Noyabrın
17-də Təhsil Nazirliyində növbəti genişləndirilmiş
kollegiya iclası keçirildi. İclasda "2012-2013-cü tədris
ilində respublikanın ümumtəhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri",
"2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək
müəllimlər üçün keçirilmiş təlim kurslarının
nəticələri", "Məktəbdaxili qiymətləndirmə, problemlər və
vəzifələr", "Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi
vəziyyətinin monitorinqi" mövzularında məsələlər
müzakirə olundu
Kollegiya üzvlərinin, ali məktəb rektorlarının, rayon
təhsil şöbələri müdirlərinin, məktəb direktorlarının
iştirak etdikləri iclası təhsil naziri, Kollegiyanın
sədri Misir Mərdanov açaraq zala toplaşanları salamladı,
müzakirə olunacaq məsələlər və kollegiyanın iş qaydası
haqqında onlara məlumat verdi. Giriş sözündə Təhsil
Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil
qanunvericiliyi haqqında 2 cildlik sənədlər toplusunu və
dünyanın ən nüfuzlu universitetləri haqqında kitabı
kollegiya iştirakçılarına təqdim edən təhsil naziri hər
iki vəsaitin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Sonra
kollegiyanın gündəliyində yer almış məsələlərin
müzakirəsinə başlandı. Öncə "2012-2013-cü tədris
ilində respublikanın ümumtəhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri"
müzakirə olundu. Həmin məsələ ilə bağlı geniş
məruzə-təqdimatla çıxış edən təhsil naziri Misir
Mərdanov diqqəti 2010-2011-ci tədris ilindən tətbiq
olunmağa başlanmış müəllimlərin işə qəbulu üzrə yeni
qaydaları zəruri edən səbəblərə cəlb etdi. Bildirdi ki,
bu işə başlayana qədər Azərbaycanda ümumtəhsil
məktəblərində müəllimlərin sayı təxminən 170 min nəfər
idi. Müəllimlərin işə qəbulunda əsassız müdaxilələr,
saxta diplomlarla işə qəbul olunanlar mövcud idi. Ciddi
ehtiyac olmadığı halda yerli təhsili idarəetmə orqanları
və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə
qəbul edilir, bəzi hallarda bir stavkadan az dərs yükünə
müəllimlər işə götürülürdü. Müəllim-şagird nisbəti
ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdir.
Bu prosesə başlamazdan əvvəl xeyli hazırlıq işləri
görüldüyünü qeyd edən nazir Təhsil Nazirliyi ilə ULTRA
şirkəti arasında müqavilə imzalandığını, həmin
müqaviləyə əsasən müəllimlərin işə qəbulunun proqram
təminatının işlənib hazırlandığını və artıq iki ildir
ki, tətbiq edildiyini bildirdi. Qeyd etdi ki, həmin
proqram təminatının köməyi ilə ərizələrin qəbulu və
müsabiqə elektron vasitələrin tətbiqi ilə həyata
keçirilir, bu zaman şəffaflıq və obyektivlik təmin
edilir, imtahanın sonunda hər bir müəllim öz
nəticələrini bilir, qiymətləndirmə insan amili olmadan
həyata keçirilir, vakant yerlərə yerləşdirmə proqram
təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri
barədə məlumat dərhal hər bir müəllimin şəxsi elektron
səhifəsinə göndərilir.
Nazir habelə müəllimlərin işə qəbulu ilə bağlı görülmüş
təşkilati işləri nəzərə çatdıraraq müxtəlif sənədlərin
hazırlanıb təsdiq edildiyini, apelyasiya komissiyasının
yaradıldığını, hər il yerlərdən vakant yerlər barədə
məlumatlar toplanaraq təhlil edildiyini, KİV-də elanlar
verildiyini bildirdi.
Sonra kollegiya iştirakçılarının diqqəti 2012-2013-cü
dərs ili üzrə ümumtəhsil müəssisələrində vakant yerlərin
sayı və fənlər üzrə bölgüsünü əks etdirən slaydlara cəlb
edildi. Qeyd olundu ki, bu il ölkə üzrə ümumtəhsil
müəssisələrində 3270 vakant yer olmuşdur ki, onlardan da
277-si Bakı şəhərinin ümumtəhsil məktəblərinə aiddir.
Bakı şəhərində fiziki tərbiyə və ingilis dili
müəllimlərinə daha çox ehtiyac olduğunu diqqətə çəkən
nazir, fənlər üzrə vakant yerləri göstərən cədvəlin
pedaqoji ali məktəblərə gələcək işlərini
müəyyənləşdirmək üçün vacib olan zəruri informasiya
verdiyini söylədi. Vakant yerlərdən 2945-nin
respublikanın digər rayon və şəhərlərinin ümumtəhsil
məktəblərində olduğunu deyən nazir müvafiq cədvələ
əsaslanaraq bölgələrdə coğrafiya müəlliminə daha çox
ehtiyac duyulduğunu, kimya və biologiya müəllimlərinə də
ehtiyacın digərlərinə nisbətdə çox olduğunu diqqətə
çatdırdı.
Lakin bunlarla yanaşı nazir bəzən yerlərdən alınan
məlumatların düzgün olmadığını, məktəb direktoru və RTŞ
müdirləri tərəfindən vakant yerlərin gizlədilməsi
hallarına yol verildiyini təəssüf hissi ilə bildirdi və
belə hallar baş verdiyi təqdirdə kollegiyanın qərarında
müvafiq cəza tədbirləri görülməsinin nəzərdə tutulmasını
zəruri saydı.
