Maks
Karl Ernest Lüdviq Plank görkəmli alman nəzəri fiziki,
kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərində
fizika elminin inkişaf istiqamətini müəyyənləşdirib.
1900-cü ildə kvant hərəkətini (Plank sabiti) elmə daxil
edib, kvant ideyalarına əsaslanaraq şüalanma qanununu
kəşf edib. Termodinamika, nisbilik nəzəriyyəsi, idrak
fəlsəfəsinə dair elmi işləri ilə böyük nüfuz qazanıb.
Fizikanın tarixi və metodologiyası, elmin fəlsəfəsinə
dair tədqiqatlar aparıb. Mütləq qara cismin spektrində
enerjinin paylanması qanununu müəyyən edib. 1918-ci ildə
mütləq qara cismin şüalanma qanununun kəşfinə görə Nobel
mükafatına layiq görülüb.
İstedad və əməksevərliyi ilə seçilən məktəbli
Maks Plank 1858-ci il aprelin 23-də Prussiyanın Kile
şəhərində mülki hüquq professoru İohann Yulius Vilhelm
fon Plankın ailəsində anadan olub. Anası Emma Plank
uşaqların tərbiyəsi ilə məşğul idi. Uşaqlıqdan Maks
fortepianoda və orqanda ifa etməyi öyrənib. O, musiqi
sahəsində qeyri-adi qabiliyyətləri ilə seçilib. Maksın
9 yaşı tamam olanda ailə Münhenə köçüb. Plank sonralar
xatırlayırdı ki, valideynləri və bacıları arasında
xoşbəxt gənclik illəri keçirib. Onların ailəsində
uşaqların istedad və qabiliyyətlərinin hərtərəfli
inkişafına xüsusi diqqət var idi. Onun ulu babası Qotlib
Yakob Plank və babası Henrix Lüdviq Plank Gettingendə
teologiya professorları olublar. Maks Münhendə
Maksimilian Kral Gimnaziyasına daxil olub. Gimnaziyada
Maks yaxşı oxuyurdu. İstedadı, əməksevərliyi ilə seçilən
Plank çox ağıllı və fərasətli idi.
Onun
riyaziyyata marağı çox erkən yaşda özünü büruzə verib.
Riyaziyyat sahəsində çox gözəl müəllimləri onda təbiət
və dəqiq elmlərə maraq oyada biliblər. Maksın riyaziyyat
müəllimi Q.Müller olub. Müəllimlər arasında dərin
biliyi və iti zəkası ilə seçilən Müller sadə və
inandırıcı dərs nümunələrilə fizika qanunlarını gənc və
istedadlı Planka izah etməklə onda tədqiqatçılığa və
müstəqil surətdə elmi problemlər üzərində iş aparmağa
həvəsləndirmişdi. Orta və yuxarı siniflərdə onun
xəstələnmiş müəllimləri əvəz etməsi adi hala
çevrilmişdi. 1874-cü ildə gimnaziyanı başa vuran Maks
əvvəlcə klassik filologiyanı öyrənməyə cəhd edib, öz
qüvvəsini musiqi kompozisiyalarında sınayıb, lakin
fizikaya üstünlük verib. Sonralar Plank yazırdı ki, ilk
olaraq enerjinin saxlanması qanununu mütləq qanun kimi
mənimsəyib. İxtisas seçimi qarşısında qalan Plank
dərhal fizikanı seçməyib. Onu klassik filologiya, musiqi
cəlb edirdi. Fizika ixtisas seçimində bütün digər
