Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsi - 65

Yarım əsrdən artıq elm və təhsilin xidmətində

 

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.
İlham ƏLİYEV
 

Hörmətli redaksiya!

2012-ci ilin noyabr ayında Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin 65 illiyi tamam olur. Fakültənin respublikamızda yüksək ixtisaslı - peşəkar kitabxanaçı kadrlar hazırlanmasında, kitabxanaşünaslığın bir elm kimi formalaşmasında və inkişafında böyük xidmətlərini nəzərə alaraq Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov fakültənin 65 illik yubileyinin təntənəli şəkildə keçirilməsi haqqında əmr imzalamışdır.

   Mənim bütün şüurlu həyatım bu fakültə ilə, onun qaynar həyatı ilə bağlı olmuşdur. 1950-ci ildə BDU-nun filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuş, 1955-ci ildə həmin şöbəni bitirmişəm. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra BDU-nun rektoru, akademik Y.Məmmədəliyevin əmri ilə kitabxanaşünaslıq kafedrasında müəllim vəzifəsində saxlanılmışam. Tələbəlik illərini də nəzərə alsaq, 62 ildir Bakı Dövlət Universitetinin doğma divarları arasında müdrikləşmişəm. Bütün gənclik illərimi universitetin qaynar tədris və elmi həyatı ilə bağlaya bildiyimdən, burada elmlər namizədi, elmlər doktoru elmi dərəcələri, dosent, professor elmi adlarına layiq görülmüşəm. BDU-da işlədiyim müddətdə 25 il fakültə dekanı, 50 il kitabxanaşünaslıq kafedrasının müdiri, 57 il professor-müəllim vəzifəsində çalışmışam. Kitabxanaçılıq şöbəsinin müstəqil kitabxanaçılıq fakültəsi kimi təşkilində fəal iştirak etmişəm. Desəm ki, fakültənin canlı tarixiyəm, səhv etmərəm.

Dövlətimiz kitabxanaçılıq-informasiya sahəsində kadrların hazırlanmasında və kitabxanaşünaslıq elminin inkişafındakı fəaliyyətimi yüksək qiymətləndirmiş, məni "Şöhrət" ordeni ilə təltif etmiş, əməkdar elm xadimi kimi ən şərəfli ada, həmçinin Prezident təqaüdü almaq şərəfinə layiq görmüşdür.

Yuxarıda göstərdiklərimi nəzərə alıb Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin tarixinə dair kiçik yazımı çap etmənizi xahiş edirəm.

Azərbaycan xalqının milli sərvəti olan Bakı Dövlət Universiteti ölkəmizin ilk ali məktəbi, elm məbədgahı kimi respublikamızda xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin bütün sahələri üçün yüksək ixtisaslı mütəxəssis kadrlar hazırlamaqda və Azərbaycan elminin inkişafında böyük xidmətləri vardır.

Müasir informasiya cəmiyyəti şəraitində respublikamızda sosial institut kimi formalaşan, cəmiyyətin informasiya tələbatının ödənilməsində mühüm rol oynayan kitabxanalarımız üçün də yüksək ixtisaslı, peşəkar kadrlar hazırlanması da Bakı Dövlət Universitetinin adı ilə bağlıdır.

65 il bundan əvvəl 1947-1948-ci tədris ilində Bakı Dövlət Universitetinin filoloji fakültəsinin yanında kitabxanaçılıq şöbəsi kimi yaranan, 1962-ci ildən müstəqil fəaliyyət göstərən kitabxanaçılıq-informasiya fakültəsi doğma universitetin yüksək ixtisaslı, böyük elmi potensiala malik kollektivinin, professor-müəllim heyətinin böyük köməyi və qayğısı sayəsində inkişaf etmiş, universitetin ən qabaqcıl, ən peşəkar bir fakültəsinə çevrilmişdir. Mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanalar üçün yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamaq sahəsində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müsbət göstəriciləri, tədris və elmi nailiyyətləri ilə fərqlənən yüksək kadr potensialına malik olan bir fakültə kimi formalaşmışdır.