Nazir peşə liseyləri üzrə müəyyənləşdirilmiş vakant
yerlərin sayı haqqında da məlumat verərək bu təhsil
müəssisələrində bütövlükdə 48 vakant yerin olduğunu
dedi. Diqqətə çatdırdı ki, Təhsil Nazirliyinin İnternet
saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət
sahəsi yaradılmış və orada qəbulu tənzimləyən müvafiq
linklər yerləşdirilmişdir. Müəllimlərin işə qəbulu
Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində
aparılmış, burada imtahanların keçirilməsi üçün müvafiq
şərait yaradılmış, o cümlədən 3 imtahan otağında 70
kompüter yerləşdirilmişdir.
İyunun 29-da "Azərbaycan müəllimi" qəzetində vakant
yerlər barədə elan verilmiş, iyulun 1-dən isə müsabiqədə
iştirak etmək üçün elektron ərizələrin qəbuluna
başlanmışdır. İyulun 15-də ərizə qəbulu dayandırılmış,
sonrakı 5 gün ərzində isə ərizələr araşdırılaraq
təsdiqlənmişdir.
Ümumilikdə 3270 vakant yerə işə qəbul üçün 16195 nəfərin
ərizə verdiyini kollegiya iştirakçılarının diqqətinə
çatdıran nazir bütövlükdə vakant yerlər, o cümlədən bəzi
fənlər üzrə çox böyük müsabiqə vəziyyətinin yarandığını
bildirdi. Qeyd olundu ki, 728 ərizə işə qəbul üzrə
reqlamentin tələblərinə uyğun gəlmədiyi üçün ləğv
edilmişdir ki, bu da əsasən ixtisasların uyğun olmaması
ilə əlaqədar olmuşdur.
Müsabiqənin yekunları haqqında statistik faktları nəzərə
çatdıran nazir bildirdi ki, imtahanların nəticələrinə
əsasən 2710 nəfər seçdiyi yerə qəbul olunmuş, onlardan
447 nəfərin müsabiqə nəticələri ləğv edilmiş,
müsabiqənin yekununda isə işə qəbul olunanların sayı
2263 nəfər olmuşdur. Nazir müsabiqə nəticələrinin ləğv
olunma səbəblərini də açıqlayaraq bildirdi ki, 418 nəfər
qəbul olunduğu yerdən imtina etdiyi, 29 nəfər
sənədlərində uyğunsuzluq olduğuna görə müsabiqə
nəticələri ləğv olunmuşdur. Qəbul olunduğu yerdən imtina
edənlərə gəldikdə nazir onlardan bəzilərinin bu addımı
seçim edərkən məktəbin harada yerləşdiyini bilməməsi,
bəzilərinin ailə vəziyyəti ilə bağlı, bir çoxlarının isə
məktəbin yaşadıqları yerdən çox uzaqda yerləşməsi,
imtahanda özünü sınamaq istəməsi səbəbindən atdığını
bildirdi.
Daha sonra işə qəbulun nəticələrini əks etdirən cədvəl
kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd
olundu ki, reqlamentə uyğun olaraq imtina olunan,
ümumiyyətlə seçilməyən və müsabiqənin gedişi müddətində
yaranan vakant yerlərə işə qəbul üçün əlavə yerləşdirmə
aparılmış, nəticədə daha 534 nəfər işə qəbul olunmuş,
beləliklə, müsabiqənin yekununa görə ümumilikdə işə
qəbul edilənlərin sayı 2797 nəfər olmuşdur.
Məruzə-təqdimatında təhsil naziri gənc mütəxəssislər
üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərinə də
toxunaraq bildirdi ki, artıq bir neçə ildir hökumətin
müvafiq qərarı ilə daha çox müəllimə ehtiyacı olan ucqar
yerlərə müəllimlər göndərilir. Bu məqsədlə hər il mövcud
vakansiyalar təhlil olunur, həvəsləndirmə tədbirləri
tətbiq olunan limit yerləri müəyyənləşdirilir və Maliyyə
Nazirliyinə təqdim edilir.
Bu il də vakant yerlərdən 411-i H-1, yəni rayon
mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə,
389-u isə H-2, yəni rayon mərkəzindən 20 km-dən artıq
məsafədə yerləşən məktəblərdə olmaqla cəmi 800 yerə
həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur.
Nazir gənc mütəxəssislərə edilən güzəştləri də diqqətə
çatdıraraq dövlət sifarişinə əsasən iş yerlərində əmək
fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti
ümumi təhsil müəssisələrində davam etdirən gənc
mütəxəssislərə kommunal xidmətləri ödəmək üçün 40 manat
məbləğində kompensasiyanın, rayon mərkəzindən 20 km-dən
artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək
fəaliyyətinə başlayanlara isə aylıq əməkhaqqına ayda 70
manat əlavənin, yol xərcinin, əmlakın daşınması üçün
nəqliyyat xərcinin və ilkin yaşayış şəraitinin
yaradılması üçün əməkhaqqının 2 misli həcmində
birdəfəlik yardımın ödənildiyini, yerli icra hakimiyyəti
orqanları tərəfindən bələdiyyələrə birlikdə onların
yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi
məskunlaşmaq üçün torpaq sahəsinin ayrılmasına və
ipoteka kreditlərinin verilməsinə köməklik
göstərilməsinin nəzərdə tutulduğunu söylədi. Rayonlar və
ixtisaslar üzrə vakant yerlərdən H-1 və H-2 bölgüsünü
əks etdirən cədvəllər nümayiş olundu. Nazir
müəyyənləşdirilmiş həmin o 800 nəfərin də imtahan
verənlərin içərisindən seçildiyini bildirdi.
