqəsi, attestat balı,
şəkli və s.) tyutorlar tərəfindən bazaya daxil
edilmişdir.
Tələbələrin
universitetdə təhsil aldıqları müddətdə onlara aid olan
bütün hərəkət sistemi və əmrlərinin mütəmadi olaraq
bazaya işlənməsi mexanizmi yaradılmışdır ki, bunun da
nəticəsində tələbə kontingenti haqqında bütün
məlumatların operativliyi təmin ediləcəkdir.
Hər bir fakültədə ixtisaslar üzrə tədris planları
tədris ilinə, semestrə uyğun olaraq bazaya daxil edilir.
Bunun nəticəsində tədris ili üzrə bütün tədris
planlarını istənilən vaxt çap etmək və kredit borcu
olan tələbələri alt qruplarda (akademik borcu olan
tələbələr nəzərdə tutulur) yerləşdirmək üçün istifadə
etmək mümkün olur.
Mövcud tədris planlarının əsasında imtahan vərəqləri
hazırlanır, sessiyanın nəticəsi olan imtahan vərəqləri
bazaya daxil edilir və ümumiləşdirilir, eyni zamanda
kredit borclarını ödəmək üçün təkrar imtahan
vərəqlərinin tərtib edilməsi, onların bazaya daxil
edilməsi də həyata keçirilir. Sistem özü nəticələri
qiymətləndirir və ümumiləşdirir. Hazırda əyani şöbədə
təhsil alan bütün tələbələrin imtahan nəticələri bazaya
daxil edilmişdir. Jurnalların elektron variantının
hazırlanması, davamiyyət və qiymətlərin mütəmadi
izlənməsi üçün veb səhifəsinin hazırlanması proqramın
yeni funksiyalarındandır. Elektron jurnalın yaradılması
nəticəsində proqram vasitəsi ilə jurnaldan qiymətlər,
qayıblar ümumiləşdirilir, bal vərəqləri formalaşdırılır
və tələbənin imtahanaqədərki balı avtomatik hesablanaraq
siyahı şəklində çap olunur. Bundan başqa, tələbə bu
hesablanmış bal vərəqini öz imzası ilə təsdiq edir və
imtahan vərəqləri həmin bal göstərilməklə çap edilir.
Statistik məlumatlar
TEM-də fəaliyyət göstərən daha bir qrup statistik
məlumatlar qrupudur. Qrupun fəaliyyəti baza əsasında
bütün statistik məlumatların əldə edilməsindən
ibarətdir. Qrup fakültənin kontingenti haqqında,
tələbənin fərdi tədris planları, topladığı kreditlər və
kredit borcları, sessiyanın nəticələri əsasında qrupun
müvəffəqiyyət və keyfiyyət göstəriciləri, sessiyanın
nəticələri əsasında fakültə üzrə müvəffəqiyyət və
keyfiyyət faizini əks etdirən cədvəllər və diaqramlar,
kredit borcu olan tələbələrin siyahıları, təqaüdlərin
hesablanması, passiv tələbələrin fakültələr üzrə sayının
müəyyənləşdirilməsi, universitet fənləri üzrə
tələbələrin müvəffəqiyyət, keyfiyyət göstəriciləri və s.
haqqında statistik məlumat toplayır.
Tədris Elektron Mərkəzinin rəhbəri, professor Məlahət
Qurbanovanın verdiyi məlumata görə, mərkəz gələcəkdə
valideynlərin tələbənin təhsil aldığı müddətdə qazandığı
bütün nəticələrini (davamiyyət, topladığı kreditlər,
semestr balları, imtahan balları, töhmətlər, təltiflər
və s.) İnternet vasitəsilə izləyə bilməsi, distant
təhsilin tətbiqi üzrə hazırlıq işlərinin aparılması,
daha çox multimedia kurslarının hazırlanması, virtual
CLASS ROOM-ların yaradılması, Boloniya prosesinin
tələblərinin tam şəkildə tətbiqinə nail olunmasını
planlaşdırır.
BDU-da professor-müəllim heyəti və tələbələrin Tədris
Elektron Mərkəzi haqqında fikirlərini öyrənməyə
çalışdıq.
Mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri
doktoru, professor Xudaverdi Qənbərovun dediklərindən:
Bakı Dövlət Universitetində Tədris Elektron Mərkəzinin
yaradılması universitetin həyatında çox vacib olan
müsbət dəyişikliklərə səbəb oldu. Belə ki, tələbələrin
imtahan vermə prosesinə ciddi elektron nəzarəti
nəticəsində köçürmə hallarına son qoyuldu. Tələbələr
başa düşdülər ki, imtahan zamanı artıq köçürmə mümkün
deyil və imtahana ciddi hazırlaşmaq lazımdır. Dərs
prosesinə elektron nəzarət həm müəllimlərin, həm də
tələbələrin məsuliyyətini xeyli artırdı. Nəticədə dərsə
gecikmək və dərsdən çıxmaq, mühazirə əvəzinə kənar
söhbətlərə yol vermək, mühazirə deyən müəllimlərin
"diktant" şəklində tələbələrə mətni yazdırmaq və digər
neqativ hallar aradan qalxdı.
Arzu edərdik ki, mühazirə oxunan bütün auditoriyalarda
elektron nəzarət sistemi mövcud olsun. Bu həm
müəllimləri, həm də tələbələri mühazirəyə və seminara
daha ciddi hazırlaşmağa məcbur edən bir amildir.
Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Fərahim
Baratın dediklərindən:
Tədris Elektron Mərkəzi universitetdə fəaliyyət göstərən
və peşəkar kollektivi olan önəmli şöbələrdəndir.
Dərslərin intizamlı, imtahanların şəffaf keçirilməsində
əsas rol oynayan mərkəz hər birimizi daha da
məsuliyyətli olmağa sövq edir. Ən əsası imtahanlarda
kamera qarşısında olduğumuza görə köməkçi vasitələrdən
istifadə etmək mümkün deyil. Bununla da hər kəs öz
gücünün nəyə layiq olduğunu dəqiqləşdirir və beləliklə,
şəffaf mühitdə təhsil alan tələbə gələcəkdə cəmiyyətdə
də kifayət qədər obyektiv və şəffaf olmağa vərdiş edir.
Mən bir tələbə kimi TEM-in fəaliyyətini alqışlayır və
elektronlaşmanın tətbiq olunmasını təqdirəlayiq hesab
edirəm. Belə bir şəraitin universitetimizdə yaradılması
üçün zəhməti keçən hər bir şəxsə minnətdarlığımı
bildirirəm.
Bəli, müşahidələrimiz göstərdi ki, BDU-da yaradılmış
Tədris Elektron Mərkəzi yeni yaranmasına baxmayaraq,
obyektiv və intizamlı fəaliyyətinə görə istər
müəllimlərin, istərsə də tələbələrin rəğbətini
qazanmışdır və bu ali təhsil ocağının sürətlə
inkişafında müstəsna rol oynayır.
Niyazi RƏHİMOV |