Azərbaycanda yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasına 1947-ci ildən Bakı Dövlət Universitetinin filoloji fakültəsinin kitabxanaçılıq şöbəsində başlanmışdır. Respublikamızda yüksək ixtisaslı peşəkar kitabxanaçı kadrlara böyük ehtiyac olduğundan bu şöbə 1962-ci ildə müstəqil kitabxanaçılıq-informasiya fakültəsinə çevrildi. Bu yaxınlarda 65 illiyini bayram edəcək  fakültə böyük və şərəfli inkişaf yolu keçmiş, 6 mindən artıq yüksək ixtisaslı peşəkar kitabxanaçı-informasioloq kadrları hazırlamışdır. Fakültənin hazırladığı kadrlar demək olar ki, respublikamızın bütün kitabxanalarında fəaliyyət göstərir, kitabxana işinin, müasir informasiya cəmiyyətinin tələbləri səviyyəsində yenidən qurulmasında, əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yaxından iştirak edir.

Öz yüksək ixtisas biliyi, intellektual səviyyəsi, peşəkarlığı ilə fərqlənən və doğma Bakı Dövlət Universitetinə başucalığı gətirən bu kadrlar demək olar ki, respublikamızın bütün kitabxana şəbəkələrində, o cümlədən elmi, elmi-texniki, xüsusi, təhsil və kütləvi kitabxanalarda müvəffəqiyyətlə çalışmaqdadırlar. Respublikamızda fəaliyyət göstərən 11 mindən artıq kitabxanada uğurla işləyən, kitabxana işinə rəhbərlik edən, Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin məzunlarının fəaliyyəti geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu da universitetin professor-müəllim heyətinin, fakültənin bütün kollektivinin böyük müvəffəqiyyətidir.

1947-1948-ci tədris ilində kitabxanaçılıq şöbəsinin yaranması və onun inkişafı haqqında mühüm əhəmiyyət kəsb edən bir sıra tarixi faktları göz önünə gətirək. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi 1947-ci ildə "Respublikada mədəni-maarif müəssisələri üçün kadr hazırlamaq haqqında" xüsusi qərar qəbul etdi. Qərarda göstərilirdi ki, 1947-48-ci tədris ilində ADU-nun filologiya fakültəsi nəzdində yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlayan kitabxanaçılıq şöbəsi təşkil edilsin və bu şöbə gələcəkdə ayrıca fakültəyə çevrilsin. Şöbənin açılması işinin təşkili BDU-nun rektoru, akademik Abdulla Qarayevə və Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif Müəssisələri Komitəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimova tapşırıldı. Bu görkəmli şəxsiyyətlərin birgə səyi nəticəsində SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi universitetin filologiya fakültəsinin nəzdində kitabxanaçılıq şöbəsinin yaranmasına icazə verdi.

Şöbənin filoloji fakültəsinin yanında təşkil edilməsi tədris prosesinin müvəffəqiyyətli təşkilinə əlverişli şərait yaratmaqla, onun gələcək inkişafı üçün böyük perspektivlər açmasına, yüksək ixtisaslı müəllim kadrları ilə təmin edilməsinə geniş imkanlar yaratdı. 1950-ci illərdə BDU-nun filoloji fakültəsi böyük bir institutu xatırladırdı. Fakültədə beş şöbə: Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, kitabxanaçılıq, jurnalistika, məntiq-psixologiya və incəsənət şöbələri fəaliyyət göstərirdi. Elmi və tədris həyatı çox yüksək səviyyədə olan filologiya fakültəsində dövrümüzün ən görkəmli alimləri dərs deyirdilər. Həqiqətən elmə, təhsilə böyük maraq duyulurdu. Tələbələr elmi yenilikləri daha dərindən öyrənmək üçün səylə çalışır, müəllimlər isə daha keyfiyyətli dərs keçmək üçün sanki bir-biri ilə, sözün yaxşı mənasında, yarışa çıxırdılar.