Təhsil naziri işə qəbulun nəticələri barədə məlumatını
davam etdirərək diqqətə çatdırdı ki, imtahanların
nəticələri elan olunduqdan sonra işə qəbul olunanların
siyahısı Təhsil Nazirliyinin İnternet saytında
yerləşdirilir. Siyahılar müsabiqə komissiyası tərəfindən
təsdiq edildikdən sonra Təhsil Nazirliyinin
müşayiətedici məktubu ilə yerli təhsili idarəetmə
orqanlarına və müvafiq peşə liseylərinə göndərilir.
Nazir müsabiqədə iqtirak üçün ibtidai sinif və ingilis
dili müəllimlərinin daha çox ərizə verdiyini qeyd edib
onların sayını, təhsil səviyyəsini əks etdirən cədvəli
nümayiş etdirdi.
Daha sonra bitirdiyi təhsil müəssisəsi, təhsil
səviyyələri, o cümlədən yenidənhazırlanma təhsili üzrə
müsabiqə iştirakçılarının nəticələrini əks etdirən
cədvəllər nümayiş olundu. Müvafiq paralellər və
təhlillər aparıldı, diqqət bəzi göstəricilərə cəlb
olundu. Nazir müxtəlif ali məktəbləri bitirən
müəllimlərin işəqəbulolma faizlərini müqayisə edərək bu
göstəricilərin ali məktəblərin fəaliyyətinə qiymət
vermək baxımından maraq doğurduğunu söylədi. Qeyd edildi
ki, elan olunmuş 3270 vakant yerdən 326-sı imtahanda
iştirak edən 14285 müəllimin heç biri tərəfindən
seçilməmişdir. 279 vakant yer isə həm imtahan zamanı,
həm də əlavə yerləşdirmə prosesində heç bir namizəd
tərəfindən seçilməmişdir. Nazir seçilməmiş vakant
yerlərindən 52-nin biologiya, 83-nün coğrafiya, 36-nın
fizika, 82-nin kimya və s. müəllim ixtisaslarına aid
olduğunu, ən çox İmişli, Laçın, Gədəbəy, Lerik, Quba,
Yardımlı və Ağsu rayonlarının payına düşdüyünü bildirdi.
Məlumat verildi ki, 3270 vakant yerdən 982-si bir
stavkadan az dərs saatı nəzərdə tutulan yerlər olmuşdur.
Həmin yerlərin fənlər üzrə bölgüsü diqqətə çatdırıldı.
Təqdimatında müəllimlərin işə qəbulu üzrə apelyasiya
müraciətlərinə də yer ayıran təhsil naziri reqlamentə
uyğun olaraq imtahanlar başa çatdıqdan sonra bir həftə
ərzində apelyasiyaya baxıldığını, həmin müddət ərzində
cəmi 9 apelyasiya şikayəti daxil olduğunu bildirib,
müraciət edənlərin sayının az olmasını bu işin şəffaf və
obyektiv aparılması ilə əlaqədar olduğunu söylədi.
Məruzə-təqdimatda müəllimlərin işə qəbulu prosesində
ortaya çıxan problemlərdən də söz açıldı. Qeyd edildi
ki, bəzi namizədlərin reqlamentin tələblərinə düzgün
riayət etməmələri müsabiqə prosesində bir sıra ciddi
çətinliklər yaratmışdır. İmtahan keçirilən otaqların
sayının məhdudluğu və müsabiqə iştirakçıları üçün
nəzərdə tutulmuş fərdi kompüterlərin azlığı imtahanların
müddətinin uzanmasına səbəb olmuşdur, bəzi yerlərdə işə
qəbul olunan müəllimlərlə əmək müqavilələrinin
bağlanmasında gecikdirmə hallarına yol verilmişdir.
Təhsil naziri məruzə-təqdimatının sonunda müəllimlərin
işə qəbulu mexanizminin təkmilləşdirilməsinə dair
təklifləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Bildirdi ki, işə qəbulun daha çevik və qısa vaxtda
yerinə yetirilməsini təmin etmək üçün geniş imkanlara
malik imtahan binasının olmasına ehtiyac vardır. Bu
məqsədlə Təhsil Nazirliyinin tabeliyində
təlim-tədris-imtahan Mərkəzinin yaradılması ilə bağlı
Nazirlər Kabineti qarşısında məsələ qaldırılması,
müəllimlərin işə qəbulu üzrə Qaydalara müvafiq əlavə və
dəyişikliklər edilməklə Ədliyyə Nazirliyində
qeydiyyatdan keçirilməsi üçün tədbirlər görülməsi, işə
qəbulun proqram təminatının təkmilləşdirilməsi
istiqamətində ULTRA şirkəti ilə iş aparılması,
həvəsləndirmə tədbirlərinin həcminin artırılması üçün
müvafiq təkliflər hazırlanaraq hökumətə təqdim edilməsi
nəzərdə tutulub.
***
Sonra təhsil naziri Misir Mərdanov kollegiyanın
gündəliyində duran ikinci məsələ - "2012-2013-cü
tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün
keçirilmiş təlim kurslarının nəticələri" haqqında
geniş təqdimat etdi. Nazir qeyd etdi ki, ümumi təhsil
sistemində həyata keçirilən məzmun islahatları - yeni
fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin
tətbiqi, fəal təlim metodlarından təlim prosesində
səmərəli istifadə pedaqoji kadrların ixtisasının
artırılmasını, bu məqsədlə xüsusi təlimlərin
keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar son 4
ildə respublikanın bütun ümumtəhsil məktəblərinin
ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn
kurikulumlarının tətbiqi üzrə təlim kurslarından
keçirilmişdir.