elmləri qabaqlasa da, musiqi Plankın bütün ömrü boyu
həyatında önəmli yerdə olub. Maks Plank 3 il ərzində
əvvəlcə Münhen, sonra isə Berlin universitetlərində
riyaziyyat və fizikanı öyrənib. Onun Münhen
Universitetindəki müəllimlərindən professor Filipp fon
Jollinin qabaqgörənliyi səhv çıxıb. O, gənc Planka
başqa peşəni seçməyi məsləhət görmüşdü. Onun sözlərinə
görə, fizikada artıq kəşf olunası əhəmiyyətli yeni bir
şey qalmayıb. O, Maksa perspektivi olmayan işlərlə
məşğul olmamağı tövsiyə etmişdi. Lakin gənc Maks
professorun nəsihətinə qulaq asmayıb. Maksın gənclik
illərində geniş yayılan bu kimi fikirlər XIX əsrin
sonlarında fizika və kimya elmləri sahəsində əldə
olunmuş bir sıra elmi nailiyyətlərlə izah olunur. Lakin
Berlin Universitetində təhsil alan Maks Plank
Almaniyanın o zamankı məşhur tanınmış fizikləri Qerman
fon Helmholts və Qustav Kirxqof, eləcə də Rudolf
Klauzisin elmi işləri sayəsində fizika elmi sahəsində
daha geniş elmi dünyagörüşə nail olmuşdu. Məşhur
fiziklərin rəhbərliyi altında elmi problemləri öyrənən
Maks özünün elmi karyerasını müəyyən edib. Sonralar
Plank yazırdı ki, fiziki qanunları o, adları çəkilən
alimlərin mühazirələrindən deyil, onların yazmış
olduqları kitablardan öyrənib. (Helmholts mühazirələrə
hazırlaşmırdı və çox vaxt yazı lövhəsində səhvlər
buraxırdı, Kirxqof isə mühazirələrə çox diqqətli
hazırlaşsa da, onun dərsi çox darıxdırıcı və monoton
idi).
Elmi maraqları
Dövrün
bir sıra məşhur fiziklərinin təsiri altında Maks Plankın
elmi maraqları ilk vaxtlarda termodinamika sahəsinə
yönəlib. Fizikanın bu bölməsində o zaman məlum olan
azsaylı fundamental qanunlar əsasında istilik
problemləri, mexaniki enerji və enerji çevrilmələri
öyrənilirdi. 1879-cu ildə Maks Plank Münhen
Universitetində "İstiliyin mexaniki nəzəriyyəsinin
ikinci qanunu barədə" mövzusunda dissertasiya müdafiə
edərək ilk elmi dərəcəsini alıb. İki il sonra isə
"Müxtəlif temperaturlarda izotrop maddələrin tarazlıq
vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. Bundan sonra Maks Plank Münhen Universitetinin
fizika fakültəsində kiçik elmi işçi vəzifəsinə təyin
olunub. 1885-ci ildə Maks Plank Kilsk Universitetinin
adyunkt-professoru olub. Bu, ona məşğul olduğu elm
sahəsində daha geniş sərbəstlik verib. Onun maddi
vəziyyəti yaxşılaşıb və elmi tədqiqatların aparılması
üçün daha çox vaxt qazanıb. O bu təyinatı həyatında ən
xoşbəxt günlər hesab edib. Maks çox fəal işləyirdi və
tezliklə çox gənc və inkişaf etməkdə olan elm sahəsi -
fiziki kimya sahəsində mühüm elmi nəticələr əldə edib.
Maks Plankın termodinamika və onun bölmələri olan fiziki
kimya və elektrokimya sahəsində işləri ona beynəlxalq
nüfuz qazandırıb. 1888-ci ildə Maks Plank Berlin
Universitetinin adyunkt-professoru və Nəzəri Fizika
İnstitutunun (bu elm ocağı xüsusi olaraq onun üçün təsis
edilmişdi) direktoru vəzifəsini tutub. Münhen
Universitetində dosent
vəzifəsində
çalışan Maks Plank nəzəri fizika kursu üzrə ilk
mühazirələrini təşkil etməyə başlayıb. Lakin 1897-ci ilə
qədər o özünün mühazirə materiallarının dərc olunmasına
nail ola bilməyib. 1887-ci ildə Maks Plank Gettingen
Universitetinin fəlsəfə fakültəsinin mükafatını almaq
üçün yazdığı elmi işi müsabiqəyə təqdim edib. Bu işə
görə Plank mükafat alıb, enerjinin saxlanması qanununun
tarixi-metodoloji təhlilinə həsr olunmuş elmi iş
1887-1924-cü illər ərzində 5 dəfə dərc olunub. Bu
dövrdə Plank fiziki-kimyəvi proseslərin
termodinamikasına dair bir sıra elmi işlərini dərc
etdirib. Duru məhlullarda kimyəvi tarazlıq nəzəriyyəsini
yaratmasına görə daha çox populyarlıq qazanıb. 1897-ci
ildə onun termodinamikaya həsr olunmuş mühazirələri ilk
dəfə işıq üzü görüb. Bu klassik əsər bir neçə dəfə dərc
olunaraq müxtəlif dillərə tərcümə olunub. Artıq Maks
Plank Berlin Universitetinin ordinar-professoru və
Prussiya Elmlər Akademiyasının üzvü idi. 1896-cı ildə
Plank Berlin Dövlət Fizika-Texnika İnstitutunda aparılan
hesablamalara, eləcə də maddələrin istilik şüalanması
hadisəsinə maraq göstərib. Müstəqil surətdə öz
tədqiqatlarını aparan Plank yeni fiziki
qanunauyğunluqlara diqqət yetirib. O, eksperimentlər
əsasında qızdırılmış cismlərin istilikburaxma qanununu
müəyyən edib. Bununla belə, o, istilikburaxmanın kəsilən
xarakterə malik olması ilə üzləşib. Plank öz qanununu
yalnız belə bir mühüm fərziyyə ilə əsaslandıra bilib ki,
atomların hərəkət enerjisi sərbəst deyil, onlar yalnız
müəyyən olunmuş qiymətlər ala bilər. Sonrakı tədqiqatlar
bu fərziyyəni tam təsdiq etdi. Məlum oldu ki,
istilikburaxmanın fasiləliliyi istənilən şüalanmaya
xasdır. İşıq enerjinin ayrı-ayrı hissələrindən
(kvantlardan) ibarətdir. Plank müəyyən etmişdi ki, işıq
porsiyalarla buraxıla və udula bilər. Və hər bir bu cür
porsiyanın enerjisi hərəkət tezliyinin sonralar Plank
sabiti adlandırılan xüsusi sabit kəmiyyətə hasilinə
bərabərdir.
Maks
Plank sabiti
Maks
Plank mütləq qara cismin spektri üçün universal düstur
axtarırdı. Şüalanmanın enerjisinin onun tezliyinin
böyüməsi ilə artmasını nəzərə alan Plank çox sadə təklif
vermişdi. E şüalanma enerjisi onun tezliyi ilə
mütənasibdir: . Plank tapdığı
düstur üzərində iki il çalışmışdı. 1900-cü il oktyabrın
19-da Alman Fizika Cəmiyyətinin iclasında Plank öz
düsturunu təklif edib. İclasda iştirak edən
eksperimentatorlardan Rubens ertəsi gün Plankı təbrik
edərək bildirib ki, onun düsturu mütləq qara cismin
spektrlərini ən xırda təfərrüatlarına qədər təsvir
edir. Plank nəzəriyyəçi idi, ona görə də o,
