Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq elmi konfrans keçirildi

 

Noyabrın 26-28 tarixlərində  Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda II Beynəlxalq elmi konfrans keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransın işində Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və Uruqvayın bir sıra ali təhsil müəssisələrinin rektorları və pedaqoqları, görkəmli elm adamları iştirak edirdilər.

Konfransın açılışı noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda oldu. Tədbirdən öncə təhsil naziri Misir Mərdanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları, tanınmış alimlər, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko adıçəkilən ali təhsil müəssisəsindəki Heydər Əliyev Mərkəzində oldular və ulu öndərin büstü önünə əklil qoyaraq  əziz xatirəsini ehtiramla andılar, ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamları ilə bağlı hazırlanmış xüsusi fotostendlərə, guşələrə tamaşa etdilər.

Azərbaycan Müəllimlər İnstitutunun akt zalında keçirilən II Beynəlxalq elmi konfransı institutun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı açaraq tədbirin vacibliyindən danışdı. Konfransın həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edən aktual problemlərə həsr olunduğunu deyən rektor hazırda müəllim hazırlayan ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açdı. Qeyd etdi ki, konfransın əsas məqsədi yeni texnoloji proseslərin, keyfiyyətli idarəetmə sisteminin tətbiqi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərində dialoqun və təcrübə mübadiləsinin aparılması və bu sahədə məqalələrin nəşr edilməsidir.

Aqiyə Naxçıvanlı bildirdi ki, dünyada gedən qloballaşma prosesləri, zaman keçdikcə informasiyanın və informasiya proseslərinin həyatımızın bütün sahələrində rolunun həlledici dərəcədə artması, müxtəlif təhsil sistemlərinin bir-birinə yaxınlaşması, təhsilin kompüterləşməsi və informasiya-texniki bazasının yeniləşməsi, dünya xalqlarının, Şərq və Qərb mədəniyyətlərinin bir-birinə inteqrasiyası, ümumiyyətlə yeni təhsil sistemlərinin yaradılması müəllim hazırlığına yeni yanaşmalar tələb edir. Yeni metod və üsulların, mütərəqqi prinsiplərin, müasir texnologiyaların istifadəsi və həyata keçirilməsi üçün yüksək intellektə, bilik və bacarığa  malik müəllim kadrlarının hazırlanması  olduqca mühüm bir məsələdir. Bu gün müəllim hazırlayan ali təhsil müəssisələrinin qarşısında duran ən ümdə vəzifə müəllimin yeni texnologiyalara, təhsil sistemində yaranan innovasiyalara yiyələnməsini təmin etməkdir.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən birinin əlavə təhsil olduğunu söyləyən Aqiyə Naxçıvanlı hazırda çalışan pedaqoji işçilərin əlavə təhsilinin müasirləşdirilməsi ilə bağlı institutda xeyli sayda işlərin görüldüyünü qeyd etdi. Bildirdi ki, hər il institutda 10000-dən çox pedaqoji işçi əlavə təhsil alır və onlara müvafiq sənədlər verilir.

Rektor ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq Azərbaycanın təhsil sisteminin ümummilli lider Heydər Əliyevin nəzəri irsi üzərində, onun müdrik göstərişləri və təklifləri əsasında qurulduğunu xüsusi vurğuladı.

Azərbaycan Müəllimlər İnstitutunda müəllim hazırlığı, əlavə təhsillə bağlı görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı danışan rektor daha sonra beynəlxalq elmi konfransda müzakirə olunacaq məsələlərə də toxundu, dəvətlərini qəbul edib bu tədbirə qatılan ölkələrin nümayəndələrinin adlarını bir-bir qeyd edərək onlara təşəkkürünü bildirdi.   

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq  belə bir mötəbər tədbirə qatılmış müxtəlif ölkələrin nümayəndələrinə ən xoş istəklərini çatdırdı. Keçirilən tədbirin aktuallığına toxunan təhsil naziri  burada ilkin müəllim hazırlığı, əlavə təhsil və onun istiqamətlərindən biri olan ixtisasartırma problemlərinin müzakirə ediləcəyini qeyd etdi.

