Noyabrın
15-də Bakı Dövlət Universitetinin (BDU)
mexanika-riyaziyyat fakültəsində hesablama riyaziyyatı
kafedrasının yaradılmasının 50 illik yubileyi qeyd
edilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə respublikanın tanınmış
alimləri, dövlət və hökumət nümayəndələri, görkəmli elm
xadimləri və ölkənin müxtəlif ali təhsil ocaqlarının
rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində
hesablama riyaziyyatı kafedrasının yarım əsrlik
fəaliyyətini və uğurlarını əks etdirən foto-stendlərlə
tanış olmuşlar.
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov bu ali təhsil müəssisəsinin və
hesablama riyaziyyatı kafedrasının yaranma tarixi və
inkişaf yolundan, uğurlarından, ölkədə elmin, təhsilin
inkişafına göstərilən dövlət qayğısından söhbət
açmışdır. Bildirilmişdir ki, kafedra riyaziyyat elminin
yeni istiqamətlərindən biri olan hesablama
riyaziyyatının respublikada inkişaf etdirilməsi, bu elm
sahəsinin nailiyyətlərinin istehsalata tətbiqi məqsədilə
yaradılmış və ötən dövrdə geniş səmərəli fəaliyyət
göstərmişdir. Ölkəmizdə müxtəlif sahələrdə çalışan və
yüksək riyazi biliyə malik mütəxəssislərin yetişməsində
hesablama riyaziyyatı kafedrasının rolu böyükdür.
A.Məhərrəmov vurğulamışdır ki, kafedraya uzun müddət
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru,
professor Yəhya Məmmədov rəhbərlik etmişdir. Professor
Y.Məmmədov 1965-ci ildə doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edərək həmin il universitetin
hesablama riyaziyyatı kafedrasının müdiri seçilmiş,
ömrünün sonunadək - 35 il bu vəzifəni uğurla icra
etmişdir.
Hazırda bu işi fizika-riyaziyyat elmləri doktoru,
professor Qalina xanım Mehdiyeva uğurla davam etdirir.
Onun rəhbərliyi ilə kafedranın əməkdaşları müxtəlif
qrant layihələrinə layiq görülmüş, beynəlxalq
konfranslarda uğurla iştirak etmiş və çoxlu mükafatlar
qazanmışlar.
Mərasimdə fizika-riyaziyyat elmləri doktoru, professor
Qalina Mehdiyevanın hesablama riyaziyyatı kafedrasının
fəaliyyətinə həsr edilmiş hesabatı dinlənilmişdir.
Bildirilmişdir ki, professor Y.Məmmədovun rəhbərliyi ilə
kafedra çox geniş və əhatəli inkişaf yolu keçmişdir. Bu
illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi
inkişaf etmiş və respublikada onun məktəbi yaranmışdır.
Hesablama riyaziyyatı kafedrasının dünyanın nüfuzlu
universitetləri ilə sıx əməkdaşlıq etdiyini vurğulayan
Qalina xanım Mehdiyeva bildirmişdir ki, son zamanlar
maddi-texniki bazası möhkəmləndirilən kafedra 100
kompüter, 5 elektron lövhə və s. müasir avadanlıqla
təchiz olunmuşdur. Hazırda 6 auditoriyada hesablama
laboratoriyası fəaliyyət göstərir. Tələbələr kafedranın
elektron kitabxanası vasitəsilə dünyanın nüfuzlu
universitetlərinin tədris proqramlarına uyğun dərs
vəsaitləri ilə tanış ola bilirlər.
Professor Qalina xanım Mehdiyeva demişdir ki, kafedranın
əməkdaşları elmi araşdırmalarla yanaşı, təhsil
prosesinin inkişafında da mühüm uğurlar əldə etmişlər.
Dünyanın müxtəlif aparıcı universitetlərinin təhsil
proqramları öyrənilərək tədris prosesində tətbiq
olunmuş, həmin universitetlərdə istifadə olunan 17 dərs
vəsaiti, mühazirə mətnləri gətirilərək tələbələrin
ixtiyarına verilmişdir. Kafedranın nəzdindəki
laboratoriyalarda quraşdırılmış müasir kompüterlər
tədris prosesinin səmərəliliyini artırmağa, tələbələrin
İnternet şəbəkəsi vasitəsilə lazımi informasiyanı
almalarına imkan verir. Əməkdaşlarımız təkcə 2011-2012
tədris ilində elmi işlərin nəticələrinə görə 9
sertifikatla və Böyük Britaniyanın Beynəlxalq Elmlər və
Ali Təhsil Akademiyası tərəfindən "Elmin inkişafı"
diplomu ilə təltif olunmuşlar. Hazırda kafedrada 2
elmlər doktoru və riyaziyyat üzrə fəlsəfə doktorları
çalışırlar.
Hesablama riyaziyyatı kafedrası 2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
tərəfindən keçirilmiş müsabiqədə qalib gələrək
uzunmüddətli qrant mükafatına layiq görülmüşdür.
Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov
Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən
dövlət qayğısından və tədbirin əhəmiyyətindən söz
açmışlar. Bildirilmişdir ki, Azərbaycanda bütün
sahələrdə olduğu kimi, informasiya texnologiyalarının
inkişafında da çox mühüm addımlar atılmaqdadır. Bütün
texniki, iqtisadi və s. sahələrin inkişafının əsasını
riyaziyyat elmi təşkil edir. Elm, təhsil və informasiya
texnologiyaları və digər sahələrdə kafedranın gördüyü
işlər gələcəkdə də öz səmərəsini verəcəkdir. Azərbaycan
elminin inkişafında böyük xidmətləri olan görkəmli
alimlər hazırlamış hesablama riyaziyyatı kafedrası
ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək
səviyyəli mütəxəssislərin yetişməsində mühüm rol
oynayır. Hazırda kafedrada yüksək səviyyəli riyazi
biliyə malik gənclər yetişir. Kafedranın əməkdaşları bu
sahədə müxtəlif uğurlar qazanmışlar. Qeyd olunmuşdur ki,
kafedrada təməli görkəmli alim Y.Məmmədov tərəfindən
qoyulan uğurlu inkişaf yolu professor Qalina xanım
Mehdiyevanın rəhbərliyi ilə müvəffəqiyyətlə davam
etdirilir.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının humanitar məsələlər şöbəsinin müdiri İsmayıl
Sadıqov, AMEA Kibernetika İnstitutunun direktoru,
akademik Telman Əliyev, Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, akademik Akif Hacıyev, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektoru, professor Yusif Məmmədov, Bakı Slavyan
Universitetinin rektoru, professor Kamal Abdullayev,
Azərbaycan Texniki Universitetinin rektoru, professor
Havar Məmmədov, Azərbaycan Tibb Universitetinin kafedra
müdiri Rəna Əliyeva çıxış edərək yubiley münasibətilə
müəllim-tələbə heyətini təbrik etmiş, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirdə mexanika-riyaziyyat fakültəsinin hesablama
riyaziyyatı kafedrasının 50 illik fəaliyyətinə həsr
olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonda Azərbaycanın, eləcə də dünyanın müxtəlif ali
təhsil müəssisələrinin əməkdaşlarının canlı bağlantı
vasitəsilə təbrikləri çatdırılmışdır.
AzərTAc |