Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsi

 

20-22 noyabr 2012-ci il tarixlərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsi keçirilmişdir.

Müsabiqənin açılışı noyabrın 20-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində oldu. Açılış mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Təhsil Nazirliyinin baş məsləhətçisi Ənvər İmanov, aparıcı məsləhətçisi Təranə Aslanova, orta ixtisas məktəblərinin direktorları, tanınmış sənətçilər, kollecin müəllim və tələbə kollektivlərinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov zala toplaşanları salamlayıb, onları Azərbaycanın musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkarlar, musiqiçilər bəxş etmiş 114 yaşlı bu tədris ocağında görməsindən məmnunluq duyduğunu bildirdi. Müsabiqənin görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunduğunu deyən N.Kazımov Azərbaycan musiqisinin inkişafında və təbliğində F.Əmirovun rolu  və misilsiz xidmətlərindən söz açdı, onun nəinki Azərbaycanda, ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət tapdığını bildirdi. Muğamlarımızın sinfonikləşdirilməsi sahəsində Fikrət Əmirovun fəaliyyətini xüsusilə diqqətə çatdıran N.Kazımov qeyd etdi ki, musiqiçi ailəsindən çıxmış böyük bəstəkar eyni zamanda yaxşı ifaçı idi, gözəl tar çalırdı.

Nazim Kazımov çıxışında gənc ifaçıların Respublika müsabiqəsi haqqında da məlumat verərək onun Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının "Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında" 6 fevral 2012-ci il tarixli sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin 1 mart 2012-ci il tarixli əmri ilə təsdiq olunmuş tədbirlər planına və nazirliyin 18 may 2012-ci il tarixli əmrinə əsasən keçirildiyini bildirdi. Qeyd olundu ki, Fikrət Əmirovun əsərlərinin orta ixtisas musiqi məktəblərinin tələbələri tərəfindən dərindən öyrənilməsini təmin etmək və xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədi ilə keçirilən müsabiqə iki mərhələdən ibarət olmaqla "İnstrumental ifaçılıq" və "Xalq çalğı alətləri" nominasiyaları üzrə təşkil olunub.

Müsabiqənin ilk - kollecdaxili mərhələsi bu ilin may-iyun aylarında keçirilib. Nəticədə 10 orta ixtisas məktəbi üzrə 60-dək iştirakçı II - Respublika mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin yekun mərhələsinin məhz həmin tələbələr arasında keçiriləcəyini, proqrama digər bəstəkarların əsərləri ilə yanaşı  Fikrət Əmirovun da əsərlərinin daxil edildiyini söyləyən Nazim Kazımov tələbələrin ifalarını dinləyib, qiymətləndirmək üçün hər iki nominasiya üzrə münsiflər heyətinin yaradıldığını söylədi, münsiflər heyətinin tərkibi ilə mərasim iştirakçılarını tanış etdi. Qeyd olundu ki, instrumental ifaçılıq üzrə münsiflər heyətinə əməkdar artist, professor Hidayət Hüseynov, əməkdar müəllim, professor Məmməd Quliyev və təcrübəli müəllim Diana Zəkiyeva, xalq çalğı alətləri üzrə münsiflər heyətinə isə xalq artisti, görkəmli tarzən, professor Ağasəlim Abdullayev, əməkdar artist, dosent Zakir Mirzəyev və baş müəllim Adıgözəl Əliyev daxildirlər.

Professor Nazim Kazımov çıxışının sonunda bu ilin oktyabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq festival-müsabiqədə III yeri tutaraq laureat adını almış tələbələri Həmidə Ağasoya diplom təqdim edib, onu təbrik etdi və ifa müsabiqəsinin iştirakçılarına uğurlar arzuladı.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov mərasimdə çıxış edərək iştirakçıları Təhsil Nazirliyinin adından salamladı, əslində hər biri qalib olan müsabiqə iştirakçılarına qarşıdakı sınaqdan da uğurla çıxmalarını arzuladı.

