Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin
bir qrup müəllimi üçün NDU-da kimya, fizika, biologiya
fənləri üzrə keçirilən dörd günlük seminar başa
çatmışdır. Təhsil Nazirliyi ilə birgə təşkil olunmuş
seminarın yekun tədbirində Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək
Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında
ümummilli lider Heydər Əliyevin təhsil strategiyasının
uğurlu davamından, təhsil işçilərinin qarşısında duran
mühüm vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki,
Təhsil Nazirliyinin birbaşa nəzarəti və universitet
rəhbərliyinin yüksək təşkilatçılığı ilə baş tutan,
müəllimlər üçün faydalı olacaq belə seminarlar ən
müxtəlif fənlər üzrə gələcəkdə də keçiriləcək.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid
universitetdə tədris üçün yaradılan yüksək şəraitdən,
elmdə və təhsildə qazanılan uğurlardan danışmışdır.
Xatırladılmışdır ki, ali və orta ümumtəhsil məktəbləri
ilə belə əlaqəli tədbirlər, bilik və təcrübə mübadiləsi,
mövcud problemlərin aradan qaldırılması, gələcək
pedaqoji fəaliyyət prinsiplərinin düzgün
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Tədbirdə universitetin kimya kafedrasının müdiri, kimya
elmləri doktoru Tofiq Əliyev, botanika kafedrasının
müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Musa
Piriyev, ümumi və nəzəri fizika kafedrasının müdiri,
fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev,
seminar iştirakçıları adından Ordubad rayon Çənnəb kənd
tam orta məktəbinin kimya müəllimi Elçin Əsədli, Babək
rayon Yarımca kənd orta məktəbinin fizika müəllimi
Gülgəz Həsənova çıxış etmişlər.
Mehriban SULTAN |