Kaspi Təhsil Mərkəzinin əməkdaşı Günel Abdullayeva
Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən
biri olan Doğu Akdeniz Universitetində (DAU) olmuşdur.
Kaspi Təhsil Mərkəzindən AzərTAc-a bildirmişlər ki,
məqsəd Şimali Kipr Türk Cümhuriyyətinin təhsil sistemi
ilə yaxından tanış olmaq və DAU ilə gələcək iş
strategiyasını müzakirə etmək olmuşdur.
Kaspi Təhsil Mərkəzinin əməkdaşı, həmin universitetin
beynəlxalq əlaqələr şöbəsinin prorektoru, professor
Məjid Hasemipourun, universitetin Azərbaycan üzrə
təmsilçisi Orxan Həsənoğlunun iştirakı ilə Doğu Akdeniz
Universitetinin rektoru, professor Abdullah Öztopraqla
görüşmüşdür.
Görüşdə rektor ali təhsil ocağı barədə ətraflı məlumat
vermişdir.
Bildirilmişdir ki, yüzlərlə azərbaycanlı gəncin hazırda
təhsil aldığı Doğu Akdeniz Universiteti tələbələrə
Avropa standartlarına uyğun təhsil imkanları yaradır.
Universitetdə ABŞ, Kanada, Almaniya, Polşa, Çin, Fransa
və digər ölkələrdən dəvət olunmuş professor-müəllim
heyəti çalışır. Universitet bir çox beynəlxalq
qurumların üzvüdür və dünyanın qabaqcıl ali təhsil
müəssisələri ilə əməkdaşlıq edir.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Məjid Haşemipour azərbaycanlı gənclərin
bakalavr, magistr, doktorantura proqramları üzrə türk və
ingilis dillərində təhsil aldıqlarını söyləmişdir.
Görüşdə DAU-nun Azərbaycanın bir sıra təhsil ocaqları
ilə rəsmi əməkdaşlıq etdiyi və bu əməkdaşlığın hər iki
ölkənin təhsil ocaqlarına faydalı nəticələri
vurğulanmışdır.
Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil şöbəsinin
əməkdaşı Günel Abdullayeva təmsil etdiyi mərkəz
barəsində ətraflı məlumat verərək gələcək planlar barədə
danışmışdır.
DAU ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını
bildirən G.Abdullayeva gələcəkdə mərkəz tərəfindən
ölkəmizdə hər il keçirilən beynəlxalq təhsil sərgisində
bu universiteti də görmək istədiklərini bildirmişdir.
Sonda əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı
fəaliyyətin genişləndirilməsi qərara alınmışdır.
Sonra universitetin jurnalistika fakültəsinin dekanı,
professor Süleyman İrvan, idarəetmə fakültəsinin dekanı,
professor Cema Tanova, ümumi fənlər və türk dili
fakültəsinin dekanı, professor Rza Bəşirov, mühəndislik
fakültəsinin dekanı, professor Hasan Amca ilə görüşən
qonaq fakültələr barəsində geniş məlumat almışdır.
|