nəzəriyyənin yalnız son nəticələrini deyil, həm də
daxili bitkinliyini qiymətləndirirdi. O hələ bilmirdi
ki, təbiətin yeni qanununu kəşf edib, o hesab edirdi ki,
bu qanunu elmə məlum olan digər qanunlardan çıxarmaq
olar. Materiyanın və termodinamikanın kinetik
nəzəriyyəsindən irəli gələn mülahizələrə istinad edən
Plank şüalanma qanununu nəzəri olaraq əsaslandırmağa
çalışırdı. O, son qüvvəsini toplayaraq iki ay fasiləsiz
işləyib və buna nail olub. Alim müəyyən etmişdi ki,
şüalanma müəyyən paylarla və ya kvantlarla buraxılır,
həmin payların miqdarı isə onun təklif etdiyi düsturu ilə
müəyyən olunur. Nyuton və Leybnits tərəfindən qoyulmuş
dünyanın əsas fiziki mənzərəsini təşkil edən bütün növ
proseslərin kəsilməzliyi təsəvvürünə zidd olaraq Plank
şüalanmanın kvant təbiətini irəli sürür. Bu nəzəriyyəyə
görə, şüalanma hər birinin enerjisi -yə bərabər olan
kvantlarla ayrılır və udulur: burada - şüalanma tezliyi, - Plank
sabitidir. Məşhur düsturunu çıxaran zaman Plankın 42
yaşı var idi. 1900-cü il dekabrın 14-də Berlin Fizika
Cəmiyyətinin iclasında çıxış edən ordinar fizika
professoru Maks Plank "Normal spektrdə enerjinin
paylanması qanununun nəzəriyyəsinə dair" son dərəcə
xüsusi əhəmiyyətə malik məqalə ilə çıxış edib. Həmin gün
yeni elm - kvant haqqında təlim yaranıb. Plank
tərəfindən irəli sürülmüş fərziyyə fizikada əsl inqilab
yaratmış kvant nəzəriyyəsinin doğulması demək idi. Elm
aləmi üçün Plank adını daşıyan sabitinin nə
qədər əhəmiyyətli olduğu bu iclasdan sonra məlum oldu.
Bu sabitin kiçik ədəd olduğu aşkar olundu. Plank sabiti
atom hadisələrinin öyrənilməsinə qapı açdı. Plank
düsturu abstrakt təsəvvürlərin nəticəsi olmayıb, yalnız
uzunmüddətli dəqiq təcrübələrin əsasında meydana gəlib.
Plank təsir kvantını
fizika elminə daxil etmişdi. O, elmi tapıntısının əsl
mahiyyətini özü də tam miqyası ilə təsəvvür edə
bilmirdi. Digər nüfuzlu fiziklər də yeniliyi qəbul
etməkdə və onu anlamaqda çətinlik çəkirdilər. Məşhur
fizik Kramers kvantlar nəzəriyyəsi açıqlandıqdan sonra
belə demişdi: "Kvant nəzəriyyəsini xəstəliyi müalicə
edən, lakin xəstəni öldürən dərmanla müqayisə etmək
olar". Plank özü 1909-cu ildə Eynşteynə etiraf edirdi:
"Mən işıq kvantlarının varlığına hələ də pis inanıram".
Lakin Plankın işləri artıq fiziki tədqiqatlar üçün bol
material vermişdi. 20 il keçəndən sonra Eynşteyn
deyirdi: "Plank fiziklərin qulağına birə buraxıb".
Klassik fizika müasir fizikanın tam əksi olaraq hazırda
"Planka qədərki fizika" adlanır. 1901-ci ildə
eksperimental məlumatlara əsaslanan Plank Bolsman
sabitinin qiymətini müəyyən edib. Digər elmi
nəticələrdən isfitadə etməklə Avoqadro ədədini
(elementin bir molunda olan atomların sayı) hesablayıb.
Avoqadro ədədindən istifadə edən Plank çox yüksək
dəqiqliklə elektronun elektrik yükünü tapa bilib. Plank
heç də inqilabçı olmayıb, nə o, nə də digər fiziklər
"kvant" anlayışının dərin mənasını başa düşmürdülər.
