Lalə Yusifova Bakıdakı 236 nömrəli tam orta məktəbin X
"e" sinif şagirdidir. O, neçə illərdir ki, bədii
gimnastika ilə məşğul olur. İştirak etdiyi rayon, şəhər
və beynəlxalq turnirlərdə medallarının sayını artırmaqda
davam edir.
Bu günlərdə Azərbaycan Gimnastika Federasiyasından
aldığımız məlumatda bildirilir ki, Lalə Yusifova
Çexiyanın Brno şəhərində keçirilən Qran-pri yarışlarında
iştirak edib. Bakı gimnastı burada iki gümüş medala
sahib olub. Lalənin birinci gün keçirilən çoxnövçülük
yarışında fəxri kürsiyə qalxmaq üçün cəmi yarım balı
çatmayıb. Final turnirinin ikinci günü isə gürz və
lentlə hərəkətlərdə qazandığı medallar və diplomlarla
yanaşı, ona "Bohema" büllur kuboku da təqdim edilib.
Bu yarışın nəticəsindən razı qalan bədii gimnastika üzrə
milli komandanın baş məşqçisi Mariya Vasilyeva bildirib
ki, Lalə son dörd yarışda sabit olaraq yaxşı nəticələr
göstərib. O, inkişaf edir, daim qələbə qazanmaq əzmini
artırır. Bu, əsl idmançı üçün çox yaxşı haldır.
Hazırladılar: Ədalət DAŞDƏMİRLİ,
Şakir CƏFƏROV,
Rəşad ZİYADOV |