Noyabrın
29-da təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ)
Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri
Federiko Berna, Hərtərəfli İnstitusional Quruculuq
Proqramının əlaqələndiricisi Serena Vitale, Aİ-nin
Azərbaycan üzrə əlaqələndiricisi Federiko Birokki, Aİ-nin
Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza
Zülfüqarzadə iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onların Azərbaycana gəlişindən məmnun
olduğunu ifadə edib. Nazir Azərbaycanın Aİ ilə mövcud
əməkdaşlığının daha da genişləndirilməsi məqsədi ilə
2009-cu ildə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq
Komitəsi çərçivəsində təsis edilmiş Alt-komitənin Bakıda
keçirilmiş ilk iclası barədə məlumat verib.
Azərbaycanla Avropa İttifaqı arasında TEMPUS, Erasmus-Mundus,
Jan Mone, TAİEX, Tvininq və Siqma proqramları
çərçivəsində əməkdaşlıq aparıldığını söyləyən Misir
Mərdanov bu istiqamətdə nəzərdə tutulmuş işlərin uğurla
davam etdirildiyini bildirib. Qeyd olunan proqramlar
çərçivəsində inklüziv təhsil, peşə təhsili və təlimi,
ali təhsil, doktorantura sahələrində həyata keçirilən
tədbirlərə diqqət çəkən nazir əməkdaşlığın perspektiv
inkişafına dair bir sıra təklifləri nəzərə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin
Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna
Azərbaycanla Avropa İttifaqının əməkdaşlığında təhsil
sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən
bəhs edib. F.Berna gələcək əlaqələrin inkişafı üçün
hədəflərin dəqiq müəyyənləşdirilməsinin vacibliyinə
toxunub və bununla bağlı fikirlərini bildirib.
Aİ-nin Azərbaycan üzrə coğrafi əlaqələndiricisi Yurgen
Kettner təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün
minnətdarlığını bildirib. Avropa İttifaqının
Azərbaycanda digər istiqamətlərlə yanaşı, təhsil
sahəsində də bir çox uğurlu layihələr həyata keçirdiyini
təqdirəlayiq hal kimi dəyərləndirən qonaq növbəti
illərdə bu əlaqələrin səmərəliliyinin daha da artacağına
əminliyini ifadə edib. Yurgen Kettner təhsilin müxtəlif
pillələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün irəli
sürülən təkliflərin əhəmiyyətli olacağını vurğulayıb.
Daha sonra görüşdə birgə elmi-tədqiqat layihələrinin
aparılması, orta təhsil üzrə əməkdaşlıq, müəllim
hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb. |