Kitabxanaçılıq şöbəsinin və 50-ci illərdə bu şöbədə təhsil alan tələbələrin bəxti gətirmişdi ki, bu şöbədə xalqımızın elm korifeyləri, böyük alimləri, görkəmli ziyalıları, akademiklərindən: M.Arif Dadaşzadə, F.Qasımzadə, Məmmədcəfər Cəfərov, Cəfər Cəfərov, H.Araslı, B.Vahabzadə, Z.İbrahimov, A.Zamanov, professorlardan Mir Cəlal Paşayev, Ə.Soltanlı, Cəfər Xəndan, Məmməd Hüseyn Təhmasib, P.Xəlilov, Ə.Qəhrəmanov, Ə.Abdullayev və s. dərs deyirdilər. Məhz respublikamızda son 60 ildə kitabxana işinə rəhbərlik edən peşəkar kitabxana işçiləri və fakültədə müəllim kimi çalışan kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri bu görkəmli şəxsiyyətlərdən dərs almışlar. Peşəkar kitabxanaçı ixtisasının və kitabxanaşünaslıq elminin fundamentinə qoyulan ilk uğurlar onların sayəsində pərvazlanmışlar.

1962-ci ildə kitabxanaçılıq şöbəsinin müstəqil kitabxanaçılıq fakültəsinə çevrilməsi Azərbaycan kitabının və kitabxanaçılığının böyük qələbəsi idi. Bu qələbəni Azərbaycan xalqına, kitabxana ictimaiyyətinə bəxş edən görkəmli şəxsiyyətlərdən - o dövrdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsində işləyən akademik Abdulla Qarayevin və Bakı Dövlət Universitetinin rektoru, akademik Şəfaət Mehdiyevin misilsiz xidmətləri yüksək qiymətə və təqdirəlayiqdir. Bu iki məşhur akademikin imzası və xeyir-duası ilə Bakı Dövlət Universitetində yaradılan müstəqil kitabxanaçılıq fakültəsi Azərbaycan elminin, mədəniyyətinin, kitabının və kitabxanalarının gələcəyinə açılan işıqlı bir pəncərə idi.

Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin böyük təəssübkeşi olan bu görkəmli akademiklərin səyi nəticəsində yaradılmış kitabxanaçılıq fakültəsi sonrakı dövrdə ona bəslənən bütün ümidləri layiqincə doğrultdu, SSRİ məkanında kitabxanaçılıq təhsili və elmi sahəsində ən qabaqcıl təhsil və elm mərkəzlərindən birinə çevrildi. Fakültənin əldə etdiyi bu nailiyyətlərdə respublikamızda kitaba, kitabxana işinə kitabxanaşünaslıq-informasiya fakültəsinin inkişafında, respublika kitabxanaları üçün peşəkar kitabxanaçı kadrların yetişməsində böyük xidmətləri olan görkəmli dövlət xadimləri, nazir və rektorlardan, təhsil nazirlərindən akademik A.Qarayevin, dosent Q.Əliyevin, professor M.Mərdanovun, rektorlardan: akademik Y.Məmmədəliyevin, akademik Ş.Mehdiyevin, akademik F.Bağırzadənin, akademik A.Məhərrəmovun, professorlardan C.Xəndanın adlarını böyük iftixarla çəkmək yerinə düşərdi.

70-ci illərdə fakültənin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də yeni beşillik universitet tədris planı ilə işləməyə başlaması olmuşdur. ABŞ-ın kitabxanaçılıq ali məktəblərinin tədris planının əsas konsepsiyasına müvafiq olaraq 1970-ci ildə Vilnüs Universiteti üçün təsdiq edilmiş fərdi tədris planı fakültə rəhbərliyinin səyi nəticəsində müstəsna hal kimi SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin icazəsi ilə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində tətbiq edildi. Fakültənin gələcək inkişafı üçün böyük perspektivlər açan bu tədris planının tətbiqi kitabxanaçılıq-informasiya fakültəsini keçmiş SSRİ məkanında dünya standartlarına cavab verən fakültəyə çevrilməsinə şərait yaratdı.

ABŞ universitetlərinin tədris planlarına müvafiq tərtib edilmiş yeni tədris planının əsas istiqamətləri 80-ci illərdən başlayaraq SSRİ-nin bütün ali kitabxanaçılıq məktəblərində tətbiq edilməyə başlandı. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində isə bu planın 70-ci illərdən tətbiq edilməyə başlanmasını kollektivin uğuru kimi qiymətləndirmək olar.