Kursların statistikası ilə iclas iştirakçılarını tanış
edən təhsil naziri qeyd etdi ki, fənn kurikulumlarının
tətbiqi üzrə təlim kurslarından keçmiş ibtidai sinif
müəllimlərinin sayı 2008-ci ildə 8 min, 2009-cu ildə 9
min nəfər təşkil etmişdir. 2010-cu ildən başlayaraq
ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və
modul-kredit sisteminə keçidlə əlaqədar təlimlər də yeni
modelə uyğun təşkil edilməyə başlanmış və həmin ildə 8
min nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat)
təlim kursundan keçirilmişdir. Təlim kurslarının
nəticələri müzakirə edilərək kursun proqramına
dəyişikliklər edilmiş və ayrılan saatlar artırılmışdır.
Bu səbəbdən 2011-ci ildə 10417 nəfər ibtidai sinif
müəllimi 10 günlük (60 saatlıq) təlim kurslarına cəlb
olunmuşdur. Ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai
sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim
kurslarından keçərək müvafiq bilik və bacarıqlara
yiyələnmiş, bununla da I-IV siniflərdə işləyən
müəllimlər üçün təlimlərin ilk mərhələsi başa
çatdırılmışdır.
Nazir bununla yanaşı, hər il ibtidai siniflərdə yeni
müəllimlərin işə başlamasını əsas göstərərək bu işin
davamlı olaraq aparılmasını vacib saydı.
Təhsil naziri sonra diqqəti 2012-2013-cu tədris ilində
V siniflərdə işləyəcək müəllimlər üçün təlim kurslarının
təşkili ilə bağlı görülmüş işlərə və kursların
nəticələrinə cəlb edərək bildirdi ki, ilk növbədə, V
siniflərdə işləyəcək fənn müəllimləri üçün təlim
kurslarının proqramı hazırlanmış, RTŞ-lərlə birlikdə V
siniflərdə dərs deyəcək müəllimlərin
müəyyənləşdirilməsi, mərkəzlərin seçilməsi, təlimçilərin
hazırlanması sahəsində təşkilati işlər həyata
keçirilmişdir. Bütün təlimlərin TSİİL çərçivəsində
maliyyələşdirildiyini vurğulayan təhsil naziri Dünya
Bankı ilə razılaşdırmaqla 2012-2013-cü tədris ilində
təlimlərin keçirilməsi ilə bağlı TSİİL çərçivəsində
Tender Komissiyasının yaradıldığını bildirdi. Qeyd etdi
ki, Tender Komissiyasının qərarına əsasən Xəzər
Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu
Universiteti, "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzi" MMC, "Mədəd-Azərbaycan" MMC, TGC "Təlim və
İnkişaf Mərkəzi" MMC, "İdrak" məktəb-liseyi ilə Təhsil
Nazirliyi arasında təlim kurslarının təşkili və
keçirilməsinə dair müqavilələr bağlanmış, təlimlərin
keçirilməsi üçün respublikanın şəhər və rayonları 5
bölgəyə bölünmüşdür.
Həmin bölgələrin adlarını sadalayan nazir daha sonra
fənlər üzrə hər bölgədə təlimləri keçirən təşkilatların
adlarını, təlimlərin və müqaviə üzrə təlimlərə cəlb
olunmuş müəllimlərin sayını əks etdirən cədvəlləri
nümayiş etdirdi. Bildirdi ki, Abşeron və Dağlıq Şirvan
bölgəsi üzrə 143 təlimçinin iştirakı ilə 11463,
Gəncə-Qazax bölgəsi üzrə 113 təlimçinin iştirakı ilə
6234, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsi üzrə 86
təlimçinin iştirakı ilə 6141, Aran və Yuxarı Qarabağ
bölgəsi üzrə 141 təlimçinin iştirakı ilə 11151, Lənkəran
bölgəsi üzrə 68 təlimçinin iştirakı ilə 4564 müəllim
olmaqla bütövlükdə ölkə üzrə 39553 müəllimin təlimlərdən
keçirilməsi planlaşdırılmış, təlimlərə ümumilikdə 551
təlimçinin cəlb olunması nəzərdə tutulmuşdur.
Təhsil Nazirliyinin 25 may 2012-ci il tarixli, 76
nömrəli əmri ilə təsdiq edilmiş və 10 gündə
reallaşdırılması nəzərdə tutulan 60 saatlıq proqramın
strukturu və məzmunu da kollegiya iştirakçılarının
diqqətinə təqdim olundu. Təqdimatında təlimlərin
hazırlanması, təlimçi bacarıqlarının qiymətləndirilməsi
ilə bağlı həyata keçirilmiş tədbirlərə toxunan təhsil
naziri 2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək
müəllimlər üçün təlim kurslarını keçirəcək təlimçilərin
hazırlanması istiqamətində ardıcıl və planlı iş
aparıldığını, bu işə dəstək göstərilməsi ilə əlaqədar
YUNİSEF-ə müraciət olunduğunu, Təhsil Nazirliyi və
YUNİSEF tərəfindən 2012-ci ilin fevral-aprel aylarında
10 fənn üzrə 551 təlimçinin hazırlandığını bildirdi.
