Son vaxtlar VMA-ların yaranması ilə bağlı valideynlərin
və məktəb kollektivlərinin müraciətləri çoxalıb.
Bununla əlaqədar Azərbaycan Valideyn-Müəllim
Assosiasiyası İctimai Birliyi öz maarifləndirmə işlərini
genişləndirib. Təkcə noyabr ayının əvvəlindən başlayaraq
Bakının Xəzər, respublikanın İsmayıllı və Şamaxı
rayonlarında valideyn və müəllimlərlə geniş ictimai
maarifləndirmə görüşləri keçirilib.
Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbdə
valideynlərin təşəbbüsü ilə keçirilən görüşdə 100-dən
çox valideyn, müəllim, məktəbətrafı icmanın üzvləri və
məktəb rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Görüşdə AVMA-nın proqram rəhbəri Ş.Rəcəbov və təlimçi
E.Sadiq iştirak etmişlər. Valideynlər belə qurumun
məktəbə xeyrindən, məktəbdaxili münasibətlərin düzgün
qurulmasındakı rolundan danışıblar. İki nəvəsi bu
məktəbin şagirdi olan G.Bayramova məktəbin yeni
rəhbərliyinin müsbət işindən, bu işlərin valideynlərlə
əməkdaşlıq sayəsində qurulmasından danışdı. VMA-nın
təşəbbüskarı, valideyn Eyvaz Səfiyev müəllim-valideyn
münasibətlərinin səmərəli inkişafının, cəmiyyət üçün
faydalı insanın böyütməsində əsas məqam olduğunu, bunun
üçün VMA-nın məktəblərdə yaranmasına böyük ehtiyac
yarandığını vurğuladı.
Noyabrın 20-də Azərbaycan Valideyn-Müəllim Assosiasiyası
İctimai Birliyinin rəhbərliyi və İdarə Heyətinin üzvləri
İsmayıllıda rayon təhsil şöbəsinin rəhbərliyi, məktəb
direktorları, müəllim və fəal valideynlərlə görüş
keçirmişlər. Görüşdə AVMA İB tərəfindən birliyin icraçı
direktoru Təranə Şərifova, AVMA İB İdarə Heyətinin
üzvləri, Bakıdakı 291 nömrəli "Araz" Ekologiya
liseyinin direktoru Südabə Mikayılova, 152 nömrəli
məktəbin direktoru Gülarə Verdiyeva və AVMA İB proqram
rəhbəri Şahin Rəcəbov iştirak etmişlər.
Görüşdə valideynlərin məktəbə cəlb olunması, valideyn
məsuliyyəti, VMA-ların yaradılması, təhsildəki inkişaf
və problemlər müzakirə olunmuşdur. Görüşü açan rayon
təhsil şöbəsinin müdiri Rasim Orucov görülən işlərdən
və VMA-ların təhsilin inkişafında böyük rol oynadığından
danışdı. AVMA İB-nin icraçı direktoru Təranə Şərifova
valideynlərin məktəbə cəlb olunması problemi,
valideyn-müəllim münasibətləri, VMA-ların məktəbə,
ailəyə, yəni valideynə, müəllimə və şagirdlərə xidmət
etməsi barədə ətraflı məruzə ilə çıxış edərək verilən
sualları cavablandırdı.
İsmayıllı şəhər 3 nömrəli məktəbin
direktoru Əhmədağa Ələkbərov çıxış edərək məktəbdə
görülən işlər, VMA-ın əhəmiyyəti barədə danışdı.
İsmayıllı təhsilinin göstəricilərinin yüksək olduğunu,
burada işə məsuliyyətlə yanaşıldığını bildirən direktor
valideynlərin məsuliyyətinin artırılmasına, bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac
olduğunu qeyd etdi. O, belə görüşlərin tez-tez
keçirilməsini təklif etdi.
İsmayıllı rayon Təzəkənd kənd M.Əzimov adına tam
orta məktəbinin direktoru Elxan Bədəlov çıxış edərək
məktəbin uğurları, "Ən yaxşı ümumtəhsil məktəbi" adına
layiq görülməsi barədə danışdı. Elxan müəllim
direktorların stimullaşdırılmasına ehtiyac olduğunu
bildirdi.
Tanınmış pedaqoq, İsmayıllı şəhər 1 nömrəli məktəbin
direktoru Şəfaqət Rəsulov İsmayıllıda görülən işlərin
təhsilin inkişafında özünəməxsus yeri olduğunu təhsil
naziri tərəfindən dəfələrlə qeyd edildiyini xatırlatdı.
Şəfaqət müəllim qeyd etdi ki, valideynlərin
maarifləndirilməsinə böyük ehtiyac var. Bunun üçün
toplantılar keçirilməli, TV kanalı yaradılmalı, qəzet
buraxılmalıdır.
İsmayıllı rayon Qalınçaq kənd məktəbinin
direktoru Xalid Seyidov da VMA-ların məktəbdə gördüyü
işlərin əhəmiyyətli inkişafa səbəb olduğunu bildirdi,
rəhbərlik etdiyi məktəbdə VMA-nın 2006-cı ildən
fəaliyyət göstərdiyini və nəticədə şagirdlərin
stimullaşdırılması, valideynlərin məktəbin bütün
problemlərinin həllində fəal iştirakları barədə məlumat
verdi. X.Seyidov İsmayıllı Rayon Təhsil Şöbəsi müdirinin
hər zaman VMA-ların fəaliyyətinə dəstəyini xüsusi
vurğuladı. O, həmçinin şəhər və kənd məktəblərinin canlı
əlaqələrinin artırılmasının vacibliyini vurğuladı.
3 nömrəli məktəbin valideyni Ramiz Səfərov valideynlərlə
işləyən bir qurum kimi VMA-nın yaradılmasını
dəstəklədiyini bildirdi, məktəbdə VMA-ların
fəaliyyətinin qanunvericiliyə uyğun təşkili üçün AVMA
İB-nin nümayəndələrindən bu işdə köməklik göstərmələrini
xahiş etdi.
İsmayıllı şəhər 2 nömrəli məktəbin direktoru
Ramil Dadaşov və İsmayıllı kənd tam orta məktəbinin
direktoru Qalib Bəşlirov, Qoşakənd məktəbindən
Ziyəddin Mövlanov da çıxış edərək uğurlarından
danışdılar və qeyd olunan problemlərə öz münasibətlərini
bildirdilər. Onlar adi kənd məktəbinin uğurlarını qeyd
edərək, kənd məktəblərinin şəhər məktəblərindən heç də
geri qalmadığını, təhsil göstəricilərinin yüksək
olduğunu, məktəbyanı sahələrin VMA-ların dəstəyi ilə
səmərəli istifadə olunması, şagird üçün yararlı təhsil
şəraitinin qurulmasına yönəldilməsi, məktəbi uşağın əsl
dostuna çevirmək üsullarından danışdılar.
İsmayıllı şəhər 6 nömrəli məktəbin fəal valideyni Şahin
Xələfov valideynlərin məsuliyyətinin artırılmasının
vacibliyini qeyd etdi. Bir çox valideynlər övladlarının
öhdəsindən gələ bilmədiyindən tərbiyə işini məktəbin
üzərinə qoyurlar fikrinə münasibət bildirdi. Valideyn
qeyd etdi ki, təhsil şöbəsi rayonda təhsilin inkişafı
üçün çox işlər görüb.
Sonra Bakıdakı AVMA İB İdarə Heyətinin üzvü, 291
nömrəli "Araz" Ekologiya liseyinin direktoru Südabə
Mikayılova AVMA-nın ilk gündən apardığı təhsil üçün
faydalı işlərdən, burada məktəb direktorunun rolundan və
təhsildə aparılan uğurlu islahatlardan danışdı.
Şamaxı şəhərində də 100-ə yaxın təhsil işçisinin və
valideynlərin iştirakı ilə maraqlı müzakirələr
keçirildi. Görüşü açan Şamaxı Rayon Təhsil Şöbəsinin
müdiri Səadət Veysova AVMA İB rəhbərliyi ilə dəfələrlə
əlaqə saxladığını və rayona dəvət etdiyini bildirdi.
VMA-nın yaradılmasının əhəmiyyətli olduğunu vurğulayan
TŞ müdiri artıq bu işdə əməli fəaliyyətin təşkili üçün
şərait yarandığını bildirdi.
Çıxış edən AVMA İB-nin icraçı direktoru Təranə Şərifova
İsmayıllı kimi Şamaxıda da YUNİSEF və Təhsil
Nazirliyinin dəstəyi ilə yeni - "Məktəb uşağın dostudur"
layihəsinin həyata keçiriləcəyini və VMA-ların
yaradılmasının vacibliyini vurğuladı. Valideyn
məsuliyyətindən danışan Təranə xanım valideynlərin
məktəbə necə cəlb olunması mövzusuna toxundu.
Sonra şəhər 2 nömrəli məktəbin direktoru Gülnisə
Ələkbərova, Texniki və Təbiət Humanitar fənlər təmayüllü
liseyin hərbi rəhbəri və valideyni Mürsəl Əsədov çıxış
etdilər. İştirakçıların əksəriyyəti valideynlərin
məktəbə gəlişində son dövrdə müəyyən fəallıq olduğunu
bildirdilər. Valideynlərin məktəbə gəlməməsinin əsas
səbəbi kimi uşağının tərbiyəsi və təhsili ilə məşğul
ola, hətta bəzən uşağının öhdəsindən gələ bilməmələri
göstərildi.
Çıraqlı məktəbinin
direktoru Ramiz Məmmədov məktəbli formasının tətbiqini
sosial ədalətin bərpa olunması kimi yüksək
qiymətləndirdi. O, həmçinin VMA-ların yaradılmasının
vacibliyini vurğulayaraq VMA və məktəb
maliyyələşdirilməsi istiqamətində məktəb direktorları
üçün maarifləndirici təlimlərin də keçirilməsinə ehtiyac
olduğunu qeyd etdi.
Şamaxı Avropa liseyinin
direktoru Məzahir Məmmədov, 1 nömrəli məktəbin
direktoru Dilarə Rüstəmova məktəbdə VMA-ların
yaradılması və görülmüş işlər barədə məlumat verdilər.
3 nömrəli məktəbin
nümayəndəsi Sevda Əliyeva, Nağaraxana məktəbinin
direktoru məktəbdə valideynlərin əsasən yığıncaqlarda
hansı məsələləri qaldırdıqları sualına, dərsliklərə
münasibət, məktəbli forması və s. problemləri misal
çəkdilər. Natiqlər VMA-ların davamiyyət, məktəbli
forması, valideyn-müəllim əməkdaşlığı, stimullaşdırma
məsələlərində əvəzedilməz rolunu qeyd etdilər. Onlar
həmçinin, məktəblərində yaradılmış VMA-ların fəaliyyəti
və rəsmiləşdirilməsi üçün AVMA İB-dən müvafiq dəstək
istədilər.
Valideyn H.Əskərov məktəb rəhbərlərinin və müəllimlərin
hər bir uşağa və valideynə fərdi yanaşmasının
vacibliyini, məktəblə ailə arasında hər iki tərəfin
vəzifə və səlahiyyətlərini əks etdirən müqavilənin
olmasını təlim-tədrisə təkan verən amil kimi qeyd etdi.
AVMA İB-nin eksperti Şahin Rəcəbov bəzi hallarda
VMA-larda yığılan üzvlük haqqını fond pulu
adlandırılmasının təhlükəli olduğunu qeyd etdi. O
bildirdi ki, VMA da yalnız könüllü üzvlük haqqı və
ianələr qanuni və şəffaf formada, qəbzlə həyata
keçirilir. Amma bəzən bunu fond pulu adlandırmaq əslində
VMA-nın və məktəblərin nüfuzuna xələl gətirir. Əslində
VMA bütün qanunsuz pul yığılmalarının aradan
qaldırılması və valideynlərin məktəbə töhfəsinin
təşkili, ən əsası məktəbə valideynlərin cəlbi və
partnyor münasibətlər əsasında onların təlim-tədris
prosesində pozitiv iştirakının təmin olunması və son
anda uşaqlar üçün yararlı təhsil mühitinin
formalaşdırılması üçün yaradılıb.
Sonra AVMA İB İdarə Heyətinin üzvü, Bakı şəhəri 152
nömrəli məktəbin direktoru Gülarə Verdiyeva VMA-nın
məktəbdə olan üçtərəfli münasibətlərə gətirəcək
faydasından, məktəb direktorunun üzərinə düşən
məsuliyyətin valideynlərlə bölüşməsindən, valideynlər
arasında kurikulumla bağlı maariflənməyə olan ehtiyacdan
danışdı.
Sonda çıxış edən AVMA İB icraçı direktoru Təranə
Şərifova bir müddət sonra qurumun ekspert qrupunun
regiona səfər edəcəyini və hər məktəbdə valideyn-müəllim
icması ilə görüşərək maarifləndirmə aparacağını,
VMA-ların yaradılması və sənədləşdirilməsi üçün müvafiq
təşkilati köməkliyin göstəriləcəyini bildirdi. O qeyd
etdi ki, müvafiq layihə çərçivəsində monitorinq və
maarifləndirmə kampaniyaları da keçiriləcək.
"Azərbaycan müəllimi" |