"Müəllim hazırlığının aktual problemləri" mövzusunda geniş məruzə ilə çıxış edən nazir hər bir ölkənin gələcəyinin, ilk növbədə, həmin ölkədə təhsilin inkişafından, məktəb və müəllimdən birbaşa asılı olduğunu söyləyərək dünyanın tanınmış şəxsiyyətlərinin müəllim peşəsinin əhəmiyyəti, onun şərəfliliyi, yüksəkliyi haqqında dedikləri müdrik kəlamları diqqətə çatdırdı.

Sonra  nazir Misir Mərdanov respublikamızda müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə 4 ixtisaslaşdırılmış pedaqoji ali təhsil müəssisəsi - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun respublikanın bütün bölgələrini əhatə edən 11 filialı, Naxçıvan Müəllimlər İnstitutu, habelə qeyri-dövlət ali təhsil müəssisəsi olan Bakı Qızlar Universiteti fəaliyyət göstərir. Bakı Slavyan Universitetində, Azərbaycan Dillər Universitetində və bir sıra qeyri-dövlət ali təhsil müəssisələrində də müəllim hazırlığı həyata keçirilir. Pedaqoji kadr hazırlığı həmçinin Azərbaycanın 5 ali məktəbində -Bakı, Gəncə, Naxçıvan, Lənkəran və Sumqayıt dövlət universitetlərində də aparılır.

Əlavə təhsil, o cümlədən ixtisasartırma və yenidənhazırlanma isə qeyd edilən ali təhsil müəssisələri ilə yanaşı, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda həyata keçirilir. Adıçəkilən ali təhsil müəssisələrində respublikamızın  6500 tədris-tərbiyə müəssisəsi üçün ilkin müəllim hazırlığı və əlavə təhsil aparılır. Hazırda ölkənin ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarında 35000-dən çox tələbə təhsil alır. Onların hazırlığı ilə 4 mindən artıq professor-müəllim məşğul olur.

Nazir pedaqoji təhsildə islahatlara ötən əsrin 90-cı illərinin sonlarında başlanıldığını və həmin illərdə "Müəllim peşəsinin professioqramı"nın hazırlandığını, pedaqoji kadr hazırlığının ikipilləli (bakalavriat, magistratura) sisteminə keçildiyini, pedaqoji ixtisaslar üzrə bakalavr və magistr hazırlığını təmin edən dövlət standartlarının tətbiq olunduğunu qeyd etdi.

Çıxışında təhsil naziri daha sonra fasiləsiz pedaqoji təhsil sisteminə daxil olan tədris müəssisələrinin sosial statusunun möhkəmləndirilməsini, təlim və inkişaf prosesinin vahidliyini təmin edən "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası"ndan, bununla bağlı  həyata keçirilən tədbirlərdən söz açdı.

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmin  tətbiqinə başlanıldığını söyləyən nazir onun üstünlüklərini diqqətə çatdırdı.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışan nazir Misir Mərdanov ölkədə əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü bildirdi. Qeyd olundu ki, son illərdə Azərbaycanda təhsil infrastrukturu əsaslı şəkildə yeniləşdirilmiş, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar isə təhsilin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bildirildi ki, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətlərindən olmalıdır. Bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Bu məqsədlə 2010-cu ildə Azərbaycanda əlavə təhsilin yeni qaydaları hazırlanmış və hökumət tərəfindən təsdiq edilmişdir. İlk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri -ixtisasartırma; kadrların yenidənhazırlanması; stajkeçmə və kadrların təkmilləşdirilməsi; təkrar ali və orta ixtisas təhsili; dərəcələrin yüksəldilməsi; yaşlıların təhsili bir sənəddə öz əksini tapmışdır.

