Bu
il "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda
fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu
münasibətlə noyabrın 27-də paytaxtdakı "Gülüstan"
sarayında "Müasir Azərbaycan və "Çağ" Öyrətim - 20 il:
etimada sədaqətlə" mövzusunda yubiley tədbiri
keçirilmişdir. Həmin gün şirkətin əməkdaşları Fəxri
xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir
Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin
xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil
qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın da xatirəsi anılmışdır.
Dövlət və hökumət qurumlarının nümayəndələrinin, Milli
Məclisin deputatlarının, Türkiyədən və digər ölkələrdən
gəlmiş çoxsaylı qonaqların, təhsil işçilərinin,
ictimaiyyət və KİV təmsilçilərinin iştirak etdikləri
yubiley mərasimi açıq elan olunduqdan sonra xalqımızın
ümummilli lideri Heydər Əliyevin, Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün
xatirələri bir dəqiqəlik sükutla yad olundu,
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Əlamətdar gün münasibətilə Türkiyə Respublikasının
Prezidenti Abdullah Gülün təbrik məktubu oxundu.
Şirkətin fəaliyyət yolundan bəhs edən "20 il etimada
sədaqətlə" adlı qısametrajlı film nümayiş olundu.
Sonra "Çağ" Öyrətim Şirkətinin 20 illik fəaliyyətinə
həsr olunmuş kitabın təqdimatı oldu. Kitabı təqdim edən
şirkətin idarə heyətinin sədri Ənvər Özərən öncə mərasim
iştirakçılarını salamlayıb dəvətlərini qəbul edib
gəldikləri üçün onlara təşəkkür etdi. Ə.Özərən bildirdi
ki, 20 il tarix baxımından qısa zaman müddəti olsa da,
son 20 il ölkəmiz üçün əsrə bərabər bir dövr dəyərində
olmuş, XX əsrin son və XXI əsrin ilk on ilində
Azərbaycan böyük inkişaf yolu keçmişdir. Sürətli inkişaf
prosesinin bu gün də davam etdiyini deyən natiq həmin
dövrün həm də Azərbaycanla Türkiyə arasında dostluq və
qardaşlıq əlaqələrinin daha da sıxlaşması ilə əlamətdar
olduğunu diqqətə çatdırdı. Rəhbərlik etdiyi şirkətin
fəaliyyətindən söz açan Ə.Özərən "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycanın öz müstəqilliyini
elan etdikdən sonra - 1991-ci ildə ulu öndər Heydər
Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə ölkəmizdə
Azərbaycan-Türkiyə özəl liseylərinin açılması barədə
müqavilə bağlandıqdan sonra fəaliyyətə başlamışdır.
Bu baxımdan şirkətlərini Heydər Əliyevin əsəri
adlandıran Ənvər bəy onun ötən 20 il ərzində etimada
sədaqətlə Azərbaycan xalqına xidmət etdiyini vurğuladı.
Qeyd etdi ki, şirkət fəaliyyətə başladığı gündən həmişə
dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuş,
onun fəaliyyəti Azərbaycan xalqı, ümummilli lider Heydər
Əliyev, ölkə Prezidenti İlham Əliyev tərəfindən təqdir
edilmişdir. Şirkətin təhsil müəssisələrinin şagird və
tələbələrinin öz bilik və bacarıqları ilə Azərbaycanı
həm bölgədə, həm də dünyada şərəflə təmsil etdiklərini
söyləyən natiq, onlar tərəfindən indiyədək müxtəlif
beynəlxalq olimpiada və yarışlarda 500-dən çox medal
qazanıldığını diqqətə çatdırdı. Bildirdi ki,
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının yaşıdı
olan "Çağ" Öyrətim bu gün möhkəm dayaqlar üzərində
fəaliyyətini davam etdirir, onun müəssisələrinin maddi-texniki
bazası durmadan yüksəlir.
Çıxışının sonunda şirkətlərinin 20 illik fəaliyyətində
yaddaqalan nə varsa onları sənədləşdirmək üçün kitab
hazırlayıb çap etdirdiklərini söyləyən Ə.Özərən həmin
kitabı təqdim etdi.
Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov təbrik nitqi söylədi. Çıxışına mərasim
iştirakçılarını salamlamaqla başlayan nazir tədbirdə
çoxsaylı qonaqların, Azərbaycan ziyalılarının böyük bir
qisminin iştirakını "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
20 illik fəaliyyətinə verilən qiymətin nəticəsi kimi
dəyərləndirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə fəaliyyətə başlayan "Çağ" Öyrətim
Şirkəti ötən müddət ərzində çox böyük uğurlara imza
atmışdır. Bu uğurların qazanılmasında şirkətin
əməkdaşlarının hər birinin mühüm rolu olduğunu bildirən
nazir bütövlükdə şirkətin ulu öndər Heydər Əliyevin
etimadını şərəflə doğrultduğunu vurğuladı, şirkət və
onun əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdi.
Nazir qeyd etdi ki, ötən 20 il ərzində "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin təhsil müəssisələri Azərbaycan
təhsili üçün nümunə olub. Onların şagird və
tələbələrinin beynəlxalq bilik yarışmalarında
qazandıqları 500-dən çox medalın hər birinin arxasında
böyük zəhmət durur. Hər bir qızıl medal alan şagird və
tələbənin şərəfinə Azərbaycanın üçrəngli bayrağı ucalıb.
Bununla da onlar ölkəmizin tanıdılmasında, təbliğində
böyük rol oynayıblar. "Çağ" Öyrətim Şirkətini
Azərbaycanın təhsil sistemindən ayırmadığını deyən nazir
bu gün onun liseylərinin, "Araz" hazırlıq kurslarının
Qafqaz Universitetinin ölkəmizin təhsil standartları
əsasında fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinin
inkişafına böyük töhfələr verdiyini, bu müəssisələrdə
çalışanların 80 faizinin azərbaycanlılardan ibarət
olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün
Azərbaycanla Türkiyə arasında yaranmış qardaşlıq
münasibətlərində "Çağ" Öyrətim Şirkətinin rolu
əvəzsizdir.
Nazir çıxışının sonunda "Çağ" Öyrətim Şirkətinin
əməkdaşlarının bir qrupunun Təhsil Nazirliyinin "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və
fəxri fərmanları ilə mükafatlandırıldığını söyləyib
həmin mükafatları təltif olunanlara təqdim etdi.
Mərasimdə söz alan rabitə və informasiya texnologiyaları
naziri, akademik Əli Abbasov, Türkiyə Böyük Millət
Məclisinin sədr müavini, professor Mehmet Sağlam,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah
Heydərov, Bakı Dövlət Universitetinin rektoru, Milli
Məclisin deputatı, akademik Abel Məhərrəmov, Ali
Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev,
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov,
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalid
Məmmədov, Respublika Təhsil Şurasının sədri, professor
Əjdər Ağayev və başqaları yubilyara öz təbriklərini
çatdırdılar, ona Azərbaycan təhsilinin inkişafı yolunda
daha böyük uğurlar arzuladılar. Şirkətin müəssisələrinin
tanınmış məzunlarına hədiyyələr, şirkətlə sıx əməkdaşlıq
edən dövlət qurumlarına və iş dünyası təmsilçilərinə
xatirə plaketləri təqdim olundu.
Yusif ƏLİYEV |