Qeyd etdi ki, təlimçilərin peşəkarlıq səviyyələrinin
artırılması üçün işlər aparılmış, seminarlar
keçirilmişdir. Eyni zamanda Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən
hazırlanmış "Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması" adlı təlim resursu bütün
təlim keçirəcək təşkilatlara çatdırılmış, təlimlərin
yeni qiymətləndirmə qaydaları üzrə hazırlığının təmin
olunmasına dair tövsiyələr verilmişdir. Bundan əlavə,
aprel-may aylarında 587 təlimçinin təqdimatı dinlənilmiş
və qiymətləndirilmiş, qiymətləndirmənin nəticələrinə
əsasən zəif bacarıqlara malik olan təlimçilər prosesdən
kənarlaşdırılmışdır. Təlimçilərin hazırlıq
səviyyələrində olan boşluqların aradan qaldırılması üçün
müvafiq tövsiyələr verilmişdir. Hər bir təşkilat
tərəfindən təlimçilər üçün proqram mövzularının şərhi
və təlim iştirakçıları üçün nəzərdə tutulmuş
tapşırıqları əks etdirən nümunəvi icmallar, təlim
vəsaitləri hazırlanmışdır. Nazir kursları keçirən
təşkilatların hazırladıqları resurslar və vəsaitlər
haqqında da müvafiq slaydlar vasitəsi ilə iclas
iştirakçılarına geniş məlumat verdi, təlimçilərlə
keçirilən məşğələlərin ayrı-ayrı məqamlarını əks etdirən
fotogörüntülər nümayiş olundu.
Təhsil naziri diqqətə çatdırdı ki, təşkilatlar
keçirilmiş təlim kurslarının nəticələri üzrə hesabatlar
hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişlər. Təlim
iştirakçılarının qiymətləndirilməsi üzrə metodologiyadan
söz açan təhsil naziri onların 100 ballıq şkala ilə
qiymətləndirildiyini, davamiyyəti 50 faizdən az olan
müəllimlərə sertifikatların verilmədiyini söylədi.
Bölgələr üzrə təlim kurslarının nəticələrini diqqətə
çatdıran Misir Mərdanov təlimlərdə ümumilikdə 37545
müəllimin iştirak etdiyini, onlardan 18199-na I,
18831-nə II dərəcəli, 515 nəfərə isə "İştirakçı"
sertifikatlarının verildiyini bildirdi, ayrı-ayrı
ixtisaslar üzrə kursdan keçən müəllimlərin sayı
göstərildi. Qeyd olundu ki, 2008 nəfər müxtəlif
səbəblərdən təlimlərdən keçməsə də ehtiyat iştirakçılar
nəzərdə tutulduğundan bu halın prosesə mənfi təsiri
olmamışdır. Keçirilən təlim kursları barədə müntəzəm
olaraq Təhsil Nazirliyinin Kurikulum Portalında
məlumatlar verilmişdir.
Nazir təqdimatında Naxçıvan Muxtar Respublikasında
keçirilmiş təlim kursları haqqında da məlumat verərək,
burada Təhsil Problemləri İnstitutunun əməkdaşları
tərəfindən aparılmış təlim kurslarında 173 nəfər
müəllimin iştirak etdiyini və təlimçi sertifikatı
aldığını, həmin təlimçilərin V siniflərdə işləyəcək 2000
müəllimi təlimdən keçirdiyini söylədi.
Daha sonra məruzə-təqdimatında təhsil naziri təlim
kurslarının monitorinqinin nəticələrindən danışdı. Qeyd
etdi ki, iki qurum - Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsi və Valideyn-Müəllim Assosiasiyası
tərəfindən təlim kurslarının monitorinqi aparılıb. Hər
iki monitorinqin nəticələrini düşündürücü adlandıran
təhsil naziri monitorinqlər zamanı etibarlı məlumatların
toplanması üçün xüsusi sorğu formalarının
hazırlandığını, həmin formada öyrənilməsi nəzərdə
tutulan bütün məsələlərin öz əksini tapdığını bildirdi
və monitorinqlərin bəzi nəticələrini diqqətə çatdırdı.
Qeyd etdi ki, müşahidə edilən 487 təlim kursunun 147-si
çox yaxşı, 209-u yaxşı, 131-i isə kafi qiymətləndirilib.
Fəaliyyəti qeyri-kafi qiymətləndirilən təlim kursu
olmayıb ki, bu da yaxşı haldır. Dinlənilən 487
təlimçinin 94-u çox yaxşı, 154-ü yaxşı, 235-i kafi, 4
nəfəri qeyri-kafi qiymətləndirilib. Təlim kurslarının
təşkili və metodiki işin keyfiyyəti əvvəlki illərlə
müqayisədə təkmilləşib, təlimçilərin bacarıq və
səriştələri getdikcə artmaqdadır. Təlimlər cədvələ uyğun
həyata keçirilib. Təqdim olunan proqram mövzuları
proqramlara uyğun olub və öyrənənlər üçün nəzərdə
tutulan bilik və bacarıqları əhatə edib, təlim
mərkəzləri zəruri tədris vasitələri ilə təmin olunub və
s.
Bununla yanaşı, təhsil naziri monitorinqlərin bir sıra
çatışmazlıqları da aşkara çıxardığını söyləyib, diqqəti
onlara cəlb etdi. Təlim proqramlarında zəruri bilik və
bacarıqlar əhatə olunsa da təlim materiallarında əksər
hallarda yalnız bilik verməklə kifayətlənməsi, bəzi
təşkilatların apardıqları kurslarda təlim
materiallarının yalnız Azərbaycan dilində olması və rus
bölməsində dərs deyəcək müəllimlərin nəzərə alınmaması,
təlim kurslarının eyni fənn üzrə eyni bir rayonda
müxtəlif vaxtlarda keçirilməsinin həmin fənn müəllimləri
arasında narazılıq yaratması, təlimi həyata keçirən
təşkilatlarla rayon (şəhər) təhsil şöbələrinin
əməkdaşlığının bəzi yerlərdə zəif olması və s. belə
çatışmazlıqlara misal olaraq göstərildi. Eyni zamanda da
təlimləri təşkil edən təşkilatların bilavasitə
özlərindən asılı olmayan və RTŞ-lərlə əlaqələrin zəif
olmasından irəli gələn, eləcə də təşkilati
çatışmazlıqların müəyyən edildiyi qeyd olundu və onlar
diqqətə çatdırıldı.
