Noyabrın
21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və
media nümayəndələrinin iştirakı ilə paytaxtın Yasamal
rayonundakı ümumtəhsil məktəblərində reydlər keçirildi.
Reydlərdə məqsəd təhsil ocaqlarında məktəbli formasından
istifadə edilməsi vəziyyətini və istilik sistemini
yoxlamaq idi. Reydlər paytaxtın 11 rayonunda eyni
vaxtda keçirildi. Bizim də daxil olduğumuz monitorinq
qrupu reydə Yasamal rayonundakı 308 nömrəli orta
məktəbdən başladı. Şagirdlərin vahid məktəbli formasına
riayət olunması, istilik sistemi ilə bağlı buradakı
vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə ki, istər
ibtidai siniflərdə, istərsə də yuxarı siniflərdə vahid
məktəbli formasına əməl olunurdu, istilik sistemi işlək
vəziyyətdə idi.
Sonra 38 nömrəli məktəbə yollandıq. Cari ildə əsaslı
təmir olunan məktəbin istilik sistemi yüksək səviyyədə
işləyirdi. Vahid məktəbli formasının tətbiqinə gəldikdə
isə müxtəlif siniflərdə 1-2 şagirddən başqa, demək olar
ki vəziyyət normal idi. Adıçəkilən məktəbdə ürəkaçan
görüntülərdən biri də müəllimlərin vahid formada olması
idi.
Reydlər zamanı KİV nümayəndələrinə müsahibə verən
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə
Əliqızı reydlərin davam edəcəyini bildirdi. O, vahid
məktəbli formasının icbari xarakter daşıdığını, lakin
buna baxmayaraq forma geyinməyən şagirdlərə qarşı
cəzaların tətbiq edilməsinin qanunla mümkün olmadığını,
yalnız həmin məktəblərin direktorlarının məsələyə daha
diqqətlə yanaşmalı olduğunu qeyd etdi. Bəzi məktəbli
qızların formalarının ətəklərinin qısa olduğunu,
şagirdlərin müxtəlif aksessuarlardan istifadə etdiyini
bildirən Z.Əliqızı bu məsələyə, birinci növbədə,
valideynlərin nəzarət etməli olduqlarını nəzərə
çatdırdı. Satışda olan formaların ətəklərinin o qədər
qısa olmadığını qeyd edən Z.Əliqızı məktəb
direktorlarının da bu məsələyə ciddi yanaşmalarının
vacib olduğunu bildirdi.
Niyazi RƏHİMOV |