Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Müəllimim haqqında xatirələrim

 

Yeni dərs ilinin başlanmasına hamıdan çox uşaqlar sevinirlər. Mən VII sinifdə oxuyurdum. 1972-1973-cü dərs ilinin ilk günləri idi. İki saat dərs keçmişdik. Dedilər ki, indi ədəbiyyat dərsi olacaq. Adəti üzrə keçənilki müəllimimizi gözləyirdik. Budur, Feyruz müəllim sinfə daxil oldu. Bu müəllim məktəbimizin müəllimi olsa da, bizə hələ dərs deməmişdi. Feyruz müəllim bir sinif otağını, bir də biz şagirdləri gözdən keçirib söhbətə başladı: Mən bu gündən sizə Azərbaycan dili və ədəbiyyatı dərsini deyəcəyəm. Bu müəllimin ciddi və tələbkar olduğunu eşitmişdik, lakin indi görməyə başladıq. İstər ədəbiyyat, istərsə də dil dərslərində mövzuların hazırlanmasında, çalışmaların işlənməsində heç kəsə güzəştə getməzdi. Çalışmaların, öyrədici və yoxlama yazıların təshihində müəllimin ən çox diqqət yetirdiyi yazıda hüsnxət qaydalarına riayət etmək, qrammatik cəhətdən düzgün yazmaq bacarığı idi. Müəllimlərin deməsinə görə, sinfimizdə yaxşı xətti olan və düzgün yazanlardan biri də mən idim. Bu müəllim də ötüb-keçib deyərdi: Azad, oğlum, daha yaxşı, daha düzgün yazmağa çalış. Müəllim çox vaxt qoşasaitli, qoşasamitli, hecası bəzən təksaitli sözlərin yazılışı, sətirdən-sətrə keçilməsinə (maarif, saat, Nailə, haqqında, ailə, alim və s.) aid dəftərlərimizdə qırmızı qələmlə nümunələr verərdi ki, bunları mən yazan qaydada sətir dolusu yazın, hecalara ayırın. 

Çox keçmədi ki, dərslər kabinet üsulu ilə keçilməyə başlandı. 26-dan çox söz sənətkarının portretləri, onların ədəbiyyatımızdakı mövqeləri barədə yazılar, əruz vəzninin tədrisinə aid cədvəllər, dilimizin və əlifbamızın keşməkeşli yollarına  dair yazılar, texniki vasitələr və s. hazırlandı. Bir sözlə, müəllim mümkün olan bütün dərslərini əyani və canlı keçərdi. Kimliyindən asılı olmayaraq, müəllim hər kəsə real qiymətini verərdi. Bəzi ərköyün uşaqlar qiymətlə razılaşmayanda müəllim deyərdi: Bala, əgər yüksək qiymət istəyirsənsə daha yaxşı hazırlaş, ikincisi, siz bura bilik almağa gəlirsiniz.

Belə tələbkarlığın nəticəsidir ki, ali məktəblərə gedən məzunlarının hamısı Feyruz müəllimin verdiyi qiymətləri alardılar.

Quşqanadlı illər ötüb keçdi. 1977-ci ildə Zarağan kənd 1 nömrəli orta məktəbi bitirdim. Yaşım çatdığı üçün ordu sıralarında hərbi xidmətə getdim. Hərbi xidməti başa vurduqdan sonra Bakı Dövlət Universitetinə daxil oldum. Aradakı fasiləyə baxmayaraq, istər şifahi, istərsə də yazılı (inşa) imtahanında da Feyruz müəllimin verdiyi qiyməti aldım. Bu gün də müəllimin mənə "Azad, oğul, daha yaxşı yaz, dərin biliyə yiyələn ki, həmişə üzüağ, alnıaçıq olasan. Qiymətin beşdir, lakin bununla arxayınlaşma. Dahi Nizaminin:

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz!

sözləri həmişə həyat məşəlin olsun!", - deyə verdiyi öyüdlər qulağımdadır.

1988-ci ildə ali təhsilimi başa vurub  Zarağan 1 nömrəli orta məktəbində müəllim işləməyə başladım. Sonralar iş bacarığıma görə irəli çəkildim. Zarağan kənd inzibati ərazi nümayəndəsi, Qəbələ Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifələrində işlədim. Hazırda Qəbələ Peşə Məktəbinin direktoruyam.