1906-cı ildə Plankın "İstilik şüalanması nəzəriyyəsinə
dair mühazirələr" monoqrafiyası işıq üzü görüb. Bu
nəzəriyyədə Plank sabiti və digər fundamental
kəmiyyətlərlə yanaşı, işıq sürəti, Bolsman sabiti
adlandırılan kəmiyyət əksini tapıb. Plank üçün kvant
sadəcə maddənin istilikburaxma qabiliyyətini düsturla
ifadə etmək üçün bir vasitə idi. O, dəfələrlə klassik
ənənə çərçivəsində razılıq əldə etməyə cəhd edib, lakin
nəticə hasil olmayıb. Bununla belə o, kvant nəzəriyyəsi
üzrə ilk uğurlardan məmnuniyyətlə danışırdı. Kvant
nəzəriyyəsinin mövqeyi 1905-ci ildə Albert Eynşteynin
foton anlayışından - elektromaqnit şüalanma kvantından
istifadə etməsindən sonra daha da möhkəmləndi. Eynşteyn
təklif edirdi ki, işıq ikili təbiətə malikdir: o, özünü
həm dalğa, həm də hissəciklər kimi apara bilər. 1907-ci
ildə Eynşteyn cismlərin xüsusi istilik tutumunun təcrübi
qiymətləri və nəzəri fərziyyələr arasında ziddiyyətləri
kvantların köməyi ilə aradan qaldırmaqla kvant
nəzəriyyəsinin əsaslarını daha möhkəmlətdi. Plankın
kəşfinin daha bir potensial gücü 1913-cü ildə
danimarkalı fizik Nils Borun kvant nəzəriyyəsini atomun
quruluşuna tətbiq etməsindən sonra daha da təsdiqini
tapdı. Plankın digər nailiyyətlərinə gəldikdə,
hissəciklərin kiçik təsadüfi impulslarda hərəkətini
təsvir edən Fokker-Plank tənliyinin həlli misal
göstərilə bilər.
"Fiziki
tədqiqatların yolgöstərən ən parlaq ulduzu"
1919-cu ildə Maks Plank kvant enerjisinin kəşfi
sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq
görülüb. İsveç Kral Elmlər Akademiyasının üzvü
Q.Ekstrand mükafatın təqdimolunma mərasimində qeyd edib
ki, "Plankın şüalanma nəzəriyyəsi müasir fiziki
tədqiqatların yolgöstərən ən parlaq ulduzudur, onun
dahiliyinin neçə-neçə xəzinəyə yol açdığını söyləmək
üçün isə bir neçə il lazım gələcək". 1920-ci ildə Nobel
mühazirəsində Plank öz işlərinə yekun vuraraq etiraf
edirdi ki, kvantın tətbiqi hələlik əsl kvant
nəzəriyyəsinin yaradılmasına gətirməyib. 20-ci illərdə
Ervin Şredinger, Verner Heyzenberq, Pol Dirak və digər
fiziklər kvant mexanikasını inkişaf etdirdilər. Kvant
mexanikasının yeni ehtimal interpretasiyası Plankın
ürəyinə yatmırdı. Eynşteyn kimi Plank da yalnız
ehtimal nəzəriyyəsinə əsaslanan qabaqcadan söylənmiş
fərziyyələri bir araya gətirmək istəyirdi. Plankın
müasir fizikanın inkişafında xidmətləri təkcə kvantın
kəşfi və onun adını daşıyan sabitlik ölçüsü ilə
məhdudlaşmır. Eynşteynin 1905-ci ildə dərc olunmuş
xüsusi nisbilik nəzəriyyəsi onda çox güclü təəssürat
buraxmışdı. Plank tərəfindən yeni nəzəriyyəyə
göstərilmiş tam dəstək fiziklər tərəfindən xüsusi
nisbilik nəzəriyyəsinin qəbul olunmasında az rol
oynamayıb.
"Bu gün mən Nyutonun kəşfi kimi mühüm bir kəşf
etmişəm..."
1920-ci il iyunun 2-də Stokholmda İsveç Elmlər
Akademiyasında keçirilən təqdimolunma mərasimində çıxış
edən Plank "Kvant nəzəriyyəsinin yaranması və inkişafı"
mövzusunda nitq söyləyib. "Bu gün bizə anlaşılmaz
görünənlər bir vaxt gələcək, daha yüksək baxımdan
xüsusilə sadə və harmonik görünəcək. Lakin bu məqsədə
çatana qədər kvant problemi tədqiqatçıların fikrini
oyadacaq və onu daha məhsuldar edəcək, onun həlli zamanı
nə qədər çox çətinlik qarşıya çıxarsa, bu, bizim fiziki
biliyimizin genişlənməsi və dərinləşməsi üçün bir o
qədər zəruri olacaq". Plank öz kəşfinin əhəmiyyətini
çox yaxşı başa düşürdü. Oğlu Ervin xatırlayırdı ki,
atası bir dəfə meşə gəzintisinə onu da özü ilə aparıb.
Yolda alim oğluna həyəcanla bu sözləri deyib: "Bu gün
mən Nyutonun kəşfi kimi çox mühüm bir kəşf etmişəm".
Plank doğrudan da bu sözləri deməkdə haqlı idi, lakin
Eynşteyn, Bor kimi korifeylərin uzunsürən səyləri
tələb olundu ki, bu kəşf bütün elm ictimaiyyəti
tərəfindən qəbul olunsun. Plank öz kəşfini heç vaxt
nəzərə çarpdırmırdı. Elə bunun nəticəsi idi ki, onun
haqqında belə bir yanlış rəy formalaşmışdı: "O bir iş
görəndə yəqin ki, nə etdiyini bilmirdi".
Plankın elmə verdiyi xidmətlər əvəzsizdir. Məhz onun
kvantları kəşf etməsi Albert Eynşteynin nisbilik
nəzəriyyəsi kimi mühüm kəşfə yol açmışdı. Plankın
şüalanma qanunundan sonralar atom bombasının
yaradılmasında da istifadə olunmuşdu.
Plankın kəşfini qiymətləndirən Albert Eynşteyn yazırdı:
"Məhz Plankın şüalanma nəzəriyyəsi digər təkliflərdən
fərqli olaraq ilk dəfə atomların mütləq ölçülərinin
təyin olunmasına təkan verib. Bundan əlavə, o,
inandırıcı surətdə göstərib ki, materiyanın atomistik
strukturundan əlavə, Plankın irəli sürdüyü universal
sabitlik ölçüsü tərəfindən idarə olunan enerjinin
özünəməxsus atom strukturu mövcuddur. Bu kəşf XIX əsrdə
bütün elmi tədqiqatların əsası oldu və o vaxtdan elmin
inkişafını müəyyən etdi. Bu kəşf olmadan atom və
molekulların, energetik proseslərin əsl nəzəriyyəsini
müəyyən etmək mümkün olmazdı. Bundan başqa, bu kəşf
klassik mexanika və elektrodinamikanın standartlarını
dağıdaraq elm qarşısında yeni - bütün fizika üçün yeni
idrakın təməlini tapmaq vəzifəsini qoydu". Plankın elmi
nailiyyətini Albert Eynşteyn qədər dəqiq və müfəssəl
qiymətləndirən olmamışdı. Görkəmli fransız
riyaziyyatçısı A.Puankare yazırdı: "Plankın kvant
nəzəriyyəsi heç şübhəsiz natural fəlsəfənin Nyuton
dönəmindən məruz qaldığı ən böyük və ən dərin
inqilabdır".
