Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi
işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş
tədbirləri uğurla davam etdirir.
Belə ki, 2013-2014-cü tədris ilində V və VI siniflərdə
dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn
müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.
Məlum olduğu kimi, ümumi orta (V-IX siniflər) və tam
orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn
kurikulumları hazırlanaraq təsdiq edilib. Artıq orta
məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının
tətbiqi uğurla həyata keçirilməkdədir.
Onu da qeyd edək ki, Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma
modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn
kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri
və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə
xidmət edir.
Qeyd olunan təlimlərin keçirilməsinə 2013-cü ilin
iyunundan başlanacaqdır. |