Feyruz müəllimin təlim üsulunu, tələbkarlığını heç kəslə müqayisə edə bilmirəm, O, bədii qiraəti özünəməxsus bir həvəslə oxuyardı. Nəzəri cəhətdən adını çəkmədən oxuduğu şirin əruzdamı, hecadamı olduğunu o saat təyin edərdin. O, səhnə əsərlərindən, məsələn, "Vaqif" dramını tədris edərkən gah Vaqif, gah Qacar, gah da Şeyx cildinə (səsi və mimikası ilə) girər, hərəsini öz mövqeyindən tanıdardı. Sinifdə səhnəciklər təşkil edərkən özünü rejissor kimi aparardı. Başqa vaxtlarda biz ondan bu bacarığının, ixtisasına olan həvəsinin sirrini soruşanda o deyərdi: Bizə ali məktəbdə teatr əsərlərinin səhnələşdirilməsindən respublikanın əməkdar artisti Ağamoğlan Rzayev, ifadəli qiraətdən xalq artisti Gülağa Məmmədov dərs deyib. İxtisasım üzrə biliyi o dövrün elmlər doktoru, professor Ə.Dəmirçizadə, Z.Tağızadə, A.Abdullayev, M.Rəfili, Cəfər Xəndan, İsmayıl Şıxlı, Əkrəm Cəfər, Şıxəli Qurbanov və b. alimlərdən almışam. Axı mən bu öyrəndiklərimi gənc nəslə çatdırmasam, el içində hörmətsiz olar və mənəvi cəhətdən borclu qalaram.

Feyruz müəllim öyrədirdi ki, əruz vəznli şeirlər muğamlarımızın mayası, heca vəznli şeirlər mahnılarımızın dirəyidir.

Sərbəst şeirlərimiz isə tam başqadır. Bunlara tribuna şeirləri də deyirlər. Çünki ifadə tərzindən və məzmunundan aydın olur ki, sərbəst şeirlərdə nifrət, kin-küdurət, manifestli qəzəb, nadir hallarda isə sevinc pafosu üstünlük təşkil edir, yüksək intonasiya və jestlərlə qiraət edilir.

Müəllim mövzunu daha ətraflı başa salmaq üçün Rəsul Rzadan, Nazim Hikmətdən də sərbəst şeirə aid misallar gətirər və S.Vurğunun, V.Mayakovskinin əsərlərinin təhlilini verərdi.

Öz fənnini belə məhsuldar, məsuliyyətli tədris etməsinin nəticəsidir ki, 22 nəfərdən artıq şagirdi bu ixtisasa sahib olub, adlı-sanlı müəllimlərdir. Bundan da yüksək zirvəyə qalxan məzunlarının adlarını çəkməyə bilmərəm.

Gəncə Dövlət Universitetinin keçmiş rektoru Elman Məmmədov, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, Türkiyənin İstanbul Universitetinin filologiya elmləri doktoru Zümrüd Şirinova, AMEA-nın elmi işçisi Mahir Zeynalov, Azərbaycan televiziyasının ictimai kanalında "Açıq dərs" verilişini aparan siyasətşünas alim Cəsarət Valehli, Zarağan kənd 1 nömrəli tam orta məktəbin müəllimi, əməkdar müəllim Nizamı Səfərəliyev həmişə fəxr edirlər ki, bizim orta məktəbdə (V-X və VII-XI siniflərdə) dil-ədəbiyyat müəllimimiz Feyruz Səddinov olmuşdur.

Yeri gəlmişkən, Feyruz müəllimin bioqrafiyasından bəzi məqamları oxucuların nəzərinə çatdırmaq istərdim. O, 1951-ci ildə Qutqaşın kənd 1 nömrəli orta məktəbini, 1955-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini "əla", "yaxşı" qiymətlərlə bitirib təyinatla rayonumuzun Çuxur Qəbələ kənd natamam orta  məktəbinə direktor göndərilib. 1962-ci ildə rayonun Aydınqışlaq kənd natamam orta məktəbinə direktor təyin edilib, lakin 1963-cü ilin yanvarından ehtiyaca görə Zarağan kənd 1 nömrəli orta məktəbinə ixtisası üzrə müəllim köçürülüb. 51 illik pedaqoji fəaliyyəti dövründə 18 il direktor və tədris işləri üzrə  müavin işləyib. Rayon təhsil şöbəsindəki "Biz sizinlə fəxr edirik" adlı şərəf lövhəsində 30 ildən artıq onun şəkli olub. Uzun illər təhsil şöbəsinin ştatdankənar metodisti kimi fəaliyyət göstərib, rayon məktəblərində fənn tədrisinə dair yoxlamalar aparmış, müəllimlərə faydalı məsləhətlər vermişdir. 14 il rayonda təşkil edilmiş ixtisasartırma kurslarında dərs demişdir.

