Məlum olduğu kimi, noyabrın 26-28-də Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər
İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası
Təhsil Menecmenti Universitetinin birgə təşkilatçılığı
ilə "Müəllim hazırlığının müasir problemləri: təhsildə
elmi və texnoloji innovasiyalar" mövzusunda II
Beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan,
Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan,
Hindistan, İspaniya, Belarus və Uruqvayın bir sıra ali
məktəblərinin rektorları, tanınmış pedaqoqlar və elm
adamları iştirak ediblər. Beynəlxalq konfransın işində
iştirak edən bir sıra ölkələrin təhsil qurumlarının
nümayəndələri "Azərbaycan müəllimi" qəzetinə verdikləri
müsahibələrdə müzakirə olunan məsələlər barədə öz
fikirlərini bölüşüblər.
"Bu konfransın çox ciddi, müsbət nəticələri olacaq"
Türkiyənin
Ağrı İbrahim Çeçen Universitetinin tarix bölümünün
müdiri, tarix elmləri doktoru Ramazan Uslu:
Bu konfrans həm təhsil işçiləri, həm də ölkələr arasında,
özəlliklə də Qafqaz regionu ölkələri arasında çox
önəmlidir. Çünki biz illərdir ki, bu coğrafiyada
sıxıntlar, müharibələr içində yaşamışıq, mübarizə
aparmışıq, itkilər, qurbanlar vermişik, bu mənada, onu
deyə bilərik ki, bu toplumların rifahı üçün bərabər
yaşamağı öyrənmək lazımdır. Bərabər yaşamağı öyrədəcək,
bu toplumlara bilgi verəcək, bərabər yaşamaq
mədəniyyətini öyrədəcək insanlar isə təhsil işçiləridir.
Bu təhsil işçiləri müasir dünya standartları ilə təhsil
verə biləcək müəllim hazırlamalıdır. Təhsil isçiləri
arasında bu cür konfransların keçirilməsi, təcrübə
mübadiləsinin aparılması çox önəmlidir. Ortaq nöqtədə
təhsilimizi və gənclərimizi inkişaf etdirmək üçün
vacibdir. Ona görə də bu cür konfransların təşkil
edilməsi həm tədbirə ev sahibliyi edən ölkə, həm də
iştirakçı ölkələrin nümayəndələri üçün coğrafi baxımdan
əhəmiyyətlidir.
Region ölkələri təmsilçilərinin bu tədbirdə iştirak
etmələri və onların konfransda müzakirə olunan təhsil
konsepsiyaları, metodları, müəllim hazırlığı sahəsində
aparılan təcrübə mübadiləsini öz vətənlərində
həmkarlarına çatdırması çox önəmlidir. Bu mənada tədbir
Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya üçün çox vacib
tədbirdir. Zənn edirəm ki, bu konfransın çox ciddi,
müsbət nəticələri olacaq. Gələn qonaqlar çox hazırlıqlı
gəliblər. Öz fikirlərini bölüşürlər. Təhsil
ekspertlərinin bu konfransdakı çıxışları, paylaşdıqları
təcrübə kitab kimi dərc olunacaq. Bundan da insanlar
istifadə edəcək. Konfrans çox gözəl, yüksək səviyyədə
təşkil edilib. Yüksək təşkilatçılıq özünü göstərdi.
Bunun ən bariz nümunəsi isə ölkənin təhsil nazirinin
tədbirdə iştirak etməsi və öz fikirlərini təhsil
nümayəndələri qarşısında ifadə etməsidir. Nazirin
çıxışının iştirakçı ölkələrin nümayəndələri tərəfindən
çox məmnunluqla qarşılanması təqdirəlayiq haldır. Bu
mənada tədbirin təşkilinə görə təşkilatçılara, başda
hörmətli nazir olmaqla, Türkiyədən gəlmiş nümayəndələr
adından təşəkkür edirəm.
Qloballaşan dünyada təhsil metodları insanların çox
rahatlıqla əldə edə biləcəyi bir sistem halına gəlmişdir.