Kitabxanaçılıq fakültəsinin 70-ci illərdəki nailiyyətləri də diqqətəlayiq olmuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əlaqədar respublikada yaranmış işgüzar ab-hava, böyük və sürətli inkişaf Bakı Dövlət Universitetinin fəaliyyətinə də təkan vermişdi. Bu təsir özünü tezliklə kitabxanaçılıq-informasiya fakültəsinin inkişafında da göstərdi. Ulu öndərin kitabxana işinə böyük qayğısının təzahürü olaraq, Azərbaycanın kənd rayonları üçün kitabxanaçı kadrlar hazırlamaq məqsədilə müsabiqədənkənar qəbul planı müəyyənləşdirildi. Bu plana müvafiq olaraq hər il kənd rayonlarından fakültəyə 50-60 nəfər gənc qəbul edilirdi. Böyük əhəmiyyət kəsb edən bu tədbir o dövrdə kənd kitabxanalarını yüksək ixtisaslı kadrlarla təmin etmək üçün əlverişli şərait yaratdı.

1970-1980-ci illər fakültənin elmi uğurları kimi də yadda qalmışdır. 1970-ci ildən Bakı Dövlət Universitetinin Elmi əsərlərinin "Kitabxanaşünaslıq və biblioqrafiya" seriyası nəşrə başlamış, ildə 3 nömrəsi çap edilən bu seriya Zaqafqaziya və Orta Asiya respublikaları içərisində yeganə elmi əsərlər kimi böyük nüfuz qazanmışdı. Bu seriyada BDU-nun professor-müəllim heyəti ilə yanaşı, SSRİ-nin digər respublikalarının müvafiq sahədə fəaliyyət göstərən tanınmış mütəxəssislərinin məqalələri də dərc edilirdi. 70-80-ci illərdə kitabxanaçılıq fakültəsində elmi kadrların yetişdirilməsi sahəsində də ciddi nailiyyətlər əldə edildi. Bu zaman artıq kitabxana işinin müvafiq sahələrinə dair 1 doktorluq dissertasiyası, 10 namizədlik dissertasiyası  müdafiə edilmiş, elmi dərəcəsi olan mütəxəssislərin sayı çoxalmışdı.

Təəssüf hissi ilə onu da qeyd etməyi özümə borc bilirəm ki, ötən əsrin 60-cı illərinin axırlarında və 70-ci illərin əvvəllərində Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin başı üzərində bir kabus dolaşmaqda idi. Belə ki, respublikamızın bəzi "ziyalıları" BDU-da formalaşmış kitabxanaçılıq fakültəsini o dövrdə fəaliyyət göstərən İncəsənət İnstitutuna verməyi təklif edirdilər. O zaman BDU-nun rektoru işləyən akademik Şəfaət Mehdiyev bu təklifi irəli sürən "ziyalılara" çox məntiqi bir sual vermişdi: "Deyin görək, kitabxanalar nə vaxtdan incəsənətin bir növü olub? Siz bilirsinizmi ki, kitab bütün elmlərin mənbəyidir. Kitabxanalar elmi qoruyan məbədgahdır!".

Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin İncəsənət İnstitutuna verilib-verilməməsi haqqında mübahisələrə 1969-cu ildə hakimiyyətə gəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş böyük şəxsiyyət Heydər Əliyev nöqtə qoydu. Bütün ömrü boyu kitabxana işinə yüksək qiymət verən, kitabxananı "xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi" hesab edən, kitabxanaya, burada çalışan insanlara həmişə hörmət və ehtiram göstərən ulu öndər Heydər Əliyev o çətin dövrlərdə birmənalı şəkildə bildirdi ki, kitabxanaçılıq fakültəsinin universitetdə olması daha məqsədəmüvafiqdir.

XX əsrin 70-80-ci illərində kitabxanaçılıq fakültəsinin həyatında yeni mərhələ başlandı. Belə ki, BDU-nun tarix fakültəsinin Elmi şurasında kitabxanaçılıq fakültəsinin dekanı Abuzər Xələfov 05.25.03 kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə "Azərbaycanda kitabxana işinin tarixi (1933-1969-cu illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bu müdafiə RSFSR-dən sonra kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə müttəfiq respublikalarda müdafiə edilən ilk doktorluq dissertasiyası idi.

