Naxçıvan Özəl Universitetində "Beynəlxalq Tələbə Gənclər
Hərəkatı və Azərbaycan gəncliyi" mövzusunda elmi-praktik
konfrans keçirilmişdir. Konfransda tədris və elmi işlər
üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru İbrahim
Kazımbəyli çıxış edərək bildirmişdir ki, ümummilli
liderimiz Heydər Əliyev hər zaman gənclərə malik
olduqları qabiliyyət və intellektual imkanları
müqabilində geniş meydan verməyin tərəfdarı idi.
Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət
mərkəzində saxlamış, onların sağlam böyüməsinə,
təhsilinə, həyatda layiqli yer tutmalarına çalışmışdır.
Bu siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bunun nəticəsidir ki,
gənclərimiz ictimai həyatın ən müxtəlif sahələrində öz
potensiallarını gerçəkləşdirmək imkanlarına
malikdirlər. Dövlətimizin gənclərə göstərdiyi diqqət
və qayğı regionumuzda da ən yüksək səviyyədədir.
Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının
nəticəsidir ki, muxtar respublika gənclərinin səsi
artıq dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil
ocaqlarından gəlir. Hər il yüzlərlə gənc ən yüksək
ballarla məşhur universitetlərin tələbəsi adına layiq
görülür, həyata hazırlanır, ölkəmizin adını yüksəklərə
qaldırır, göstərilən etimadı doğrultmağa çalışır.
Gəncliyin sağlam, vətənpərvərlik ruhunda yetişməsi,
onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını
təmin etmək üçün də regionumuzda hər cür şərait var. Son
illər muxtar respublikada gənclər dövlət strukturlarına
daha fəal şəkildə cəlb olunmağa başlamışlar. Artıq doğma
diyarımızda bir çox məsul vəzifələrdə gəncliyin
nümayəndələri çalışaraq müstəqil dövlətin daha da
möhkəmlənməsi işinə öz töhfələrini verirlər.
İ.Kazımbəyli onu da vurğulamışdır ki, bu gün Azərbaycan
gəncliyi fəxr oluna biləcək səviyyədədir. Azərbaycan
gəncləri ölkə daxilindəki nailiyyətləri ilə yanaşı,
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da
artmasında mühüm rol oynayır. Uşaq, yeniyetmə və
gənclərin fiziki, mənəvi sağlamlığı, təhsilə,
informasiya texnologiyalarına yiyələnmələri
istiqamətində muxtar respublikamızda daim mühüm addımlar
atılır. Son illərdə yeniyetmə və gənclərin asudə
vaxtlarının səmərəli təşkili üçün gənclik istirahət və
əyləncə mərkəzləri, kitabxanalar, kinoteatrlar,
mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni
tədris korpusları, olimpiya idman kompleksləri,
məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin
tikilib və ya əsaslı təmir olunaraq istifadəyə
verilməsi də dövlətimizin naxçıvanlı gənclərə ən
böyük töhfəsidir.
Tədbirdə humanitar işlər üzrə prorektor Əli Yusifovun,
institutun tələbələrindən Məhəmməd Süleymanovun və
Nurlan Quliyevin çıxışları dinlənilmişdir.
Nuray ƏSGƏROVA |