Bu
günlərdə İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz
Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidovla
görüşmüşdür.
S.Seyidov qonağa rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri,
qazandığı uğurlar barəsində məlumat vermişdir.
ADU-da bir sıra dil mərkəzlərinin yaradıldığını bildirən
rektor universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar
Mərkəzinin də fəaliyyət göstərdiyini, onun İsrail və
Azərbaycan arasında əlaqələrin inkişafında,
yüksəkixtisaslı kadrların hazırlanmasında böyük rolunu
qeyd etmişdir. O, universitetdə ivrit dilinin
öyrənilməsinin, tədrisinin xüsusi əhəmiyyət daşıdığını
bildirmişdir. Rektor ADU-da ivrit dili ilə yanaşı, Yaxın
Şərq ölkələrinin də dillərinin, siyasi durumunun,
coğrafiyasının, tarixinin tədris olunduğunu
vurğulamışdır.
İsrail Prezidenti Şimon Peres və xarici işlər naziri
Avigdor Libermanın ADU-ya səfərlərini xatırladan
S.Seyidov bunun universitetin həyatında əlamətdar hadisə
olduğunu bildirmişdir. Rektor universitetdə təhsil
sahəsində münasibətlərə xüsusi əhəmiyyət verildiyini,
İsrail səfirliyinin ADU ilə sıx əməkdaşlıq etdiyini
vurğulamışdır.
R.Harpaz ADU ilə tanışlıqdan məmnunluğunu bildirmiş,
səmimi görüşə görə təşəkkür etmişdir. Diplomat
səfirliklə universitetin əməkdaşlığını yüksək
qiymətləndirmiş, tələbələr üçün təhsil proqramları
çərçivəsində əlaqələrin inkişafından danışmışdır.
Görüşdə, həmçinin tələbə-müəllim mübadiləsi,
əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
Sonra səfir universitetdəki İsrail mərkəzində
olmuşdur.
Şakir CƏFƏROV |