Təhsil naziri təqdimatında monitorinq zamanı
öyrənənlərin (müəllimlərin) verdikləri təkliflər, VMA
tərəfindən aparılmış monitorinqin nəticələri və həmin
qurum tərəfindən irəli sürülən təkliflər, rayon təhsil
şöbələrinin qarşısında duran vəzifələr, eləcə də
2013-2014-cü tədris ilində keçiriləcək təlim kurslarının
təşkili ilə əlaqədar qarşıda duran vəzifələrlə iclas
iştirakçılarını tanış etdi. Bildirdi ki, 2013-2014-cü
tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə
işləyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi
üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil
ediləcək. Təlimlər 3 bölgə üzrə ibtidai sinif
müəllimləri də daxil olmaqla 14 fənn üzrə 50 min
müəllimi əhatə edəcək. Təlim kurslarını keçirəcək
təşkilatların müəyyənləşdirilməsi ilə bağlı tender
keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılıb.
Təhsil naziri 2012-2013-cu tədris ilində RTŞ əməkdaşları
və ümumtəhsil müəssisələrinin direktorları üçün fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərin keçirilməsinin
də nəzərdə tutulduğunu və bu kursların 3830 nəfər rəhbər
təhsil işçisini əhatə edəcəyini söyləyib, keçiriləcək
təlim kurslarının təşkili ilə əlaqədar qarşıda duran
vəzifələri diqqətə çatdırdı və ixtisasartırma təhsilində
modul-kredit əsaslı yeni modelə keçidin təmin olunması
istiqamətində görülmüş və görüləcək işlərdən söz açdı.
***
Kollegiya iclasında daha sonra "Məktəbdaxili
qiymətləndirmə: problemlər və vəzifələr" mövzusunda
məsələ müzakirə edildi.
Təhsil naziri Misir Mərdanov "Məktəbdaxili
qiymətləndirmə: problemlər və vəzifələr" mövzusunda
məruzə-təqdimatında 2003-cü ildə beynəlxalq
təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili
qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin
hazırlanmasına, 2008-2009-cu dərs ilində isə ibtidai
təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin
tətbiqinə başlanıldığını qeyd etdi. Nazir yeni
məktəbdaxili qiymətləndirmənin tərkib hissələri -
diaqnostik, formativ və summativ qiymətləndirmə haqqında
danışdı. Qeyd olundu ki, diaqnostik qiymətləndirmə
müəllimin təlim strategiyasının müəyyənləşdirilməsinə
xidmət edir. Formativ qiymətləndirmə təhsilalanın
fəaliyyətini, summativ qiymətləndirmə isə təhsilalanın
nailiyyətini qiymətləndirir.
Təhsil naziri ənənəvi və yeni qiymətləndirmənin
səciyyəvi cəhətlərindən söz açdı. Bildirildi ki, ənənəvi
qiymətləndirmə qiymət yazmaq formasında təzahür edir,
yalnız nailiyyət qiymətləndirilir. Şagirdə bilik və
bacarığına görə deyil, siniflə müqayisədə qiymət
verilir. Qiymətləndirmə əsasən dərsin sonunda həyata
keçirilir. Yeni qiymətləndirmədə isə qiymətləndirmə
davamlı prosesdir. Burada təhsilalanın fəaliyyəti və
nailiyyəti qiymətləndirilir. Fəaliyyəti izlənilməklə
şagird dünəninə və bu gününə görə qiymətləndirilir.
Müəllim müşahidə aparması ilə bütün dərs prosesini
müşayiət edir, nəticələr isə dərsin sonunda qeyd olunur.
Yeni qiymətləndirmənin məzmun yükü fəaliyyəti izləyən
formativ qiymətləndirmənin üzərinə düşür. Formativ
qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, şagirdin
inkişafını izləməklə onun təlim nəticələrinə nail
olmasını tənzimləyir. Formativ qiymətləndirmə summativ
qiymətləndirməyə aparan yoldur. Formativ
qiymətləndirmənin nəticələri rəqəmlərlə deyil, sözlə
ifadə olunur və nəticədə şagird qiymət almaq üçün deyil,
yaxşı nəticə göstərmək üçün çalışır.
Məruzə-təqdimatda daha sonra yeni qiymətləndirmə
sisteminin tarixinə nəzər salındı, formativ
qiymətləndirmənin nəzəri əsasları və beynəlxalq
təcrübədə icra mexanizmindən söz açıldı. Verilən
məlumatlardan aydın oldu ki, yeni qiymətləndirmə
sisteminin nəzəriyyəsi dünyada ilk dəfə XX əsrin 60-cı
illərində ABŞ-da yaradılıb. XX əsrin 70-80-ci illərində
Avropa, XXI əsrin əvvəllərindən isə MDB ölkələrində
tətbiq edilib. İlk dəfə Amerika pedaqoqu Mişel Skriven
1967-ci ildə formativ və summativ qiymətləndirmənin
aparılması texnologiyasını təklif etdi. Həmin ideyanı
Benjamin Blum 1968-ci ildə "Mustery for learning" adlı
kitabında inkişaf etdirdi və göstərdi ki,
təhsilalanların öyrənmə prosesini izləmək üçün formativ
qiymətləndirmə ən əlverişli yoldur.
Nazir qiymətləndirmə sahəsində dünya təcrübəsinin
öyrənildiyini deyərək təhsil işçilərini Rusiya və
Amerikanın təhsil müəssisələrində dərslərdə tətbiq
olunan qiymətləndirmə ilə bağlı hazırlanmış nümunələrlə
tanış etdi. Təqdim olunan birinci nümunədə Rusiyanın
ümumtəhsil məktəblərində V sinfin riyaziyyat dərsində
ənənəvi qiymətləndirmənin aparılması, ikinci nümunədə
isə həmin dərsdə formativ qiymətləndirmənin necə həyata
keçirildiyi göstərilirdi. Digər bir nümunədə isə
kollegiya iştirakçıları Amerikanın və dünyanın bir çox
ölkələrinin təhsil müəssisələrində istifadə olunan
şagird fəaliyyətinin təhlil vərəqi deyilən bir cədvəllə
tanış oldular. Təhsil naziri həmin nümunələr üzrə
müqayisəli təhlil apardı.
Təqdimatda beynəlxalq təcrübədə formativ
qiymətləndirmədə geniş istifadə olunan qiymətləndirmə
üsul və vasitələri, nəticələrin ifadə formaları da
nəzərə çatdırıldı. Bunlar müşahidə üsulu və qeydiyyat
vərəqi; tədqiqat üsulu və layihələr; tapşırıqvermə üsulu
və çalışmalar; yazı üsulu və yoxlama yazı işləri;
müsahibə üsulu və şifahi sual-cavab və s.-dir. Formativ
qiymətləndirmə nəticələrinin ifadə forması yazılı
şərhdir (şagirdin fəaliyyətinin məzmun standartlarından
çıxan qiymətləndirmə meyarları əsasında qısa şəkildə
sözlü qiymətləndirilməsi).
Nazir Misir Mərdanov çıxışında daha sonra 12 oktyabr
2012-ci il tarixində Təhsil Nazirliyində "Məktəbdaxili
qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr"
mövzusunda müşavirənin keçirildiyini söyləyərək onun
qərarına uyğun olaraq məktəbdaxili qiymətləndirmə
sahəsində görülən işləri nəzərə çatdırdı.
Məruzə-təqdimatda ümumtəhsil məktəblərinin ibtidai
təhsil səviyyəsində və ümumi orta təhsil səviyyəsinin V
siniflərində yeni qiymətləndirmənin tətbiqi vəziyyətini
öyrənmək məqsədilə 17 oktyabr- 8 noyabr 2012-ci il
tarixlərində Bakı şəhərinin, Siyəzən və Abşeron
rayonlarının (Əliquluqışlaq kənd tam orta məktəbi
istisna edilməklə) bütün, Sumqayıt şəhəri, Hacıqabul və
Şamaxı rayonlarının bəzi ümumtəhsil məktəblərində
aparılan müşahidələrin nəticələrindən danışıldı. Qeyd
edilən nəticələrdən aydın oldu ki, yeni məktəbdaxili
qiymətləndirməni məzmununa uyğun icra edən məktəblər
iyul-avqust aylarında keçirilən 10 günlük təlim kursları
ilə kifayətlənməyiblər, məktəb rəhbərliyinin
təşkilatçılığı ilə məktəbdaxili təlimlər keçiriblər və
təcrübədə qarşılaşdıqları problemləri dünya təhsil
sistemini, səriştəli təlimçilərin və digər məktəblərin
təcrübəsini öyrənməklə həll etməyə çalışıblar.
Təqdimatda müşahidələrdə dövlət sənədi olan sinif
jurnallarının təlimata uyğun yazılmasının yoxlanıldığı
və bununla bağlı mövcud vəziyyət də diqqətə çatdırıldı.
Sonra yeni qiymətləndirməni məzmununa uyğun şəkildə icra
edən Bakı şəhəri və Hacıqabul rayonu üzrə məktəblərin
adları açıqlandı. Bakı şəhərindəki müşahidələrin sonunda
yeni kurikulum tədris olunan siniflərdə dərs deyən 274
müəllimin anonim sorğusunun nəticələri -suallar
göstərilməklə verilən cavablar ətraflı təhlil edildi.
Bildirildi ki, sorğuda iştirak edənlərin 32 nəfəri (11,7
%) 30 yaşa qədər, 143-ü (52,2 %) 31-50 yaş, 88-i
(32,1%) 51-60 yaş, 11-i (4 %) 61 yaşdan yuxarı olub. 10
əsas sorğu və 53 sualdan ibarət olan sorğuda
respondentlərə bir əsas sorğunun bir neçə cavabını
seçmək imkanı verilib.
