2012-ci
ilin ölkəmizdə idman ili olduğundan Bakıdakı 171
nömrəli tam orta məktəbdə idmanın müxtəlif bölmələrində
aparılan tədbirlər yüksək səviyyədə təşkil olunur.
Voleybol, basketbol, şahmat, dama, stolüstü tennis
bölmələrində şagirdlər fəallıq göstərirlər.
Onlar idmançı kimi nəinki məktəb daxilində, rayon və
şəhər üzrə keçirilən yarışlarda, eləcə də beynəlxalq
miqyaslı tədbirlərdə iştirak edir, uğurlarını
artırırlar. Bu uğurların qazanılmasında məktəbin
fiziki tərbiyə müəllimi Barat Orucovun da zəhməti
böyükdür. B.Orucov Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasını bitirdikdən sonra 10 ildir ki,
gənc nəslin fiziki tərbiyəsi ilə məşğul olur, məktəbdə
idmanın taekvando növü üzrə bölmələr aparır. O,
2006-ci ildə idmanın taekvando növü üzrə beynəlxalq
dərəcəli məşqçi və hakim adını qazanmışdır. Eyni zamanda
2010-cu ildə Avro-Asiya, 2011-ci ildə isə Şimali
Kiprin Lefkoşa şəhərində taekvando üzrə keçirilən
yarışlarda I yeri tutaraq qızıl medal almışdır. Bütün
bunlarla yanaşı, Barat müəllimin Azərbaycanı dünya
miqyasında təmsil etmiş xüsusi istedada malik
yeniyetmələrin aşkarlanmasında da böyük əməyi olmuşdur.
Bu gün şagirdləri ilə fəxr edən fiziki tərbiyə müəllimi
Barat Orucov oğlu, məktəbin III sinif şagirdi Alişan
Orucovun da uğurlarından söz açdı. 2011- 2012-ci
illərdə Alişan Şimali Kiprdə idmanın taekvando növü
üzrə keçirilən yarışlarda yaşıdları arasında I yeri
tutaraq qızıl medal qazanıb.
Bu gün öz peşəsinin vurğunu olan Barat Orucov qazandığı
nailiyyətlərlə heç də kifayətlənmir, o, şagirdləri
arasında Azərbaycanı dünyada təmsil edə biləcək daha
layiqli idmançıların hazırlanmasında səylə çalışır. |