Noyabrın
27-də Bakıda "XXI əsrdə yeni təhsil yanaşması"
mövzusunda konfrans keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov, nazirliyin müvafiq şöbələrinin və struktur
bölmələrinin rəhbərləri, Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi, "Prometean" şirkəti,
pilot layihənin həyata keçirildiyi təhsil müəssisələri
və QHT-lərin nümayəndələri, eləcə də KİV təmsilçiləri
iştirak edirdilər.
Tədbirdə öncə layihə haqqında ətraflı məlumat verildi.
Qeyd olundu ki, Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi ilə bağlanmış müqaviləyə
əsasən hazırda ölkənin təhsil sistemində gedən
informasiyalaşdırma prosesi, informasiya-kommunikasiya
texnologiyaları infrastrukturunun inkişafı və yeni
pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən "Edumedia-Azərbaycan"
təşkilatı "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində artıq 1 ildir ki, pilot layihə həyata
keçirir. Bu qurum respublika üzrə 48 təhsil
müəssisəsində tədris texnologiyaları üzrə liderlərdən
hesab olunan İngiltərənin "Prometean" şirkəti tərəfindən
istehsal olunmuş 100 ədəd Aktiv Board interaktiv
lövhələrini quraşdırmışdır. Bununla əlaqədar həmin
məktəblərdə müəllimlərlə interaktiv lövhələrin istifadə
qaydaları üzrə təlimlər keçirilmiş və sertifikatlar
verilmişdir.
Sonra "Prometean" şirkətinin Mərkəzi Asiya və Şərqi
Avropa regionu üzrə direktoru Hendrik Brons "Prometean"
şirkəti. Təhsilə baxış", təhsil üzrə rəhbəri Devid
Feyrbarn-Day "XXI əsrdə tədris və bu günün təhsili
qarşısındakı çətinliklər", Mərkəzi Asiya və Şərqi Avropa
üzrə satış meneceri Con Makdermot "Həllə əsaslanan
yanaşma" mövzularında təqdimatlarla çıxış etdilər.
Çıxışlarda "Prometean" şirkəti haqqında ətraflı məlumat
verildi, şirkətlə peşəkar əməkdaşlıq, onun təklif etdiyi
xidmətlər, müasir texnologiyaların tətbiqi üzrə dünya
təcrübəsində uğurlu layihələr, 21-ci əsr təhsilinin əsas
hədəfləri, elektron təhsilin məzmunu, qiymətləndirmə,
şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları
və s. məsələlərdən bəhs olundu. Tədbirdə Devid Feyrbarn-Day
Con Makdermotun assistentliyi ilə interaktiv - rəqəmsal
dərs nümayiş etdirdi.
Daha sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova
verildi. Tədbir iştirakçılarını və şirkətin
nümayəndələrini salamlayan təhsil naziri çıxışında
müasir dövrdə informasiya-kommunikasiya
texnologiyalarının mühüm əhəmiyyətindən söz açdı. Nazir
qeyd etdi ki, indi bütün digər sahələrdə olduğu kimi,
təhsili də İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür.
Son illər təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər
görülmüş, əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Təhsil müəssisələri İKT avadanlıqları ilə təmin edilib.
Təlim prosesində informasiya texnologiyaları geniş
tətbiq olunur. Lakin bütün bunlarla kifayətlənmək olmaz.
Hələ qarşıda bir çox vacib vəzifələr durur. Artıq
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
başa çatmaq üzrədir. Qarşıdakı 7 il üçün təhsildə İKT-nin
tətbiqi ilə bağlı yeni proqram hazırlanıb və təsdiq
olunmaq üçün təqdim edilib.
Nazir bildirdi ki, müasir informasiya texnologiyaları
sürətlə inkişaf etdiyindən bunlarla ayaqlaşmaq o qədər
də asan olmur. Hazırda öyrənənlər öyrədənlərdən daha çox
məlumatlı olurlar. Bəzən müəllimlər şagirdlərin sualları
qarşısında aciz qalırlar. Məhz bu səbəbdən müəllimlər
daim təkmilləşməyə can atmalı, beynəlxalq təcrübədən
yararlanmaqla bu sahədə peşəkarlıq səviyyələrini
yüksəltməyə çalışmalıdırlar.
Təhsil müəssisələrinin rəhbərlərinə və müəllimlərə
müzakirələrdə fəal iştirak etməyi və şirkətin
əməkdaşları ilə sıx əlaqə saxlamağı tövsiyə edən nazir
çıxışının sonunda "Prometean" şirkətinin təmçilçilərinə
təşəkkürünü bildirdi və konfransın işinə uğurlar
arzuladı.
Sonra mövzu ilə bağlı müzakirə aparıldı. Qonaqlar təhsil
müəssisələrinin nümayəndələrinin təkliflərini dinləyərək
çoxsaylı suallarını cavablandırdılar. Sonda Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin rəisi Samir Məmmədov tədbir iştirakçılarına
təşəkkürünü bildirdi.
Hicran ƏKBƏROVA |