Təhsil naziri məruzəsində müasir dövrdə əlavə təhsilin qarşısında duran bir sıra mühüm vəzifələrə də toxundu, hazırda əlavə təhsilin istiqamətləri arasında daha çox diqqət yetirilən, kütləviliyi ilə fərqlənən, islahatların aparıcı qüvvəsi olan müəllimlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin edən ixtisasartırma təhsilindən, bununla bağlı həyata keçirilən tədbirlərdən  danışdı. Nazir yeni ixtisasartırma modelinin üstünlüklərini və onun ənənəvi modeldən fərqli cəhətlərini konfrans iştirakçılarının nəzərinə çatdırdı. Çıxışda həmçinin ölkəmizdə İKT-nin təhsildə tətbiqi, təhsilin informasiyalaşdırılması məsələlərindən söz açıldı, bu sahədə görülən işlər, həyata keçirilən Dövlət Proqramları, müəllimlərimizin İKT bacarıqları barədə iştirakçılara məlumat verildi.

Respublikamızda müəllim hazırlığı və əlavə təhsilin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələrdən danışan təhsil naziri Misir Mərdanov sonda keçirilən konfransın müəllim hazırlığı, əlavə təhsil, ixtisasartırma təhsili və digər məsələlərlə bağlı  fikir mübadiləsi aparmaq, qarşılıqlı təcrübənin öyrənilməsi  baxımından əhəmiyyətli olacağına ümid etdiyini söyləyərək onun işinə uğurlar arzuladı.

Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin rektoru, akademik Viktor Oleynik Ukraynanın Azərbaycanla  təhsil sahəsindəki əməkdaşlığından söz açaraq AMİ-də keçirilən beynəlxalq elmi konfransı iki ölkə arasında əlaqələrin yeni müstəvidə inkişafına təkan verəcəyinə əmin olduğunu bildirdi. Təhsil sisteminin  müasir dövrdə inkişaf yollarından danışan V.Oleynik sonra "Diplomdansonrakı pedaqoji təhsil sistemi üçün elmi və elmi-pedaqoji kadrların hazırlanması: yanaşmalar və perspektivlər" mövzusunda təqdimat etdi. Ukraynalı alim təqdimatında rəhbərlik etdiyi universitetin fəaliyyətindən söz açdı, diplomdansonrakı təhsilin vəzifələri, innovasiyaların yaradılması, pedaqoji fəaliyyətə keçidin mexanizmləri və digər məsələlər barədə geniş məlumat verdi, bununla bağlı mövcud vəziyyəti əks etdirən xüsusi hazırlanmış cədvəllərlə konfrans iştirakçılarını tanış etdi.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi. 3 gün davam edən beynəlxalq elmi  konfransın "Qloballaşma şəraitində təhsilin və elmi tədqiqatların aktual problemləri", "Təhsildə baryerlər", "Təhsildə əxlaqi-tərbiyəvi problemlər", "Təhsildə yeni meyillər və təcrübələr", "Müəllimin innovativ metodlarla təkmilləşdirilməsi", "Təhsildə keyfiyyət problemi" bölmələrində qloballaşma şəraitində təhsil menecmenti və onun inkişaf istiqamətləri, qloballaşan dünyada təhsilin rolu və funksiyaları, innovativ pedaqoji prosesdə psixoloji  baryerlər və onların aradan qaldırılması yolları, özünüqiymətləndirmə və onun təlim fəaliyyəti zamanı inkişaf yolları, müəllim hazırlığında milli mənəvi dəyərlərin nəzərə alınması, tədrisdə təlim texnologiyalarından istifadənin əhəmiyyəti, pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsində əlavə təhsilin rolu, təhsilin keyfiyyətini şərtləndirən amillər və s. mövzularda Azərbaycanla yanaşı,Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və Uruqvayın tanınmış elm adamlarının, təhsil mütəxəssislərinin 160-dan artıq məruzəsi dinlənildi və birgə  müzakirələr aparıldı. Konfrans çərçivəsində həmçinin akademik V.Oleynik və digər ukraynalı elm adamlarının, azərbaycanlı alim və mütəxəssislərinin iştirakı ilə "Ukraynada diplomdansonrakı pedaqoji təhsilin modernləşdirilməsi" mövzusunda "dəyirmi masa" keçirildi.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən konfransın sonuncu iş günündə - noyabrın 28-də bölmə rəhbərlərinin hesabatları dinlənildi. Bütövlükdə bölmələrin fəaliyyəti yüksək qiymətləndirildi, bütün iştirakçılara sertifikatlar təqdim edildi və konfransın materiallarının toplu şəklində çap olunması qərara alındı. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov