Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim
heyətinin təbiət və incəsənət fakültəsinin I kurs
tələbələrinin valideynləri ilə görüşü keçirilmişdir.
Görüşdə institutun tədris işləri üzrə prorektoru,
professor Akif İmanlı çıxış edərək bildirmişdir ki,
müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır,
savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa
malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hazırda ölkəmizin müstəqilliyinin möhkəmlənməsində fəal
iştirak edən insanlar məhz müəllim əməyinin
yetirmələridir. Hər birimizin layiqli vətəndaş kimi
yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri
olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə
müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında
xoş sözlər söyləmişdir. O, öz müəllimlərini
minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında
ürəkdolusu danışardı. Ulu öndər Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət
və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah
halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ümummilli
lider deyirdi: "Hər birimizdə müəllimin hərarətli
qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma
yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla
işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və
öyrədir".
Tədbirdə fakültə dekanı İsa Əliyev tələbələr üçün
yaradılmış hərtərəfli şəraitdən danışmış, fakültənin
strukturu haqqında valideynlərə məlumat vermişdir.
İnstitutun kafedra müdirləri Miryasin Eminov, Rövşən
Vəliyev çıxış ediblər. Valideynlər adından Həsən Əliyev
çıxışında göstərilən qayğıya görə minnətdarlığını
bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |