Noyabrın 12-dən 16-dək A.S.Puşkin adına Moskva Dövlət
Rus Dili İnstitutunda MDB iştirakçısı olan dövlətlərin
və Baltikyanı ölkələrin təhsilin rus dilində olduğu
məktəblərinin şagirdləri arasında IX Beynəlxalq Rus Dili
Olimpiadası keçirilmişdir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə, olimpiada
"2011-2015-ci illərdə rus dili" məqsədli federal proqram
çərçivəsində "Rossotrudniçestvo" agentliyinin iştirakı
ilə təşkil edilmişdir. Bu bilik yarışında Azərbaycan,
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Latviya,
Litva, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan,
Ukrayna və Estoniyadan olan 108 şagird - rus dili fənni
üzrə milli olimpiadaların qalibləri, rus dili
müsabiqələrinin və viktorinaların laureatları iştirak
etmişlər.
"Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi
tərəfindən formalaşdırılmış Azərbaycan komandası 5
nəfərdən ibarət idi. Bakıdakı Bağça-Məktəb-Lisey
Kompleksinin rus dili və ədəbiyyatı müəllimi Viktoriya
Ələkbərovanın rəhbərlik etdiyi bu komanda cari ilin
baharında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi
tərəfindən Bakıda keçirilmiş rus dili olimpiadasının
qaliblərindən təşkil edilmişdi.
V.Ələkbərova "Rossotrudniçestvo" agentliyinin Bakıdakı
nümayəndəliyinin daimi tərəfdaşı olmaqla, RİMM-in
tədbirlərində müntəzəm iştirak edir. Bu il o,
"Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi
tərəfindən son bir neçə ildə keçirilən "Rus dilinin
tədrisinin təşkilinə görə ilin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibi olmuşdur.
MDB iştirakçısı olan dövlətlərin və Baltikyanı ölkələrin
təhsilin rus dilində olduğu məktəblərinin şagirdləri
arasında beynəlxalq rus dili olimpiadaları 2002-ci ildən
başlayaraq hər il keçirilir. Budəfəki olimpiadanın
proqramında bir yazılı imtahan (inşa) və iki şifahi
imtahan ("Rus dili" və "Ölkəşünaslıq") nəzərdə
tutulmuşdu. Əsas imtahanlardan əlavə, natiqlik və
ifadəli oxu məharəti üzrə yaradıcılıq müsabiqələri
keçirilmişdir. Olimpiadanın proqramında mədəni tədbirlər
- Moskva ilə tanışlıq, Kremlə və sirkə getmək də nəzərdə
tutulmuşdur.
Azərbaycandan olan məktəblilər bütün müsabiqələrdə
iştirak etmişlər. Ölkəmizi təmsil edən iştirakçılara
Olimpiadanın həvəsləndirici mükafatları və suvenirlər
verilmiş, Bakıdakı 6 nömrəli məktəb-liseyin şagirdi
İnarə Ağaxanova isə Olimpiadanın 3-cü dərəcəli diplomu
ilə təltif edilmişdir.
Olimpiada iştirakçıları Vətənə qayıdandan sonra RİMM-də
onlarla görüş keçirilmişdir. |