Amerika
Birləşmiş Ştatlarında 12 illik orta təhsil pilləsini
başa vuran şagirdlər 2 illik və ya 4 illik kolleclərə,
eləcə də universitetlərə daxil ola bilərlər. 2 illik
kolleclər icma kollecləri kimi tanınır. Bu kolleclərə
daxil olmaq istəyən şagirdlər əsasən oxu, yazı və
riyaziyyat fənləri üzrə test imtahanı verirlər. 2 illik
kolleclərə qəbul imtahanları təhsil müəssisələrinin
özləri tərəfindən aparılır. Tələbələrə təhsillərini başa
vurduqdan sonra sertifikat və ya diplom verilir. 2 illik
kollecləri bitirən abituriyentlər 4 illik kolleclərə və
ya universitetlərə daxil olmaq üçün əlavə test imtahanı
verməlidirlər. ABŞ-da ali təhsil müəssisələrinə qəbul
olmaq istəyən şəxslərdən orta məktəb nailiyyətləri
haqqında sənəd (GPA), müəllimlərin zəmanəti, inşa yazı
işi ilə yanaşı, SAT (təhsilin qiymətləndirilməsi testi),
SAT Fənn Testləri və ya ACT (Amerika kollec testi)
imtahanının nəticələri tələb olunur.
SAT
testi 1926-cı ildə müstəqil qeyri-kommersiya təşkilatı
olan Kollec Şurası tərəfindən yaradılıb. Bu testin
nəticələri orta təhsili başa vuran istənilən şagirdin
ali məktəbə hazırlığının göstəricisi hesab edilir.
SAT testi vasitəsilə namizədlərin oxu, riyaziyyat və
yazı bacarıqları, həmçinin orta məktəbdə qazandıqları
biliklər yoxlanılır. Bundan əlavə, bu test namizədlərin
öz biliklərini praktiki fəaliyyətdə tətbiq etmək
qabiliyyətini müəyyənləşdirməyə yardım edir.
SAT
testi oxu, yazı və riyaziyyat bölmələrindən ibarətdir.
Oxu
bölməsində namizədlərdən elmi mətnləri və ya həmin
mətnlərdən seçilmiş parçaları (mətnlər müxtəlif mövzuda
ola bilər - təbiət, humanitar və sosial elmlər üzrə)
oxumaq tələb olunur. Daha sonra mətnin sonunda verilmiş
suallar cavablandırılır. Cavablar dolğun, qrammatik
cəhətdən düzgün və əsaslandırılmış olmalıdır. Bundan
əlavə, namizədlərdən mətnlərin üslub baxımından və mətn
parçalarının müqayisəli təhlilini aparmaq istənilə
bilər. Oxu bölməsi namizədlərin nəticə çıxarmaq,
məlumatı ümumiləşdirmək və mətnin məzmununu dərk etmək
qabiliyyətini qiymətləndirməyə imkan verir.
Yazı
bölməsi 2 hissədən ibarətdir: test suallarına cavab
verilməsi və verilmiş mövzu üzrə inşa yazısı. Bu bölmə
namizədin fikri aydın və təsirli ifadə etmək,
cümlələrdəki səhvləri aşkarlamaqla yazını redaktə etmək
və paraqraflar arasında ideya bağlılığını
möhkəmləndirmək bacarığını üzə çıxarır.
Riyaziyyat
bölməsi cəbr, həndəsə, habelə statistik məlumatların,
cədvəl və qrafiklərin təhlili üzrə verilmiş suallardan
ibarətdir. Bu bölmə riyazi anlayışlardan istifadə
etməyi, cədvəl, diaqram və qrafiklərdə əks olunan
göstəricilərin izahını verməyi tələb edir.
ABŞ-da
SAT testini ildə 7 dəfə vermək olar. Abituriyentlərin
əksəriyyəti bu testi ildə bir və ya iki dəfə verirlər.
Kollec Şurası abituriyentlərə SAT testini ildə 2 dəfədən
artıq verməməyi məsləhət görür. Buna əsas səbəb kimi
testin il ərzində 2 dəfədən çox verilməsinin
abituriyentin nəticəsinə müsbət təsir etmədiyi
göstərilir.
SAT testində hər bölmə üzrə (oxu, riyaziyyat və yazı)
maksimum bal 800-dür. SAT-da oxu və riyaziyyat
bölmələrinin hər birinə 70, yazı bölməsinə isə 60 dəqiqə
vaxt ayrılır.
Abituriyentlər SAT testinin nəticələrini 4 ali məktəbə
göndərə bilərlər. Testin nəticələri onlayn, elektron
poçt və ya telefon vasitəsilə istənilə bilər.
Qeyd edək ki, hər il 7 milyondan çox abituriyent ali
məktəblərə qəbul olmaq üçün SAT testini seçir.
2012-2013-cü tədris ilində SAT testi üzrə qeydiyyat
haqqı 50 ABŞ dolları məbləğində müəyyən olunub.
ABŞ-da
ali məktəblərə qəbul olmaq istəyənlərdən SAT testi ilə
yanaşı, SAT Fənn Testlərinin nəticələri də tələb edilə
bilər. Bu testlər müəyyən bir fənn üzrə verilir və 1
saat davam edir. Bəzi ali məktəblər bir və ya bir neçə
SAT Fənn Testlərinin nəticəsini tələb edə bilər. Fənn
testlərinin əsas üstünlüyü abituriyentə ən yaxşı bildiyi
fənn üzrə imtahan vermək imkanının yaradılmasıdır.
SAT Fənn Testləri 5 əsas sahəni - ingilis dili, tarıx,
dillər, riyaziyyat və təbiət elmlərini əhatə edən 20
fənn üzrə test imtahanından ibarətdir. Hər fənn üzrə
cavablar 200-800 balla qiymətləndirilir. SAT Fənn
Testləri il ərzində 6 dəfə keçirilir.
SAT testi və ya SAT Fənn Testlərindən hər hansı birinin
seçilməsi abituriyentin hansı ali məktəbə daxil olmaq
istəməsindən, habelə həmin ali məktəbin hansı testə
üstünlük verməsindən asılıdır.
Abituriyentlər ali məktəblərə daxil olmaq üçün SAT və ya
SAT Fənn Testləri ilə yanaşı ACT (American College
Testing - Amerika Kollec Testi) imtahanını da verə
bilərlər. Bu imtahan 1959-cu ildə Everet Franklin
Lindkvistin təsis etdiyi eyniadlı ACT müstəqil
qeyri-kommersiya təşkilatı tərəfindən SAT testinə rəqib
kimi yaradılıb.
ABŞ-da fəaliyyət göstərən bir çox 4 illik kollec və
universitet ACT imtahanının nəticələrini qəbul edir. ACT
ildə 6 dəfə - sentyabr, oktyabr, dekabr, fevral, aprel
və iyun aylarında keçirilir. Bu imtahan ingilis dili,
riyaziyyat, oxu və elmi mühakimə testlərindən ibarətdir.
Bundan əlavə, abituriyentlər bəzi ali məktəblərin tələbi
ilə yazı testi də verə bilərlər.
İngilis dili
testi 45 dəqiqə ərzində aparılır və 75 sualdan
ibarətdir. Test namizədin yazıda qrammatik və
punktuasiya (durğu işarələrinin qoyulması) qaydalarından
və cümlə quruluşunun düzgün istifadəsi üzrə biliklərini,
həmçinin ritorik bacarıqlarını aşkarlamağa kömək edir.
Riyaziyyat
testi 60 sualdan ibarətdir və 1 saat davam edir. Bu test
zamanı abituriyentin ilkin riyazi bilikləri yoxlanılır.
Riyaziyyat testi, həmçinin namizədlərin cəbr və həndəsə
üzrə bilik səviyyəsini müəyyənləşdirmək imkanı yaradır.
Oxu
testi 35 dəqiqə ərzində aparılır və 40 sualdan
ibarətdir. Test zamanı abituriyentlərə kitab və
jurnallardan seçilmiş 4 mətndən parçalar verilir.
Birinci mətn ədəbi əsərlərə (qısa hekayə və novellalar),
ikinci mətn ictimai elmlərə (tarix, iqtisadiyyat,
psixologiya, politologiya və antropologiya), üçüncü mətn
humanitar elmlərə (incəsənət, arxitektura, fəlsəfə,
din), dördüncü mətn isə təbiət elmlərinə (biologiya,
kimya, fizika) aid olur.
Elmi mühakimə
testi 35 dəqiqə davam edir və 40 sualdan ibarətdir.
Suallar abituriyentin şərh etmək, təhlil etmək,
qiymətləndirmək, müzakirə etmək və tapşırığı yerinə
yetirmək bacarıqlarını üzə çıxarır. Abituriyentlərə
biologiya, coğrafiya, kimya və fizika üzrə elmi
mətnlərdən yeddi hissə verilir. Bütün hissələr müəyyən
bir hadisəyə müxtəlif alimlərin baxışını əks etdirən
elmi araşdırmalardan seçilir. Hər hissənin sonunda 5-7
sual verilir.
Elmi mühakimə testi əsasən üç istiqamətdə aparılır:
Təqdimat
- məlumatı başa düşmək və qiymətləndirmək;
Araşdırmanın nəticəsi
- araşdırma obyektinin mahiyyətinə varmaq və onu təhlil
etmək;
Ziddiyyətli fikir
- iki və ya üç alternativ fərziyyəni, nəzəriyyəni və ya
baxışı qiymətləndirmək.
Yazı
testi 30 dəqiqə çəkir və namizədin yazı bacarığını
müəyyənləşdirmək imkanı verir. Bu testdə əsasən sosial
mövzulara üstünlük verilir. Yazı testi yalnız ingilis
dili üzrə testin cavablarına təsir göstərir. Əgər
abituriyent bu testdən keçə bilmirsə, o zaman hər iki
test üzrə ümumi nəticədən 2 bal çıxılır.
Qeyd edək ki, ACT imtahanında ingilis dili, riyaziyyat,
oxu və elmi mühakimə üzrə testlər 1-36 balla, yazı testi
isə 2-12 balla qiymətləndirilir.
ACT imtahanını verən abituriyentlər müəyyən məbləğdə
ödəniş həyata keçirirlər. Belə ki, 2012-2013-cü tədris
ilində yazı testi olmadan verilən ACT imtahanı üçün
qeydiyyat haqqı 45 ABŞ dolları, yazı testi ilə birgə
keçirilən imtahan üçün isə 50 dollar 50 sent məbləğində
müəyyən olunub.
Hazırladı: Leyla HEYDƏROVA
Yazı ABŞ-da tələbə qəbulunu həyata keçirən Kollec Şurası
və ACT təşkilatlarının rəsmi saytlarının məlumatları
əsasında hazırlanıb. |