Televiziya, İnternet, başqa ölkələri gəzib-görmək
insanların məlumatlılıq səviyyəsini artırır. Bu mənada
Azərbaycan qloballaşan dünyada İKT texnologiyalarını öz
ölkəsinə gətirən, ölkənin təhsil sistemində sürətlə
tətbiq edən bir ölkədir. Ən sürətli inkişaf edən
ölkədir. Lakin bu prosesdə diqqət yetirməli olduğumuz
bir məqam var. İKT texnologiyalarından istifadə edərkən
milli mənəvi dəyərlərimizi itirməməyimiz lazımdır. Bu,
bizim üçün çox önəmlidir. Azərbaycanın 20 ildə keçdiyi
yolu biz 60-70 ildə keçmişik. Biz cümhuriyyət qurmuşuq
və çətinliklərlə qarşılaşmışıq. Təhsil naziri Misir
Mərdanov bugünkü çıxışında 2500 məktəbin tikilib təmir
olunmasından bəhs etdi. 1930-1950-ci illərdə biz bunun
onda birini etmişik. Azərbaycan Türkiyə üçün vacib
ölkədir. Buna görə də iki ölkə arasında təhsil
əlaqələrinin geniş inkişafı vacibdir. Arzu edirəm ki,
Azərbaycandan bir çox təhsil işçiləri, professorlar
Türkiyəyə gəlsin, təhsil-tədris sistemində olan
yeniliklərlə tanış olsun və onları Azərbaycana
gətirsinlər. Bu hər iki tərəf üçün vacibdir. Hazırda
ölkələrimiz arasında tələbə mübadiləsi, əməkdaşlıq
layihələri həyata keçirilir. Universitetlərimiz arasında
əməkdaşlıq memorandumu imzalanıb, professor-tələbə
heyətləri arasında mübadilə mövcuddur. Təmsil etdiyim
ali təhsil ocağı Naxçıvan Muxtar Respublikası ilə
həmsərhəd bölgədə yerləşir. Bizim universitetin tarix
dərsliklərində Azərbaycan tarixi də tədris olunur. Çünki
biz Azərbaycan tarixini Türkiyə tarixindən ayırmırıq.
"Azərbaycanın təhsil sisteminə çoxlu yeniliklər
gətirilib"
Pakistan
Milli Elm və Texnologiyalar Universitetinin müəllimi
Əminə Əmir-üd-Dir Çuqtay:
İlk növbədə, belə bir tədbirdə iştirak etməyim üçün
yaradılmış imkana görə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutunun
rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Bu
gün Azərbaycanın təhsil naziri Misir Mərdanov və
Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının
çıxışları oldu. Mən Azərbaycanda olmağımdan çox məmnunam.
Azərbaycanın təhsil sistemində aparılan islahatlarla
tanış oldum. Azərbaycanın təhsil naziri Misir Mərdanovun
çıxışından çox məmnun qaldım. Azərbaycanın təhsil
sisteminə çoxlu yeniliklər gətirilib. Bu islahatlar
Azərbaycanda təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində,
təhsilində böyük rol oynayacaq. Tədbirdə iştirak
etməyim sübut edir ki, Azərbaycanla Pakistan qardaş
ölkədir və yaxşı əlaqələrimiz mövcuddur. Pakistanın
Pəncab Universiteti ilə Azərbaycan Müəllimlər
İnstitutunun əlaqələri var. Gələcəkdə bu əlaqələrin
inkişaf etməsini, AMİ-də müəllim hazırlığı və
ixtisasartırma kurslarında fəal iştirak etmək istərdim.
Pakistanda özəl və dövlət məktəbləri var. Özəl
məktəblərdə təhsil demək olar ki, Avropa sisteminə
əsaslanır. Onların kurikulumları da Böyük Britaniyada
tətbiq olunan kurikulumlardır. Dövlət təhsil
müəssisələri isə öz fəaliyyətini yerli təhsil
standartları əsasında həyata keçirir. Orta məktəbləri
başa vuran məzunlar universitetlərə daxil olduqda orada
qarışıq (dövlət və ya özəl sektor birləşir) sistemlə
təhsil alırlar. Təhsildə keyfiyyətin təmin olunması
məsələsi olduqca vacib bir problemdir. Hazırda İKT-nin,
medianın inkişaf etdiyi bir dövrdə yaxşı müəllimlərə çox
böyük ehtiyacımız var. Buna görə də istər Pakistanda,
istərsə də Azərbaycanda İKT-nin sürətli inkişaf etdiyi
bir şəraitdə bizim tələbələrə güclü, savadlı müəllimlər
lazımdır ki, uşaqları gələcəyə əsl vətəndaş kimi
hazırlayaq. Müəllim kadrlarının hazırlanması hər bir
cəmiyyətin inkişafının təməlidir. Mən burada eşitdim və
çox şadam ki, Azərbaycanda bu işə böyük diqqət
yetirilir və bütün səylər gələcək nəslin inkişafına
yönəldilir.