Təqdimatda yeni qiymətləndirmənin tətbiqində problem
yaradan səbəblər araşdırıldı. Nazir bir sıra
problemlərin aradan qaldırılması üçün görülməsi nəzərdə
tutulan tədbirləri kollegiya iştirakçılarının nəzərinə
çatdırdı. Qeyd etdi ki, məktəbdaxili qiymətləndirmənin
tətbiqi vəziyyətini təkmilləşdirmək üçün bölgələr üzrə
müşavirələrin keçirilməsi, yeni fənn kurikulumları
tətbiq edilən siniflərdə dərs deyən müəllimlər üçün
keçiriləcək təlim kurslarının işinin daha da
təkmilləşdirilməsinə və mühazirə materiallarının,
izahların praktikliyinə nəzarət edilməsi, rayon (şəhər)
təhsil şöbələrinin metodistlərinin, məktəb rəhbərlərinin
müvafiq ixtisasartırma və təlim kurslarına cəlb
olunması, valideynlərin maarifləndirilməsinə böyük
ehtiyac olduğunu nəzərə alaraq onların müvafiq
treninqlərdən keçirilməsi məqsədilə layihələrin
hazırlanması, məktəb rəhbərləri, metodistlər və
müəllimlər üçün keçirilən təlim kurslarının davamlı
monitorinqinin aparılması, ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin icra vəziyyətinin
mütəmadi müşahidəsi, müəllim fəaliyyətinin monitorinqi,
ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin müvafiq
qrifi olan təhsil resurslarının istifadəsinin nəzarətdə
saxlanılması, kurikulum üzrə qiymətləndirmə keçirməklə
məzmun və qiymətləndirmə standartlarının
təkmilləşdirilməsi diqqətdə saxlanılan ən mühüm
məsələlərdir.
Məktəbdaxili qiymətləndirmə sahəsində görülən işlər,
digər həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
haqqında kollegiya iştirakçılarına ətraflı məlumat
verən təhsil naziri Misir Mərdanov çıxışının sonunda
müəyyən məsələlərə aydınlıq gətirdi, öz fikir və
mülahizələrini söyləyərək bir sıra təkliflərlə çıxış
etdi.
***
Kollegiya iclasında "Ümumtəhsil məktəblərində İKT-nin
tətbiqi vəziyyətinin monitorinqi" mövzusunda məsələ
də müzakirə olundu.
Təhsil naziri Misir Mərdanov həmin məsələyə həsr olunmuş
məruzə-təqdimatında öncə 2012-ci ilin yanvar-aprel
ayları ərzində keçirilən monitorinq barədə məlumat
verdi. Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin
10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində ümumtəhsil məktəblərində mövcud
avadanlığın, lokal şəbəkənin, İnternet/İntranet
bağlantısının, eyni zamanda məktəb rəhbərlərinin,
müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə
vəziyyətini öyrənmək məqsədilə Təhsil Nazirliyi Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq
aparılan məktəblər təsadüfi seçim əsasında xüsusi sorğu
saytının köməkliyi ilə seçilmişdir (www.random.org).
Monitorinq 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130
təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492
müəllimi əhatə edib.
Sonra monitorinq aparılan rayon (şəhər) təhsil şöbələri,
həmçinin məktəblərin sayı ilə bağlı hazırlanmış
məlumatlar kollegiya iştirakçılarına təqdim olundu.
Nazir sorğuda iştirak edən paytaxt və regionların təhsil
müəssisələrinin verdikləri cavabların hər birini
ayrı-ayrılıqda geniş təhlil etdi. İclasda Bakı və
Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə
təhsil müəssisələrində İKT-dən istifadə, təhsildə
tətbiqi ilə bağlı mövcud vəziyyəti özündə əks etdirən
xüsusi cədvəllər nümayiş etdirildi. Həmin cədvəllərdə
İKT-dən tədris prosesində aktiv istifadə edən, müxtəlif
fənlər üzrə elektron tədris vəsaitindən yararlanan,
müəllimləri kompüter proqramlarından istifadə edərək
elektron resurslar yaradan, kompüter otaqlarından digər
fənlərin tədrisində də istifadə edən, informatika
müəllimləri öz ixtisasları üzrə işləyən, Təhsil
Portalından istifadə edən məktəblərin adları açıqlandı.
Göstərilən cədvəllərdə həmçinin bu sahədə nöqsan və
çatışmazlıqlara yol verən təhsil müəssisələrinin adları
da çəkildi. Nazir monitorinq nəticəsində aşkar edilmiş
nöqsanların aradan qaldırılması üçün həmin məktəblərə
bir ay vaxt verildiyini deyərək bunların aradan
qaldırılmayacağı təqdirdə ciddi tədbirlərin görüləcəyini
qeyd etdi.
Çıxışının sonunda təhsil naziri Misir Mərdanov
nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə,
rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb
direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə
və tapşırıqlar verdi.
***
Sonra məruzələr ətrafında çıxışlar oldu. Müzakirələrdə
çıxış edən Milli Məclisin Elm və Təhsil məsələləri
Komitəsinin sədri, ADİU-nun rektoru, professor Şəmsəddin
Hacıyev, Milli Məclisin deputatı, AMİ-nin rektoru,
professor Aqiyə Naxçıvanlı, Respublika Təhsil Şurasının
sədri, professor Əjdər Ağayev, Xəzər Universiteti
Direktorlar və Qəyyumlar Şurasının sədri, professor
Hamlet İsaxanlı, "İdrak" məktəb-liseyindən təlimçi Arifə
Rəsulova, əməkdar müəllim Yeganə Hüseynova,
"Mədəd-Azərbaycan" təşkilatının təlimçisi Bəhruz
Mehdiyev, Bakıdakı 6 nömrəli məktəb-liseyin direktoru
Gülşən Orucova, Bakı Avropa Liseyinin direktoru
Zülfiyyə Veysova, 220 nömrəli məktəb-liseyin direktoru
Almaz Əsgərova, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın
Əhmədov, Təranə Hacıyeva və başqaları müzakirə olunan
məsələlərin aktuallığına toxunaraq təqdimatların çox
əhatəli hazırlandığını qeyd etdilər, müzakirə olunan
məsələlərlə bağlı fikir və mülahizələrini bildirdilər,
təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV,
Samirə KƏRİMOVA |