Dahilərin dostluğu
O, hər hansı elmi məktəb yaratmayıb, lakin onun
ünsiyyətdə olduğu elmi cəmiyyətin sıraları çox geniş
idi. Bu cəmiyyətdə Albert Eynşteyn əsas fiqur idi. Maks
Plank Albert Eynşteynlə birlikdə o zaman müxtəlif elmi
diskussiyaların və mübahisələrin qızğın aparıldığı
Solveyev konqreslərində əsas söz sahibləri idilər. Bir
çox elmi mübahisələrə məhz Maks Plankın müdaxiləsindən
sonra son qoyulardı. Maks Plank və Albert Eynşteyni
möhkəm dostluq birləşdirirdi. Plank bütün həyatı boyu
musiqi sevgisini nümayiş etdirib. O, əla pianoçu idi,
tez-tez öz dostu Albert Eynşteynlə birlikdə kamera
musiqilərini ifa edirdi. Bundan əlavə, fizikanın bir
sıra aktual problemlərinə (kvant mexanikasının
interpretasiyası) də oxşar mövqedən yanaşırdılar.
Bütün həyatı boyu Maks Plank ailəsinə, dostlarına və öz
ölkəsinə sədaqətini qoruyub saxlayıb. O, çox təvazökar
adam olub. Plank alpinizmə maraq göstərir və hər yay
tətilini Alp dağlarında keçirirdi. "Taleyinə dünyaya
böyük yaradıcı ideya bəxş etmək nəsib olmuş insanın
gələcək nəsillərin tərifinə ehtiyacı yoxdur. Onun
yaradıcılığı ona daha artıq xeyir verib",- deyə
Eynşteyn Plankın 60 illiyinə həsr olunmuş tədbirdə
bildirmişdi. 1928-ci ildə 70 yaşlı alim nəzəri fizika
kafedrasını dalğa funksiyasının banisi Ervin Şredingerə
(fizik, Nobel mükafatı laureatı ) təhvil verərək təqaüdə
çıxıb. Lakin bundan sonra da Plank inadla elmi işlərini
davam etdirib. O, kayzer Vilhelm dövründə 1930-cu ildən
prezidenti olduğu Fundamental Elmlər Cəmiyyəti ilə
əlaqəsini kəsməyib. Səkkizinci onilliyin astanasında da
Plank tədqiqatçılıq fəaliyyəti ilə məşğul olub. Onun
tələbələrindən Maks fon Laue, Qustav Herts, Valter Bote
müxtəlif illərdə Nobel mükafatına layiq görülüblər.
Ölkəsi üçün dualar edən alim
Maks Plank Almaniyada faşistlərin hakimiyyətə gəlməsini
milli faciə kimi qarşılayıb. O, müharibə dövründə
vəzifələrindən uzaqlaşdırılmış və ölkədən qovulmağa
məhkum olan yəhudi alimlərin müdafiəsinə qalxıb.
Onların təqibinə son qoymaq üçün Plank Fundamental
Elmlər Cəmiyyətinin prezidenti kimi Hitlerin rəsmi
qəbulunda olub. Görüşdə Hitler ümumiyyətlə yəhudilərə
qarşı daha kəskin mövqeyini ortaya qoyub. Cəsarətli
alimi yalnız onun dünya şöhrəti labüd ölümdən xilas
edib. Sonrakı illərdə Plank daha ehtiyatlı olub və
susmağa üstünlük verib, baxmayaraq ki, nasistlər artıq
alimin baxışlarına bələd idilər. İkinci Dünya müharibəsi
illərində Plank müqavimət hərəkatı ilə əlaqə saxlayıb,
faşist rejiminin təhlükəsində olan alimlərin xaricə
göndərilməsinə kömək edib. Öz vətənini sevən
vətənpərvər kimi o, yalnız dualar edirdi ki, alman xalqı
yenidən normal həyata qovuşsun. O, alman elminin və
təhsilinin tam məhv olmaqdan xilas olunması ümidilə
olduqca ağır və təhlükəli şəraitdə müxtəlif elmi
cəmiyyətlərdə fəaliyyətini davam etdirirdi. Plankı isə
yeni sarsıntılar gözləyirdi. Alimin evi və şəxsi
kitabxanası Berlinə hava hücumları nəticəsində məhv
olub. Plank və onun arvadı geri çəkilən alman qoşunları
və müttəfiqlərin hücum edən hərbi qüvvələri arasında
qalan Maqdeburq şəhəri ətrafındakı qəsəbədə sığınacaq
tapmağa cəhd edib. Onların həyatı təhlükədə idi. Sonda
Plank ailəsi amerikalı qoşunlar tərəfindən xilas olunub
və onlar o vaxt təhlükəsiz olan Gettingen şəhərinə yola
salınıb. Müharibədən sonra Plank Gettingendə alman
fiziki məktəbinin formalaşması işini davam etdirib.
Faciələr içində keçən alim ömrü
Maks Plankın həyatının son 10 ili faciələr içində
keçib. 1885-ci ildə ailə qurduğu birinci arvadı Mariya
Merk 1909-cu ildə vəfat edib. Plankla Mariya 20 il
xoşbəxt ailə içində yaşamışdı. Mariyanın ölümü Plank
üçün ağır zərbə idi, alim uzun müddət özünə gələ
bilməmişdi. Lakin bu, hələlik son deyildi. Onların 2
oğlan və iki əkiz qız uşaqları olmuşdu. Bu hadisədən 2
il sonra o, yaxın qohumu Marqe fon Xesslin ilə evlənib,
onların bir oğlu anadan olub. Marqe Maksdan 24 yaş kiçik
idi. Onun 4 övladından 3-ü Birinci Dünya müharibəsindən
sağ çıxmayıb. Verder şəhəri ətrafında döyüşlərdə onun
birinci nigahdan olan böyük oğlu Karl həlak olub.
Sonrakı illərdə isə onun qızları Marqaret və Emma vəfat
ediblər. Onların hər ikisi doğuş zamanı dünyalarını
dəyişiblər.
Birinci nigahdan Maksın yalnız bir oğlu - Ervin sağ
qalıb. Lakin Maks Plank onun da ölümünü yaşamalı olub.
1944-cü ildə Ervin Hitlerə qarşı baş tutmamış qəsddə
ittiham olunaraq nasistlər tərəfindən edam olunub.
Böyük alim artıq qüvvəsini itirmişdi, onurğa sütununun
artriti onun əzablarını daha da artırırdı. Bir müddət
alim universitet klinikasında qalıb, sonra isə yaxın
qohumlarından birinin evinə köçüb.
Maks Plank Almaniya, Avstriya, İngiltərə, Danimarka,
İrlandiya, Finlandiya, Yunanıstan, Niderland,
Macarıstan, İtaliya, SSRİ, İsveç və ABŞ Elmlər
akademiyaları və müxtəlif elmi cəmiyyətlərin üzvü olub.
Alman Fizika Cəmiyyəti özünün ali qızıl medalını Maks
Plankın adına təsis edib və dahi alim özü bu fəxri
mükafatın ilk sahibi olub. Onun 80 illiyi münasibəti ilə
kiçik planetlərdən biri onun adına plankiana
adlandırılıb. İkinci Dünya müharibəsinin başa
çatmasından sonra isə Fundamental Elmlər Cəmiyyəti Maks
Plank Cəmiyyəti adı ilə əvəz olunub. 80-ə yaxın institut
onun adını daşıyır. Son 60 ildə Plankın adını daşıyan
elmi tədqiqat institutlarında çalışan alimlər 17 Nobel
mükafatı qazanıblar. Alim 1947-ci il oktyabrın 4-də 90
illiyinə 6 ay qalmış Gettingendə vəfat edib. Bir il
sonra isə onun arvadı Marqe də vəfat edib. Onun
başdaşında yalnız adı, soyadı və onun adını daşıyan
Plank sabitinin ədədi qiyməti həkk olunub.
Hazırladı: Oruc MUSTAFAYEV |