Bununla yanaşı, 70-80-ci illərdə Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin beynəlxalq əlaqələri xeyli genişlənmiş, bir çox müttəfiq respublikalarla qarşılıqlı elmi əlaqələr yaradılmışdı. Fakültə bir sıra beynəlxalq elmi konfransların, seminarların, metodik müşavirələrin keçirildiyi elmi-metodiki bazaya çevrilmişdi. Bu dövrdə respublikamızda ali kitabxanaçılıq təhsilinin inkişafı sahəsində olduqca böyük uğurlar əldə edilmişdi. BDU-nun kitabxanaçılıq-informasiya fakültəsi SSRİ-nin ən qabaqcıl fakültələrindən biri hesab edilirdi. Fakültənin dekanı professor Abuzər Xələfovun səmərəli fəaliyyəti respublikamızdan çox-çox uzaqlarda məlum idi.

Professor Abuzər Xələfov SSRİ-də kitabxanaçılıq-biblioqrafiya təhsili üzrə elmi-metodiki şuranın üzvü, V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasında fəaliyyət göstərən Doktorluq dissertasiyası üzrə ixtisaslaşmış Müdafiə Şurasının üzvü, SSRİ Ali Attestasiya Komissiyasının eksperti idi. Fakültədə hələ RSFSR ali məktəblərində tətbiq edilməyən, Amerika və Avropa ölkələrinin kitabxanaçılıq fakültəsinin tədris planlarına müvafiq olaraq Vilnüs Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya ixtisası üzrə beşillik tədris planı əsasında yeni tədris planı tərtib edilmişdi. Fakültə kitabxanaşünaslıq-biblioqrafiya elmləri üzrə Bakı Dövlət Universiteti Elmi əsərlərinin xüsusi seriyasını nəşr edirdi. SSRİ miqyasında Moskva Dövlət Mədəniyyət İnstitutunun "Kitabxanaşünaslıq və biblioqrafiya" ixtisası üzrə Müdafiə Şurası müdafiəyə təqdim edilmiş çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarını ekspertiza etmək üçün aparıcı müəssisə kimi BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin kitabxanaşünaslıq kafedrasına göndərirdi. Fakültənin dekanı, tarix elmləri doktoru, professor A.Xələfov Moskva Dövlət Mədəniyyət İnstitutunda 3 doktorluq və 5 namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdu. O, eyni zamanda Tbilisidə, Daşkənddə və başqa şəhərlərdə doktorluq dissertasiyalarının rəsmi opponenti kimi də çıxış etmişdi.

Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin təhsil və elmi-tədqiqat işləri sahəsindəki uğurları SSRİ miqyasında qiymətləndirilirdi. Məhz buna görədir ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Kitabxanaşünaslıq-biblioqrafiya" təhsili üzrə Elmi-Metodiki Şurası Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin iş təçrübəsini öyrənmək üçün öz növbəti iclasını 1981-ci il oktyabrın 28-30-da Bakı şəhərində keçirdi. Elmi-metodik şuranın iclasında SSRİ-nin kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə ən görkəmli alimləri və təhsil təşkilatçıları, müttəfiq respublikaların yüksək ixtisaslı kitabxanaşünas-biblioqraf hazırlayan bütün ali məktəblərindən gəlmiş görkəmli alimlər, rektorlar, dekanlar, kafedra müdirləri iştirak edirdilər. İclasda RSFSR Mədəniyyət Nazirliyinin Elmi müəssisələr üzrə Baş İdarəsinin rəisi L.N.Romonov, Bakı Dövlət Universitetinin rektoru, akademik F.M.Bağırzadə, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru, professor L.P.Boqdanov, professor A.A.Şilov, professor S.M.Dubaskas, professor K.İ.Abramov, professor A.B.Sakalov, professor V.İ.Çepelov, dosent L.Ş.İliçova, professor A.A.Xələfov və başqaları çıxış etmişdilər. Elmi-Metodik Şuranın qərarında Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin fəaliyyəti yüksək qiymətləndirilmişdi. 

Elmi-Metodik Şuranın iclasından sonra BDU-nun kitabxanaçılıq fakültəsi ilə Moskva Dövlət Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqavilə Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin dekanı, professor A.Xələfov və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru, professor L.P.Boqdanov tərəfindən imzalanmışdı. Bu müqavilənin şərtlərinin yerinə yetirilməsi kitabxanaçılıq fakültəsinin gələcək inkişafına və yüksək ixtisaslı kadr hazırlanmasına böyük kömək etdi.

80-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi SSRİ miqyasında tədris planlarının hazırlanması sahəsində diqqətəlayiq uğurlar qazanmışdı. Fakültə kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə strateji əhəmiyyətə malik, XXI əsrdə belə tədris planlarının baza hissəsi kimi istifadə edilən tədris planlarının hazırlanmasında mərkəzə çevrilmişdi. 1988-ci ildə SSRİ Dövlət Xalq Təhsil Komitəsinin göstərişi ilə SSRİ Mədəniyyət Nazirliyinin yanında fəaliyyət göstərən kitabxanaçılıq təhsili üzrə tədris-metodiki şurası ilə razılaşdırılmış və təsdiq edilmiş nümunəvi tədris planı əsasında işlənmiş yeni tədris planı tərtib etmək nəzərdə tutulmuşdu. SSRİ-də yüksək ixtisaslı kitabxanaşünas-biblioqraf kadrlar hazırlayan dövlət universitetləri və pedaqoji institutlar üçün yeni tədris planı tərtib etmək məqsədi ilə xüsusi komissiya yaradılmışdı. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin dekanı, professor A.A.Xələfov həmin komissiyanın sədri təyin edilmişdi. Bu komissiyanın tərkibinə Bakı, Vilnüs, Dağıstan, Türkmənistan, Kişinyov Dövlət universitetlərindən, Tallin, Tbilisi, Çimkənd Pedaqoji institutlarından 8 nəfər üzv daxil edilmişdi. Komissiyanın tərtib edilmiş və professor A.A.Xələfov tərəfindən imzalanmış tədris planı 1989-cu ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən SSRİ-nin kitabxanaçılıq fakültələri olan bütün universitetləri üçün nümunəvi plan kimi təsdiq edildi.

Müstəqillik illərində Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi hər cür çətinliyə baxmayaraq öz işini müvəffəqiyyətlə davam etdirmişdir. Məlumdur ki, SSRİ dövründə digər ixtisas sahələrində olduğu kimi, kitabxanaçılıq ixtisası sahəsində də bütün dərsliklər, dərs vəsaitləri, xüsusi ilə proqramlar Moskvada hazırlanıb müttəfiq respublikalara göndərilirdi. Müstəqillik əldə edildikdən sonra isə bu proses dayanmışdı. BDU-nun digər fakültələri kimi kitabxanaçılıq fakültəsinin kollektivi də bu mühüm işin öhdəsindən özü gəlməli idi. Çox böyük çətinliklərlə olsa da, fakültənin yaradıcı kollektivi özünün çoxillik təcrübəsinə arxalanaraq müstəqilliyin tələblərinə uyğun, milli ideologiyaya dərindən yiyələnməklə, milli dövlətçilik və Azərbaycançılıq konsepsiyasının qarşıda qoyduğu vəzifələrə, milli ənənələrə söykənməklə yeni dərs proqramları, dərsliklər və dərs vəsaitləri hazırlayıb nəşr etdirməyə başladı.

Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi 1990-cı illərin əvvəllərindən başlayaraq, ilk növbədə, fakültədə tədris edilən bütün ixtisas fənləri üçün dərs proqramlarını yenidən işləməyə başladı. Proqramların yenidən işlənərək tərtib edilməsi olduqca məsuliyyətli idi. Bütün proqramlar suverenliyimizin qarşıda qoyduğu vəzifələrə cavab verməli, milli ideologiyamıza uyğun gəlməli, bəşəri sərvətlərlə zənginləşməli idi. Fakültə kollektivinin bu mühüm işin öhdəsindən müvəffəqiyyətlə gəlməsinə 1996-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş ixtisas standartları və 1997-ci ildə "Bakalavr" pilləsi üzrə hazırlanmış yeni tədris planı kömək etdi. Professor A.A.Xələfovun sədrliyi ilə hazırlanmış bu standartların fakültənin təcrübəsinə tətbiqi tədris prosesinin həllinə yardımçı oldu. Müstəqillik illərində yeni iqtisadi və siyasi sistemin təşəkkül tapdığı bir zamanda başlıca söhbət kitabxana işi sahəsində mövcud prinsiplərin yeniləşdirilməsindən və qismən dəyişdirilməsindən deyil, onların köklü surətdə təzədən formalaşdırılmasından gedirdi. Bu da hər şeydən əvvəl, keçmiş totalitar rejimdən, sosializmdən miras qalmış kitabxanaların ideologiyalaşdırılması, sinfilik, partiyalılıq kimi antielmi və qeyri-humanist prinsiplərin rədd edilməsini, onun dünyəvi, milli ideologiyaya müvafiq prinsiplərlə əvəz olunmasını tələb edirdi.

Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin kollektivi bu ciddi və məsuliyyətli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldi. Kitabxanaşünaslıq, kitabxana resursları və məlumat axtarış sistemləri, biblioqrafiyaşünaslıq və kitabşünaslıq və nəşriyyat işi kafedraları yeni cəmiyyət quruculuğu və bazar iqtisadiyyatına keçid şəraiti ilə əlaqədar öz tədris proqramlarını nəzəri və metodik cəhətdən yenidən işləyib təkmilləşdirdilər. Kitabxanaşünaslıq fənləri üzrə 30-dan artıq proqram, biblioqrafiyaşünaslıq fənləri üzrə 27 proqram, kitabşünaslıq və nəşriyyat işi fənləri üzrə 20-dən artıq proqram yenidən işlənib nəşr edildi.

Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin kollektivi müstəqillik illərində Azərbaycan tarixində ilk dəfə olaraq orijinal milli dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar yazıb çap etdirməyə müvəffəq oldu. Kitabxanaşünaslıq kafedrası üzrə 7 dərslik, 25 dərs vəsaiti, 10 monoqrafiya, kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası üzrə 12 dərs vəsaiti, 1 monoqrafiya, biblioqrafiyaşünaslıq kafedrası üzrə 1 dərslik, 6 dərs vəsaiti, kitabşünaslıq və nəşriyyat işi kafedrası üzrə 4 dərslik, 3 dərs vəsaiti və 3 monoqrafiya nəşr edildi. Müstəqillik illərində Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsində 1 elmlər doktorluğu, 8 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmiş, onların hamısı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komitəsi tərəfindən təsdiq edilmişdir. Bu dissertasiyaların hamısının elmi məsləhətçisi və elmi rəhbəri professor A.A.Xələfov olmuşdur.

Müstəqillik illərində informasiya cəmiyyətinin tələblərinə müvafiq fakültənin adının dəyişdirilməsi də mühüm əhəmiyyət kəsb edən bir hadisəyə çevrildi. Bu mühüm problemi həll etmək üçün 2004-cü ildə kitabxanaçılıq fakültəsinin adının dəyişdirilib "Kitabxanaçılıq-informasiya fakültəsi" qoyulması təşəbbüsü irəli sürüldü. Bu ideya ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru təyin edilən, son 12 ildən artıq dövrdə universitetin inkişafında böyük işlər görən, universitetin beynəlxalq nüfuzunun artırılmasında xüsusi xidmətlər göstərən, kitaba və kitabxanaya yüksək qiymət verən akademik Abel Məhərrəmov tərəfindən müsbət qarşılandı. Yadımdadır, mən bu təklifi akademik A.Məhərrəmova bildirərkən o, çox haqlı olaraq dedi: "Abuzər müəllim, Siz fakültənin adını dəyişməzdən əvvəl tədris planına informatikaya, informasiya texnologiyasına, kitabxana işinin komplektləşdirilməsinə dair yeni fənlər salmalısınız".

 Biz böyük məmnuniyyətlə hörmətli rektorun bu məntiqəuyğun təklifini qəbul etdik və fakültənin yeni tədris planında onları nəzərə aldıq. Beləliklə, kitabxanaçılıq fakültəsinin tədris planına "Kitabxana işinin kompüterləşdirilməsinin əsasları", "Kitabxana iqtisadiyyatı", "Kitabxana və informasiya texnologiyası", "Kitabxana marketinqi", "Kitabxana menecmenti" və s. kimi tamamilə yeni predmetlər daxil edildi. Bundan sonra rektor kitabxanaçılıq fakültəsinin "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılması haqqında əmr imzaladı. Kitabxanaçılıq-informasiya fakültəsinin qədirbilən kollektivi ona göstərilən bu xeyirxahlığa görə həmişə hörmətli rektorumuz, akademik Abel Məhərrəmova minnətdardır.