2003-cü ilin 15 martında Zarağan 1 nömrəli orta məktəbində direktor Nizamı Səfərəliyevin təşkilatçılığı ilə rayon səviyyəsində Feyruz müəllimin 70 illik yubileyi keçirildi. Yubiley tədbiri olduqca təntənəli və şən keçdi. Rayon təhsil şöbəsinin müdiri, əməkdar müəllim Əhməd Mirzəliyev də, işçiləri də şənlikdə yubilyarın gərgin, lakin çox faydalı əməyinə dair xoş sözlər söylədilər, rəqs edənlərə qoşuldular. Hörmətli qonaqlar yubilyarın özünü də rəqsə dəvət etdilər. Feyruz müəllim bütün iştirakçılara təşəkkür edib minnətdarlığını bildirdi.

Feyruz müəllim 2006-cı ildə öz ərizəsi ilə təqaüdə çıxıb. O, hazırda pedaqoji işlə məşğul olmasa da, elmi və publisistik məqalələri ilə mətbuatda müntəzəm çıxış edir. Onun "Dilimiz, əlifbamız", "Savadlı yazı mədəni zənginlikdir", "Dilimiz milli sərvətimizdir", "Novruz bayramı və Şıxəli Qurbanov" və s. kimi elmi məqalələri "Elm, təhsil və həyat" (P.S.) qəzetində dərc edilmişdir. Bundan əlavə, "13 rəqəmi nə üçün nəhs adlanıb?", "Dünyada ən kiçik kitab", Nadir şahın şahlıq dövrünə aid "Qurbağaların səsi necə dayandırıldı" və s. toplama-tapıntı məqalə yazıları "Qəbələ" qəzetində dərc edilmişdir. Bir sözlə, onun məqsədi gənc nəslə həmişə faydalı məsləhətlər, ixtisasına aid elmi məlumatlar çatdırmaqdır. Feyruz müəllim həm də səmimi bir ailə başçısıdır. O, 2 qız, 3 oğul atasıdır. Onlardan dördü ali təhsillidir. Qızları orta məktəb müəllimidir. Böyük oğlu Füzuli Səddinov 1992-ci ildən texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir. AMİ-nin Zaqatala filialında çalışır.

2011-ci ilin 26 avqustu idi. Mən rayon icra hakimiyyətində işləyirdim. AMEA-nın Tarix İnstitutu tərəfindən Qəbələnin tarixinə aid yazılacaq kitaba yerlərdən məlumat toplamaq üçün akademik Teymur Bünyadovun başçılığı ilə rayonumuza bir qrup elmi işçi gəldi. Onlar Zarağan kəndinə getməli oldular. Mən onları mümkün qədər yaşlı, savadlı şəxslə görüşdürməli idim. Fikirləşmədən Feyruz müəllimlə əlaqə saxladım. Teymur müəllimlə onun söhbəti iki saat çəkdi. Teymur müəllimin Qəbələ, Qutqaşın-Qutqaşen, rayonun əksər kəndlərinin adları-toponomiyasına dair suallarına, görünür bu müəllim ətraflı, real cavablar vermişdi. Onu qucaqlayıb bağrına basdı. Yazılacaq kitaba məlumatları ilə birlikdə Feyruz müəllim də düşəcək şəklini özü ilə çəkdirdi. Teymur müəllim görüşdən dərin təəssüratlarla ayrıldığını bildirdi. Akademik bir daha qeyd etdi ki, mən Feyruz müəllimlə dost oldum. Bu müəllim sadə, təvazökar bir insan olmaqla bərabər, canlı bir ensiklopediyadır. Sağlıq olsun, onunla bir də görüşəcəyəm. 2013-cü ildə çapdan çıxacaq kitabın birini özüm ona hədiyyə edəcəm.

Beş ildən artıq müəllimim olan Feyruz müəllimlə, necə deyərlər, çiyin-çiyinə müəllim kimi də işləmişəm. O, kollektivimizdə də sinifdə olduğu kimi işində dəqiq, səliqəli və tələbkar idi. Müəllimlər otağına, məktəbə gələndə - müəllimlərin müəllimi gəldi, - deyirdik. Onunla harada işləməyimdən asılı olmayaraq, bir ağsaqqal, bir ata kimi görüşürəm, olub-keçənlərdən söhbət edirik.

2013-cü il martın 15-də 80 yaşı tamam olur. Ona öz  adımdan və yetirmələri adından cansağlığı, ulu Tanrıdan verdiyi ömrün xoşbəxtliyini arzulayıram. 

Azad MƏMMƏDOV,
Qəbələ Peşə Məktəbinin direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov