Noyabrın
24-də Bakı Dövlət Universitetində (BDU) Çinin Sinxua
Xəbər Agentliyinin və BDU nəzdində Konfutsi İnstitutunun
"Çin - Şərqdən gələn dostluq" adlı ilk fotosərginin
açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan ilə Çin arasında
diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr
olunmuş sərgi Sinxua Xəbər Agentliyinin Bakı bürosunun,
BDU nəzdində Konfutsi İnstitutunun və Çinin Anxoy
Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Mərasimdə çıxış edən BDU-nun rektoru, Milli Məclisin
deputatı akademik Abel Məhərrəmov universitetin nəzdində
2004-cü ildən başlayaraq Çin dilinin tədris edildiyini
bildirmişdir. Ümummilli lider Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi illərdə də, bu gün də
ölkəmiz ilə Çin arasında əlaqələrin inkişaf etdiyi
diqqətə çatdırılmışdır. Rektor Asiya ölkələri dillərinin
universitetdə tədrisinin də bu siyasət əlaqələrinin
davamı olduğunu demişdir. Azərbaycan ilə Çin arasında
bütün sahələrdə, o cümlədən də təhsil sahəsində
əlaqələrin inkişaf etdiyini deyən A.Məhərrəmov BDU
nəzdində Konfutsi İnstitutunun yaradılmasının bu
münasibətlərin nəticəsi olduğunu vurğulamışdır. O,
universitetdə belə bir sərgini təşkil etdikləri üçün
Çinin Azərbaycandakı səfiri Xun Tsyuinə, Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru
Aslan Aslanova və təşkilatçılara təşəkkürünü
bildirmişdir.
Tədbirdə Sinxua Xəbər Agentliyinin Moskva bürosunun
Asiya-Avropa bölməsinin rəhbəri xanım San Xua Azərbaycan
ilə Çin arasında diplomatik əlaqələrin yüksək səviyyədə
olduğunu bildirmişdir. S.Xua "Çin - Şərqdən gələn
dostluq" adlı ilk fotosərginin Azərbaycan Respublikası
ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi münasibətilə təşkil edildiyini
bir daha diqqətə çatdırmışdır.
Nümayəndə Sinxua fotoqalereyasının şəkilləri əsasında
yaradılan sərginin ölkələrimiz arasında dostluq
əlaqələrinin inkişafına xidmət etdiyini,
azərbaycanlıların Çin xalqının mədəniyyəti və incəsənəti
ilə yaxından tanış olacaqlarına əminliyini bildirmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov sərgini
Azərbaycan və Çin arasındakı dostluq əlaqələrinin
nəticəsi kimi qiymətləndirmişdir. A.Aslanov ölkələrimiz
arasında dostluq münasibətlərinin qədim tarixi olduğunu
söyləmişdir. Baş direktor bu münasibətlərin əsasının ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində
qoyulduğunu diqqətə çatdırmış, bu gün Çinin Sinxua Xəbər
Agentliyi ilə AzərTAc arasında geniş əməkdaşlıq
əlaqəsinin olduğunu söyləmişdir. A.Aslanov
agentliklərimiz arasında dostluq münasibətlərinin bu gün
daha da inkişaf etdiyini, qarşılıqlı informasiya
mübadiləsi aparıldığını diqqətə çatdırmışdır. Baş
direktor onu da bildirmişdir ki, dünyada ən nəhəng xəbər
agentlikləri qurumlarından biri Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Alyansıdır ki, burada
dünyanın 33 ölkəsi birləşmişdir. A.Aslanov Çinin Sinxua
Xəbər Agentliyi və AzərTAc-ın baş direktorlarının həmin
alyansın altı nəfərdən ibarət büro üzvlərindən
olduqlarını diqqətə çatdırmış, Bakıda Sinxua Xəbər
Agentliyinin müxbir məntəqəsinin, Pekində isə AzərTAc-ın
müxbir məntəqəsinin fəaliyyət göstərdiyini vurğulamışdır.
Baş direktor bu fotosərginin AzərTAc-da davam edəcəyini
söyləmiş və sərginin təşkilatçılarına təşəkkürünü
bildirmişdir.
Sonra mərasim iştirakçıları fotosərgi ilə tanış olmuşlar.
Mərasimdə Çinin Azərbaycandakı səfiri Xun Tsyuin,
səfirliyin hərbi attaşesi Liu Hun, birinci katibi xanım
Li Yunxuy, Sinxua Xəbər Agentliyinin Asiya-Avropa
Bürosunun marketinq üzrə meneceri Van Tsıbo Yan iştirak
etmişlər. |