Akademik Abel Məhərrəmovun kitabxanaçılıq-informasiya fakültəsinə göstərdiyi əvəzsiz qayğılardan biri isə bu oldu ki, 1999-cu ilin axırlarında rektorun əmri ilə fakültənin kitabxanaşünaslıq kafedrasının yanında "Kitabxana işinin kompüterləşdirilməsi elmi-tədqiqat laboratoriyası" açıldı. Bu laboratoriya respublikamızda kitabxana işinin informasiyalaşdırılmasının elmi istiqamətlərini müəyyənləşdirən ilk laboratoriyadır. Rektor, akademik Abel Məhərrəmov laboratoriyaya BDU-nun Elmi Kitabxanasının yanında yer ayırdı və laboratoriya əməkdaşlarına BDU-nun Elmi Kitabxanasının kompüterləşməsinin həyata keçirilməsini məsləhət gördü. Rektorun uzaqgörənliklə istiqamətləndirilmiş bu məsləhəti laboratoriyanın sonrakı fəaliyyətinə və kitabxana işinin kompüterləşməsinə böyük təkan verdi, qısa müddətdə kitabxanada elektron kataloq, elektron kitabxana yaradıldı, kitabxananın köməkçı fondları və qəzet-jurnal fondu kompüterin yaddaşına köçürüldü.

Bakı Dövlət Universitetində həyata keçirilən böyük islahatlar kitabxanaçılıq fakültəsindən də yan keçməmişdir. Son dövrlərdə "islahatçı" və "qurucu" rektor kimi şöhrət tapmış, akademik Abel Məhərrəmov kitabxanaçılıq-informasiya fakültəsində də böyük və uğurlu islahatlar aparmış, fakültənin kadr potensialını xeyli möhkəmlətmiş, cavan kadrların rəhbər vəzifələrə işə çəkilməsini təmin etmiş, öz elmi yaradıcılıq fəaliyyəti ilə fərqlənən dosent Azad Qurbanovu dekan vəzifəsinə  və dosent Knyaz Aslanı kitabşünaslıq və nəşriyyat işi kafedrasına müdir vəzifəsinə irəli çəkmişdir. Fakültənin dərsliklər və dərs vəsaitləri ilə təmin edilməsi işində dönüş yaranmışdır. Tədris işinin səmərəli təşkilində böyük rolu olan elmi-metodik iş daha da canlanmışdır.

Beləliklə, akademik Abel Məhərrəmovun rektorluq fəaliyyəti dövrünü universitetin çoxminli kollektivi universitet tarixində intibah dövrü kimi qiymətləndirir. Biz kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi isə deyirik: akademik Abel Məhərrəmovun böyük qayğısı nəticəsində kitabxanaçılıq-informasiya fakültəsi də son 12 ildə intibah dövrünü yaşamışdır.

Hazırda fakültənin əyani və qiyabi şöbələrində 465 tələbə təhsil alır, 4 kafedra, 3 tədris laboratoriyası, 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Fakültədə 29 nəfər professor-müəllim heyəti çalışır. Bunlardan 3 nəfər elmlər doktoru, professor, 11 nəfər fəlsəfə doktoru, dosent, 6 nəfər elmlər namizədi və digər müəllimlərdir.

Fakültənin magistratura təhsil pilləsində 5 ixtisas üzrə 25 nəfər magistr təhsil alır. Həmçinin fakültədə doktoranturanın hər iki pilləsi: fəlsəfə doktoru və elmlər doktoru üzrə 6 nəfər təhsilini davam etdirir.   

Müstəqillik illərində kitabxanaçılıq-informasiya fakültəsinin əsas göstəricilərindən biri də onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tələbə qəbulunun stabilləşdirilməsi olmuşdur.

Hazırda fakültənin kollektivi respublikamızın son illərdə qazandığı iqtisadiyyat, elm, təhsil, mədəniyyət və beynəlxalq sahədəki uğurları ilə fəxr edir. Bu uğurların qazanılmasını təmin edən, ulu öndərin layiqli davamçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və təhsil sahəsindəki dövlət proqramlarının həyata keçirilməsində, təhsil islahatlarının aparılmasında yaxından iştirak edirik. 

Abuzər XƏLƏFOV,
BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri əməkdar elm xadimi,
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov