Noyabrın
27-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun
Danyeri kənd tam orta məktəbinin yeni binası istifadəyə
verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən
mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov məktəb binasının istifadəyə
verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir:
"Hər bir xalqın səviyyəsini onun biliyi, hər bir ölkənin
gələcəyini isə təhsilli və vətənpərvər gənclər müəyyən
edir. Ona görə də bu gün Azərbaycanda təhsilin
inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ulu
öndərimiz Heydər Əliyevin siyasi kursu dövlət başçısı
tərəfindən uğurla davam etdirilir, təhsilin inkişafını
müəyyən edən dövlət proqramları qəbul olunur. Qəbul
olunan dövlət proqramlarının uğurlu icrası və həyata
keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq şəhər,
qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir,
təhsil infrastrukturu müasirləşdirilir. Məqsəd ölkəmizdə
təhsilli, vətənpərvər, yüksək intellektə və peşə
hazırlığına malik olan ixtisaslı gənclər yetişdirməkdən
ibarətdir".
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin "Təhsil
uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək
səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs sahədir"
fikrini xatırladaraq demişdir: "Danyeri kəndində tikilən
yeni məktəb binası da bu sahəyə göstərilən dövlət
qayğısının daha bir nümunəsidir. Ümumilikdə 414 şagird
yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 23
sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları
və hərbi kabinet, idman zalı, 38 kompüterin
quraşdırıldığı 2 kompüter sinfi, 13 minə yaxın kitab
fondu olan kitabxana müəllim və şagirdlərin istifadəsinə
verilir. Əvvəllər lazımi tədris şəraiti olmayan binada
fəaliyyət göstərməsinə baxmayaraq, Danyeri kənd tam orta
məktəbinin nailiyyətləri qənaətləndirici olmuş, ötən il
məktəbi bitirən 17 məzundan 10-u ali məktəblərə, 1-i
Naxçıvan Musiqi Kollecinə, 2-si isə Heydər Əliyev adına
Hərbi Liseyə daxil olmuşdur".
Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü
bildirən Ali Məclisin sədri demişdir ki, məktəb işi
təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Bu,
ümumxalq işidir. Bu iş dövlət, cəmiyyət və məktəbin
birgə səyi ilə həyata keçirilməlidir. Cəmiyyət və məktəb
dövlətin yaratdığı şəraitdən səmərəli istifadə etməli,
ölkəmiz üçün yararlı vətəndaşlar yetişdirilməlidir.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetiriləcəyinə, yaradılan şəraitdən
düzgün istifadə olunacağına əminliyini bildirmiş, bu
yolda müəllim və şagird kollektivinə uğurlar
arzulamışdır.
Məktəbin müəllimi Şahnaz Abbasova demişdir ki, bu gün
muxtar respublikada, eləcə də Şərur rayonunda təhsilə
göstərilən qayğı, yaradılan müasir təhsil infrastrukturu
müəllimlərin daha yaxşı işləməsinə, şagirdlərin yüksək
səviyyədə təhsil almasına səbəb olmuşdur.
Danyeri kəndində müasir məktəb binasının tikintisini
Azərbaycanın bugünkü inkişafının və təhsil quruculuğu
istiqamətində görülən işlərin təzahürü kimi
dəyərləndirən Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli demişdir ki, muxtar respublikada
təhsilə göstərilən qayğı məktəb və elm vasitəsilə
cəmiyyəti inkişaf etdirmək strategiyasının tərkib
hissəsidir. Muxtar respublikanın kəndlərində həyata
keçirilən kompleks quruculuq işləri, məktəb binalarının
tikilməsi Azərbaycan kəndlərinin həyatında yeni bir
inkişaf mərhələsinin başlanğıcıdır.
Ali Məclisin sədri binanın açılışını bildirən lenti
kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan binada
elektron lövhəli siniflər, laboratoriyalar, kompüter
otaqları, idman zalı, müəllimlər otağı və bufet vardır. |