Naxçıvan
Müəllimlər İnstitutunun professor-müəllim heyətinin bir
qrupu Türkiyə Respublikasının Kars Qafqaz
Universitetində olub. Səfər zamanı institutun rektoru,
professor Oruc Həsənli çıxışında bildirmişdir ki,
Naxçıvan Müəllimlər İnstitutu ölkəmizin inkişafına,
dövlətçiliyimizin qorunub saxlanılmasına, ona sədaqətlə
qulluq edəcək, ixtisaslarına layiqincə yiyələnəcək,
xalqına, millətinə daim ürəkdən bağlı olacaq
vətənpərvər mütəxəssislər yetişdirməyi özünün təməl
prinsipləri hesab edir.
Bunun üçün daim çalışır, müasirləşən dünyada yeni
tədris proqramlarından, təlim-tərbiyə prinsiplərindən
istifadə edir. Qeyd edək ki, səfər zamanı tədrisdə və
işgüzar münasibətlərin qurulmasında qarşılıqlı maraqlara
əsaslanan on üç maddədən ibarət protokol imzalanmışdır.
Protokolda iki qardaş ölkəni təmsil edən ali təhsil
ocaqları arasında əməkdaşlığın geniş istiqamətləri öz
əksini tapmışdır.
Məlumat üçün deyək ki, imzalanmış protokola əsasən
Naxçıvan Müəllimlər İnstitutu ilə Kars Qafqaz
Universiteti müəllim, tələbə, nəşr materialları, təhsil
standartları üzrə məlumatların mübadiləsi, tədrisin
planlaşdırılması və strateji inkişaf məsələlərində
məsləhətləşmələr, yüksək peşə təhsilinin qurulmasına
yardım sahələrində yaxından əməkdaşlıq edəcəkdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti
|