Söhbət
Umbayev Nəsimi Mübariz oğlundan gedir. O, 1994-cü il
oktyabrın 3-də Bakıda anadan olub. 2001-ci ildə 143
nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunub.
Yeddinci sinfə kimi burada oxuyub. Sonra idmana olan
marağı onu 277 nömrəli idman təmayüllü tam orta məktəbə
gətirib çıxarıb.
Nəsimi 2004-cü ildən məşqçi-müəllim, idman ustası,
respublika dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə
sambo və cüdonun sirlərinə yiyələnir. 2008-ci ildən isə
9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin sambo və cüdo
idman bölməsinə üzv yazılıb. Həmin ildən rayon, şəhər,
respublika və beynəlxalq yarışlarda uğurla iştirak edir.
N.Umbayev 2011-ci ilin fevralında sambo üzrə Azərbaycan
birinciliyində 52 kq çəki dərəcəsində yarışaraq I yeri
tutub. Həmin ilin iyununda isə respublika kuboku uğrunda
yarışda 48 kq çəki dərəcəsində I yerin sahibi olub.
O, beynəlxalq yarışlara 2011-ci ilin oktyabrında
qoşulub. Həmin vaxt Latviyanın paytaxtı Riqa şəhərində
20 yaşlı gənclər arasında sambo üzrə keçirilən dünya
çempionatında iştirak edib. Yarışda venesuelalı rəqibinə
3:1, Monqolustan idmançısına 1:0 hesabı ilə qalib gəlib.
Rusiyalı idmançıya isə uduzaraq 3-cü yeri tutub və
bürünc medal qazanıb. Nəsimi 2012-ci ilin aprelində
Rumıniyanın paytaxtı Buxarest şəhərində sambo üzrə
yeniyetmələr arasında keçirilən Avropa çempionatında da
III yeri tutaraq bürünc medalın sahibi olub.
O, eyni zamanda cüdo üzrə 2009-cu ildə Bakıda keçirilən
Həzi Aslanov adına beynəlxalq turnirdə I yeri, 2010-cu
ildə isə eyni adlı beynəlxalq turnirdə III yeri tutub.
N.Umbayev hazırda 2013-cü ildə Bakıda keçiriləcək
beynəlxalq turnirlərə və Azərbaycan çempionatına
hazırlaşır. |