Azərbaycanda özümü öz vətənimdə olduğu kimi hiss edirəm.
"Ümid edirik ki, konfransda bizi düşündürən məsələlərə
cavab tapa biləcəyik"
Gürcüstanın
Qafqaz Beynəlxalq Universitetinin professoru Nino
Çalaqanidze:
İlk növbədə, bu cür yüksək səviyyəli tədbirin təşkilinə
görə azərbaycanlı həmkarlarımıza minnətdarlığımızı
bildirmək istəyirik. Bu cür tədbirlər bütün postsovet
ölkələri üçün vacibdir. Tədbirin gedişində biz təhsil
prosesində üzləşdiklərimiz problemləri müzakirə edir və
onların həlli yollarını araşdırır, bir-birimizə kömək
etməyə çalışırıq. Ümid edirik ki, konfransda bizi
düşündürən məsələlərə cavab tapa biləcəyik. Gürcüstanın
təhsil sistemində aparılan təhsil islahatları bütün
təhsil səviyyələrini əhatə edir. Gürcüstan Boloniya
prosesinə qoşulan ilk ölkələrdən biridir. Biz tez-tez
təhsil yeniliklərinin, yeni innovasiyaların təhsil
sisteminə tətbiq olunması zərurəti ilə üzləşirik. Etiraf
etmək lazımdır ki, bəzən onların tətbiqi uğursuz, qeyri-effektiv
olur. Buna baxmayaraq, qarşılaşdığımız problemlərin
həllində digər ölkələrdən olan həmkarlarımızın müsbət
təcrübəsindən yararlanırıq. Təcrübə mübadiləsi aparırıq.
Təhsil sistemimizdə yeniliklər çoxdur. 12 illik təhsil
sisteminə keçid təmin olunub. Universitetlərdə vahid
dövlət imtahanları həyata keçirilir. Əgər şagird təhsil
kursunu mənimsəyibsə, o, ali məktəbdə oxuyacaq. Əgər
oxumayıbsa, valideynlərinin hansı mövqe tutmasından
asılı olmayaraq onun ali məktəbə yolu bağlıdır.
Beləliklə, biz bəzi sahələrdə müəyyən irəliləyişə nail
ola bilmişik.
Ölkənin təhsil sistemində İKT-dən geniş istifadə olunur.
Kənd yerlərindəki məktəblərdə bu sahədə problemlər qalsa
da, ölkənin şəhər və rayonlarında İKT texnologiyaları
geniş tətbiq olunur. Təhsil sistemində çalışan bütün
müəllimlərin İKT təlim kurslarından keçməsi təmin olunub.
Bu proses hər il davam edir. Bütün fənlər üzrə həm orta
məktəblərdə, həm də ali məktəblərdə monitorinq və
qiymətləndirmələr aparılır.
"Bizi MDB-nin vahid təhsil məkanının yaradılması
maraqlandırır"
Rusiya
Təhsil Akademiyası Pedaqoji təhsil və yaşlıların
təhsili İnstitutunun nümayəndəsi, pedaqoji elmlər
doktoru Marina Yakuşkina:
Bütövlükdə konfransın işini çox müsbət qiymətləndiririk.
Tədbir çox gözəl təşkil olunub. Hər şey bütün
təfərrüatlarına qədər dəqiq düşünülüb. Biz Azərbaycan
Respublikası təhsil naziri Misir Mərdanovun Azərbaycanın
təhsil sisteminin inkişaf perspektivlərinə dair çox
məzmunlu çıxışını dinlədik. Bu, bizim üçün çox böyük
əhəmiyyət kəsb edir. Hesab edirəm ki, tədbirdə iştirak
edən hər bir ölkə nümayəndəsi təhsil nazirinin
çıxışından öz ölkəsi üçün mühüm nəticələr çıxardı.
Düşünürəm ki, biz bütün bunları vətənə qayıtdıqda öz
həmkarlarımıza çatdıracağıq. Bütün bunlar isə bizim
sonrakı qarşılıqlı səylərimizin istiqamətini müəyyən
edəcək.
Mən, ilk növbədə, təmsil etdiyim institutda
innovasiyaların tətbiqinə toxunmaq istərdim.
İnstitutumuz bütün MDB məkanında təhsil üzrə baza
müəssisəsi hesab olunduğundan bizi MDB-nin vahid təhsil
məkanının bütövlüyünün formalaşdırılması məsələsi,
ölkələr arasında yeni qarşılıqlı əlaqələrin yaradılması
maraqlandırır. Vahid təhsil məkanının bütövlüyünün
qorunması hansı metodologiya, hansı kriteriyalar
əsasında təmin olunmalıdır - bu məsələ MDB-yə daxil olan
ölkələrin liderlərini də narahat edir. Əvvəllər hesab
edirdilər ki, maddi əsas hər bir ölkənin inkişafının
əsasıdır, indi isə, əksinə, çoxları qeyd edir ki,
təhsil əsas ehtiyatdır. Biz hazırda MDB-nin vahid təhsil
məkanı necə olmalıdır, bu məsələ üzərində işləyirik.
Yaşlıların təhsilinin məzmunu da diqqətdədir. Bütün MDB
ölkələrinin liderləri bildirirlər ki, bu sahə ən
əhəmiyyətli və ucuz sahədir, çünki bu maddi vəsait
qoyuluşu tələb etmir. Məhz yaşlıların təhsili keçid
dövrlərində başlıca rol oynaya bilər, çünki ictimai rəyi
formalaşdırır, mədəni, siyasi, ictimai proseslərə təsir
edir. Buna görə də bizim bütün səylərimiz yeni
metodların və texnologiyaların, yeni məzmun və yeni
mexanizmlərin, müxtəlif ölkələr arasında sosial
tərəfdaşlıq mexanizminin işlənib hazırlanmasına yönəlib
ki, vahid təhsil məkanını formalaşdırmaq mümkün olsun.
Təhsildə keyfiyyətin təmin olunması məsələsi bütün
postsovet ölkələri üçün xasdır. Mən onu da deyim ki,
bütün postsovet ölkələrini təhsilin keyfiyyəti problemi
birləşdirir. Bu, olduqca vacib məsələdir. Təmsil etdiyim
institutda bu problemlə ciddi məşğul olurlar. Bu
məsələdə biz ümumi dil tapa, vahid proqram hazırlaya
bilərik. Çünki təhsildə keyfiyyət məsələsi bütün MDB
məkanı, Avropa Birliyi ölkələrində, Amerika Birləşmiş
Ştatlarında tamamilə fərqli mövqedən gözdən keçirilir.
Buna görə də bu məsələdə elə bir vahid mövqe
tapılmalıdır ki, nə şagirdlər, nə də tələbələr bu
mobilliyi təcrübədə həyata keçirməkdə əziyyət
çəkməsinlər. Müəllim hazırlığında hansı standartlara (Amerika
və ya Avropa) üstünlük verilməsi məsələsinə gəlincə,
hansısa Amerika və ya Avropa standartlarını əsas götürüb,
onu bizim müəllimlərə təklif etmək, bu, düzgün deyildir.
Bizdə tamamilə başqa reallıqlardır. Buna görə də
standartları bizim reallığa, şəraitə, mentalitetə
uyğunlaşdırmaq lazımdır. Ola bilsin ki, Rusiyada tətbiq
olunan standart Gürcüstanda tətbiq oluna bilməz və
əksinə. Bizim Azərbaycanla da az da olsa mentalitet
fərqimiz vardır. Buna görə də bu məsələdə hər bir
ölkənin xüsusiyyətləri nəzərə alınmalıdır.
Təhsil naziri Misir Mərdanov çıxışında qeyd etdi ki,
təhsildə İKT texnologiyalarından getdikcə daha çox
istifadə olunacaq. İnternet şəbəkəsində Bakıdakı hər bir
təhsil müəssisəsinin - məktəbin, ali məktəbin öz saytı
olsaydı, yaxşı olardı. Biz Rusiyada telefon əlaqəsi
olmadan bu təhsil ocaqlarının İnternet ünvanlarına
daxil olmaqla Azərbaycanın təhsil sistemində baş verən
yeniliklərlə tanış olardıq. Xəbərləri əldə edər və
təcrübə mübadiləsi apara bilərdik. Hansısa iclas barədə
təfsilatlar ala, hansısa şəkilləri əldə edə bilərdik.
Bütün bunlar bizə Azərbaycanın təhsil sistemində baş
verən prosesləri izləməyə, təhsilin inkişaf
dinamikasını öyrənməyə, onun mahiyyətini anlamağa kömək
edərdi.
Oruc MUSTAFAYEV,
Niyazi RƏHİMOV |