Fikrət Əmirovu zəmanəmizin böyük bəstəkarlarından biri kimi dəyərləndirən A.İbrahimov onun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin xüsusi sərəncam imzaladığını, həmin sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin də üzərinə müəyyən  vəzifələr düşdüyünü və buna görə də nazirlik tərəfindən F.Əmirovun 90 illik yubileyinin keçirilməsinə dair tədbirlər planı hazırlanıb təsdiq edildiyini, orta ixtisas musiqi məktəblərinin tələbələri arasında respublika ifa müsabiqəsinin də həmin plana uyğun olaraq nazirliyin əmri ilə keçirildiyini diqqətə çatdırdı və tədbirin əhəmiyyətini qeyd etdi.

A.İbrahimov ölkə Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinin inkişafına, görkəmli musiqi xadimlərinə göstərdikləri diqqət və qayğını, musiqimizin dünyada təbliği yönündəki xidmətlərini yüksək qiymətləndirdi, gənc ifaçılara hər yerdə musiqimizi ləyaqətlə təmsil etməyi tövsiyə etdi.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş mütəxəssisi Ənvər İmanov təbrik nitqində dövlətimizin mədəniyyət xadimlərinə qayğısından söz açdı, F.Əmirovun dünya şöhrəti qazanmış əsərlərindən bəhs etdi, müsabiqə iştirakçılarına uğurlar arzuladı.

Sonra Musiqi Kollecinin müəllimi Sevda Mütəllimova Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında məruzə etdi. Məruzədə F.Əmirovun əsərlərinin milli zəminə dərin köklərlə bağlı olduğu vurğulandı, bəstəkarın çoxsaylı əsərlərinin məziyyətlərindən söz açıldı.

Açılış mərasimi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Gəncə Musiqi Kollecinin istedadlı tələbələrinin ifasında konsert proqramı ilə davam etdi.

Həmin gün və noyabrın 21-də müsabiqə iştirakçılarının ifaları münsiflər heyətləri tərəfindən dinlənilib qiymətləndirildi.

Noyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında müsabiqənin bağlanışına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirildi. Mərasimdə qaliblərin adları elan olundu. Məlum oldu ki, müsabiqənin müvafiq nominasiyaları üzrə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri İsmayıl İsazadə, Leyla Əhmədbəyova, Roza Həsənova, Aysel Şahbazlı, Aysel Rzayeva (fortepiano), Rəhim Xudaverdiyev (klarnet), Alina Dmitriyeva (fleyta), Turanə İsayeva (truba), Toğrul Əlili (skripka), Tahir Əmrahov (tar), Arifə Lətifzadə (qanun), Sübhan Köçərlinski (qarmon), Bakı Humanitar Kollecinin tələbəsi Sabir Quluzadə (qarmon), Sumqayıt Musiqi Kollecinin tələbələri Tural Süleymanov, Lalə Ağayeva  (fortepiano), Məhərrəməli Əlişanov (tar), Emil Ağayev (qarmon), Zaur Rzayev (tar), Arzuman Səfərli (qarmon), Gəncə Musiqi Kollecinin tələbələri Gülay Tağıyeva (fortepiano), Bayram Üzeyirov (tar), Şəki Musiqi Kollecinin tələbəsi Türkan Məmmədli (fortepiano), Astara Pedaqoji Kollecinin tələbəsi Raul Ağayev (kamança), Şuşa Humanitar Kollecinin tələbəsi Nicat Həsənli (tar), Şuşa Musiqi Kollecinin tələbəsi Yusif Bədəlov (fortepiano) qalib hesab olunublar. Bakı Humanitar Kollecinin IV kurs tələbəsi Sabir Quluzadənin qarmon və Astara Pedaqoji Kollecinin III kurs tələbəsi Raul Ağayevin kamançada mahir ifaları münsiflər heyəti tərəfindən xüsusi qeyd olundu.

Mərasimdə çıxış edənlər müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib qalibləri təbrik etdilər. Onlara Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olundu.

Mərasim yekun konsert proqramı ilə başa çatdı. 

Yusif ƏLİYEV,
Fotolar Rafiq SALMANOVUNDUR

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov