Bakı
şəhərindəki 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbi
1977-ci ildən fəaliyyət göstərir. Burada voleybol,
basketbol, üzgüçülük, şahmat və futbol bölmələri var.
Bir qədər ətraflı söhbət açmaq istədiyimiz voleybol
bölməsində 162 şagird bu idman növünün sirlərinə baş
məşqçi Tatyana Karijovanın rəhbərliyi altında yiyələnir.
Müxtəlif yaş qrupları üzrə yaradılmış voleybol
komandasının üzvləri rayon, şəhər və respublika
yarışlarında iştirak edərək qələbələr qazanırlar. Onlar
ötən ilin aprel-may aylarında 1997-1998-ci illər
təvəllüdlü qızlar arasında keçirilən IV Respublika
oyunlarının zona final yarışlarında və 15-16 noyabr
tarixlərində Azərbaycan Respublikasının Dövlət
müstəqilliyinin bərpasının iyirmi illiyinə həsr olunmuş
VI Spartakiada yarışlarında I yeri tutaraq diplomlarla
təltif olunublar. 2012-ci ilin 20-25 mart tarixlərində
isə 1998-1999-cu il təvəllüdlü qızlar arasında keçirilən
VIII Respublika oyunlarının zona final yarışlarında
onlar II yeri tutaraq diplom və hədiyyələrlə
mükafatlandırılıblar.
Bu günlərdə 15 nömrəli UGİM-in direktoru Cəmil
Fətullayevdən aldığımız məlumatda bildirilir ki,
Azərbaycan Voleybol Federasiyası, Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu
il 2-6 noyabr tarixlərində voleybol üzrə 1998-1999-cu
illər təvəllüdlü qızlar arasında Bakı şəhər açıq turniri
keçirib. Bu turnirin keçirilməsində əsas məqsəd
ölkəmizdə 2012-ci ilin "İdman ili" kimi qeyd olunması,
voleybol idman növünün təbliği və inkişaf etdirilməsi,
xarici ölkələrin idmançıları arasında ikitərəfli
əlaqələrin genişləndirilməsi və idmançıların ustalıq
səviyyəsinin artırılmasıdır. 9 komandanın iştirak etdiyi
bu yarış Azərbaycan Voleybol Federasiyasının zalında
dairəvi sistem üzrə keçirilib.
Noyabrın 6-da başa çatan turnirdə 15 nömrəli UGİM,
Sumqayıt, Qax, Xətai, Lokomativ, Sabunçu, Suraxanı,
Nəqliyyat və Azərreyl komandaları iştirak edib.
Ümumilikdə 9 komanda 3 yarımqrupda mübarizə aparıb. 15
nömrəli UGİM və Lokomativ I yerə, Sumqayıt II, Azərreyl
komandası isə III yerə layiq görülüb. |