Bu
günlərdə Bakıda növbəti beynəlxalq təhsil sərgisi
keçirildi. Hazırda dünyanın bir sıra ölkələrində gənclər
təhsillərini xaricdə davam etdirməyə can atırlar. Təhsil
almaq məqsədilə başqa ölkələrə getmək istəyənlər yetərli
məlumatları olmadığı üçün bir sıra məsələlərlə bağlı
müxtəlif problemlərlə üzləşirlər. Məhz bu səbəbdən
gənclərin təhsil almaq istədikləri ölkə, onun təhsil
sistemi, yaşayış şərtləri və s. haqqında ətraflı
məlumata malik olmaları çox önəmlidir.
Türkiyənin ən böyük şirkətlərindən olan İEFT
(İnternational Education Fairs of Turkey) ildə 2 dəfə
təhsil sərgisi təşkil edir. Hər sərgidə dünyanın
ayrı-ayrı ölkələrindən 150-yə yaxın universitet, kollec
və dil kursu iştirak edir. Onların arasında dünyanın ən
nüfuzlu, yüksək reytinqə malik universitetləri də olur.
Sərgiyə gələn şagirdlər, məzunlar və tələbələr verilən
dəqiq və ətraflı məlumatlara əsasən öz istəklərinə uyğun
ali məktəbi asanlıqla seçə bilirlər. Bakıda İEFT-in
təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq təhsil
sərgisində dünyanın 25 ölkəsinin, o cümlədən Azərbaycan,
Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Böyük Britaniya,
İsveçrə, Litva və digər dövlətlərin 70-dən çox nüfuzlu
universiteti iştirak etdi.
Sərgidə iştirak edən təhsil müəssisələri və qurumlarının
təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatlarının
nümayəndələri öz ölkələrinin təhsil sistemi, dil
kursları, universitetə hazırlıq, MBA, magistratura,
doktorantura, yay məktəbi, pulsuz təhsil almaq imkanı
yaradan proqramlar və s. məsələlərlə bağlı ətraflı
məlumat verdilər. Tədbir çərçivəsində "Şimali Kiprdə
təhsil", "ABŞ-da təhsil", "Böyük Britaniyada təhsil",
"Britaniya Şurasına İELTS və digər imtahanlar", "Litvada
təhsil" mövzularında seminarlar da keçirildi.
Hicran ƏKBƏROVA |